Anar Qasımov: “İnternetdə təbliğatın seçki üçün çox mühüm əhəmiyyəti olacağına inanıram”

04-10-2010 / 16:16

Xeberler.az saytının layihəsi olan “Seçki və İKT” davam edir. Müsahibimiz millət vəkilliyinə namizədliyini 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən irəli sürmüş, Azərbaycan Respublikası Vəkillər Kolegiyasının üzvü Anar Qasımovdur.

 Anar bəy, seçki marafonunda internet və yeni medianın imkanlarından necə istifadə edəcəksiniz?

İnternetdə təbliğatın ümumilikdə seçki üçün çox mühüm əhəmiyyəti olacağına inanıram. Xüsusən, nəzərə alsaq ki, Azərbaycanda internet istifadəçiləri əsasən gənclərdir. Ən azından seçkiyə getməyin zəruri olmasını internet vasitəsilə gənclərə aşılamaq olar. Amma ayrı-ayrı namizədlərin təbliğatı üçün internet o qədər də böyük effekt verməyəcək. Çünki, hər bir namizəd üçün burada öz seçicisini axtarmaq, onunla virtual təmas yaratmaq, hər biri ilə ayrıca yazışmaq, gələn mesajları oxumaq, dəyərləndirmək, cavab vermək xeyli vaxt tələb edir. Həm də nəzərə almaq lazımdır ki, virtual əlaqə zamanı əksər hallarda səninlə danışanın həqiqi kimliyini müəyyən etmək olmur. Bununla belə, təbliğat zamanı internetin üstünlüklərindən istifadə olunması zəruridir.

 Ümumiyyətlə, maraqlanmısız ki, sizin dairədən olan insanların neçə faizi internetin imkanlarından yararlanır?

Bu barədə hər hansı bir rəqəm söyləmək çətindi. Təəssüf ki, namizədliyimi irəli sürdüyüm dairədə internet istifadəçilərinin sayı çox deyil. Bildiyiniz kimi, Zəngilan və Qubadlı rayonunun sakinləri məcburi köçkün həyatı yaşayırlar. Bu rayonlardan olan insanların əksəriyyətinin evində kompüter yoxdur. Bu da maddi imkanla bağlı olan məsələdir. İmza toplama zamanı seçicilərimizin internetə çıxış imkanlarını da araşdırdıq, əksəriyyətinin daimi çıxış imkanları yoxdur, əsasən, məhdud çıxış imkanları var,  işdə, internet klubda və s.
Hələlik sayları az olsa da, seçki prosesinə qatıldıqdan sonra internet istifadəçisi olan seçicilərim özləri məni tapırlar, fikirlərini bildirir, səs verəcəklərini deyir, köməkliklərini təklif edirlər. Onlardan bəziləri könüllü olaraq imza toplama kampaniyama da yardım etdilər.

Sosial şəbəkələr və bloqlar. Sizcə təbliğat üçün hansı daha üstündür?

Sosial şəbəkələrə daha çox üstünlük verirəm. Bloglar da az əhəmiyyətli deyil. Facebook-un imkanlarını xüsusi qiymətləndirmək lazımdır.

Seçicilərlə görüşlərinizi bloqunuzda və ya youtube-də yayımlayamaq fikiriniz varmı?

Seçki təbliğatı zamanı internetin bütün imkanlarından maksimum yaralanmağı planlaşdırıram. Görüşlərimlə bağlı video roliklərin yayımlanması da istisna deyil.

İnternet portallara reklam verəcəksinizmi? Verəcəksizsə hansı şərtləri ödəyən saytlara üstünlük verəcəksiz?

İnternet portallarda reklam verməyi düşünmürəm. Pul vəsaitini qeyri-virtual vasitələrə sərf etməyi planlaşdırmışıq, internetin əsasən ödənişsiz imkanlarından yararlanmağa üstünlük verəcəyik.

Bəziləri düşünür ki, Azərbaycanda siyasi vəziyyət mürəkkəbləşsə, facebook, youtube, tvitter kimi saytlara qadağa qoyulacaq. Sizcə belə bir hal ola bilərmi? Əgər olsa nə kimi tədbirlərə əl atacaqsınız?

Belə halın olacağına hələ ki, tam inanmıram, lakin bu istisna deyil. seçki prosesində qarşılaşdığım bütün qanun pozuntularını və maneələri aradan qaldırmaq üçün məhkəməyə müraciət edəcəm. Düşünürəm ki, Flora Kərimovanın, habelə, Namət Əliyevin işi üzrə Avropa Məhkəməsi tərəfindən verilmiş qərarlardan sonra daxili məhkəmələr seçki şikayətlərinə daha ehtiyatla yanaşacaq, açıq-aşkar qanunsuz qərarlar verməyəcəklər.

Bu yaxınlarda deputatlığa namizədlərdən biri belə bir təklif irəli sürdü ki, seçkilərdən əvvəl virtual seçki keçirilsin. Onun fikrincə bu addım seçkiləri daha da şəffaf edər. Siz bu fikirlə razısınızmı? Sizcə belə bir şeyə ehtiyac varmı?

Düşünürəm ki, seçkiyə az müddət qaldığı üçün virtual seçkinin keçirilməsi mümkün olmayacaq. Çünki virtual seçkiyə real seçkinin özü qədər hazırlıq lazımdır. Amma bu çox maraqlı təklifdir. Gələcəkdə prezident seçkiləri zamanı bundan istifadə oluna bilər. Ona qədər internet istifadəçilərinin sayı da artar.

Xeberler.az-ın yeni lahiyəsi olan “Seçki və İKT” haqqında nə deyə bilərsiniz?

Doğrusu bu layihə barədə xəbərsiz idim. Saytınızda ətraflı tanış oldum. Çox gözəl layihədir. Sizə işlərinizdə uğurlar arzulayıram.

Sonda nə demək istərdiz?

Bu hələ son deyil...


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə