Samir Əsədli: “Mənim namizəd olduğum dairədə heç 1% insan da internetdən istifadə etmir.”

28-09-2010 / 14:34

Xeberler.az saytının lahiyəsi olan “Seçki və İKT” davam edir.

Namizədliyi 64 saylı Sabirabad ikinci seçki dairəsindən irəli sürülmüş Samir Əsədli Xeberler.az portalının suallarını cavablandırdı.

Samir bəy, seçki marafonunda internet və yeni medianın imkanlarından necə istifadə edəcəksiniz?

“Demokratiya” Siyasi Partiyalar blokuna daxil olan “Vətəndaş Həmrəyliyi” (VHP) və “Demokratik İslahatlar Partiyası” (DİP) internet mediasının imkanlarından geniş şəkildə istifadə edir. Yazılı mətbuat orqanları çox vaxt qısqanclıqdan bizim məlumatları çap etmirlər. Ancaq internet mətbuatı bizim bütün məlumatları geniş şəkildə yayımlayırlar. Seçki vaxtında da planlaşdırırıq ki, namizədlərin təbliğat, təşviqat kampaniyasında internetdən geniş istifadə edək.

Azərbaycanda internet son illərdə kütləviləşməyə başlasa da, hələ də elə insanlar var ki, internet haqda anlayışları yoxdur. Sizcə internetdəki təbliğatın effekti olacaqmı?

Hazırda dünyada qloballaşma gedir. İnformasiyanın tez bir zamanda çatdırılması, yeni texnologiyanın inkişafı internetin üstünlükləridir. İnternetdən hər bir şəxs istifadə etməlidir. Sadəcə olaraq bizdə rəsmi strukturlar əhalinin internetdən istifadəsi üçün lazımi işləri görmürlər. Elə rayonlar var ki, onun mərkəzində internet yüksək səviyyədə işləmir. Əhalinin internetdən səmərəli istifadəsi üçün müvafiq strukturlar iş görməlidirlər ondan sonra internetdəki təbliğat effektli olacaq.

Ümumiyyətlə, maraqlanmısız ki, sizin dairədən olan insanların neçə faizi internettin imkanlarından yararlanır?

 Mən namizəd olduğum dairədə heç 1% insan da internetdən istifadə etmir. Çox az bir qisim ola bilər ki, Sabirabadda internetdən istifadə etsin. Çünki elə bir şərait yoxdur ki, onlar internetə daxil olsun.

Sosial şəbəkələr və bloqlar. Sizcə təbliğat üçün hansı daha üstündür?

Təbii ki, sosial şəbəkələr də, bloqlar da təbliğat üçün daha önəmli rol oynaya bilər. Amma bizdə hər bir seçici internetin imkanlarından istifadə etmir. Əhali məlumatı qəzet səhifələrindən, televiziya ekranından alır. Bir qisim aktiv insan var ki, onlar sosial şəbəkələrdən və bloqlardan məlumat alırlar. Amma bunu hamıya şamil etmək olmaz.

İnternet portallara reklam verəcəksinizmi? Verəcəksizsə hansı şərtləri ödəyən saytlara üstünlük verəcəksiz?

Bu barədə bizə təkliflər daxil olur. Biz təbliğat, təşviqatın başlamasını gözləyirik. Hələlik planlaşdırırıq ki, hansı qəzetlərə, xəbər portallarına reklam verək. Kampaniya başlayanda bütün bunlar dəyərləndiriləcək.

Bəziləri düşünür ki, Azərbaycanda siyasi vəziyyət mürəkkəbləşsə facebook, youtube, tvitter kimi saytlara qadağa qoyulacaq. Sizcə belə bir hal ola bilərmi? Əgər olsa nə kimi tədbirlərə əl atacaqsınız?

Mən buna inanmıram. Azərbaycan Qərbə inteqrasiyası yolunu tutub. Hakimiyyət nümayəndələri demokratiyanın inkişafından, demokratik proseslərin sürətlənməsindən danışırlarsa, inanmıram belə bir addım atalar. Təbii ki, hər hansı bir şəxs sosial şəbəkədə dövlətçiliyin əleyhinə addım atarsa, onun səhifəsi bağlanmalıdır, onunla bağlı tədbirlər görülməlidir, amma bütün sosial şəbəkənin bağlanması inandırıcı görünmür.

Bu yaxınlarda deputatlığa namizədlərdən biri belə bir təklif irəli sürdü ki, seçkilərdən əvvəl virtual seçki keçirilsin. Onun fikrincə bu addım seçkiləri daha da şəffaf edər. Siz bu fikirlə razısınızmı? Sizcə belə bir şeyə ehtiyac varmı?

Bu çox maraqlı bir təklifdir. Sosial şəbəkədə sorğu keçirilərsə, bu nəticə verə bilər, amma namizədin seçilməsinə təsir edə bilməz. Bayaq dediyim kimi, bizdə əhalinin hamısı internetin imkanlarından istifadə etmir. Və bu virtual seçkinin namizədin qalib gəlməsinə mane olacağına inanmıram.

Sonda Xeberler.az portalının oxucularına nə demək istərdiz?

Baxıram sizin sayta, kollektivin əksəriyyəti gənclərdir. Arzu edirəm ki, Azərbaycanda ən oxunaqlı internet portallardan olsun və oxucular saytınızın imkanlarından geniş istifadə etsin. Xəbərləri, ən aktual xəbərləri sizin saytdan əldə etsinlər, sizə fəaliyyətinizdə uğurlar.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə