Azər Həsrət: “İnternetin imkanlarından tam gücüylə istifadə etməyə çalışıram”

27-09-2010 / 15:15

Xeberler.az saytının lahiyəsi olan \\\\\\\"Seçki və İKT\\\\\\\"nin növbəti qonağı namizədliyini 34 saylı Xətai II seçki dairəsindən irəli sürmüş müstəqil jurnalist, Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrətdir.

Azər bəy, seçki marafonunda internet və yeni medianın imkanlarından necə istifadə edəcəksiniz?

Deyərdim ki, sualınız bir xeyli gecikib. Çünki mən artıq aprel ayından başlayaraq internet və yeni medianın imkanlarından məhz seçki üçün gen-bol istifadə edirəm. On bir ildir ki, şəxsi İnternet saytım var. Özü də ki, mənim saytım (www.azerhasret.com) Azərbaycanda qurulan ilk şəxsi İnternet resurslarından biridir. Bundan başqa nəzarətimdə olan www.yalquzaq.com saytından xəbər yaymaq üçün istifadə edirəm. Bunlardan əlavə əlaqə üçün [email protected] e-poçt, Azer Hasret Facebook, Azer Hasret Skype, [email protected] MSN, azerhasret Twitter, hasret2013 Yahoo!, hasret2013 Gmail ünvanları, groups.google.com/group/yalquzaq xəbər qrupu, www.dailymotion.com/AzerHasret video paylaşım hesabı quraraq gündəlik əsaslarla geniş ictimaiyyətə yönəlik bilgiləndirmə işi aparıram. Yəni bir sözlə, bugünkü texnologiyalardan ən yüksək səviyyədə istifadə etməyə çalışıram.

Azərbaycanda internet son illərdə kütləviləşməyə başlasa da hələ də elə insanlar var ki, internet haqda anlayışları yoxdur. Sizcə, internetdəki təbliğatın effekti olacaqmı?

Düzdür, mən internetin imkanlarından gen-bol istifadə etsəm də ümidimi heç də ona bağlamıram. Sizin dediyiniz kimi, internet kütləviləşirsə də builki seçkidə yalnız onun gücünə bel bağlamaq özünü aldatmaq olardı. Bununla belə apardığımız işlərin də verimli olduğunu deyə bilərəm. Ən azından mənim çalışmalarım haqqında ölkədə və ondan kənarda istənilən insan xəbər tuta bilirsə, bu, elə ümumi işin xeyrinədir. Yeri gəlmişkən onu da deyim ki, 2013-cü ilin prezident seçkisində İnternet öz sözünü ciddi şəkildə deyə biləcək. Yəni duruma təsir edə biləcək şəkildə.

Sosial şəbəkələr və bloqlar. Sizcə təbliğat üçün hansı daha üstündür?

Mənə elə gəlir ki, sosial şəbəkələr daha üstündür. Çünki təcrübədən bunun belə olduğunu bilirəm. Şəxsi İnternet resursumda yazdıqlarımı gündə yüz adam oxuyursa sosial şəbəkələrdə daha geniş auditoriya əldə edə bilirəm. Özü də mənim yaydığım xəbərlərin sonradan başqa dostlarımız tərəfindən də yayımlanması sosial şəbəkələrdə daha çoxdur, nəinki bloq və ya şəxsi İnternet saytımda. Ona görə də mən sosial şəbəkələrə üstünlük verərdim. Ancaq bu o demək deyil ki, bloqlardan imtina edilməlidir. Sadəcə çox populyar bloqu olan insanlar daha uduşlu ola bilərlər.

Bəziləri düşünür ki, Azərbaycanda siyasi vəziyyət mürəkkəbləşsə Facebook, YouTube, Twitter kimi saytlara qadağa qoyulacaq. Sizcə belə bir hal ola bilərmi? Əgər olsa nə kimi tədbirlərə əl atacaqsınız?

Mən adətən olumlu yöndə düşünən birisiyəm. Ona görə də siyasi vəziyyətə görə adını çəkdiyiniz resursların əngəllənəcəyini düşünmürəm. Yəni Azərbaycan İran deyil ki, dünyanın gəlişməkdə olan irəli texnologiyalarından imtina etsin. Həm də Azərbaycan hakimiyyətinin belə addım atacağı heç ağlıma gəlmir. Ümumiyyətlə, bizim ölkəmizdə bəzi istisnaları çıxmaq şərtilə İnternet resurslarından istifadəyə heç vaxt qadağalar tətbiq edilməyib.

Xeberler.az-ın yeni lahiyəsi haqqında nə deyə bilərsiniz?

Bu təşəbbüsünüz yeni medianın nələrə qadir olduğunu təbliğ etmək baxımından çox gərəkli və verimlidir. Yəni artıq divarlara kağız yapışdıraraq özünü təbliğ etmə üsullarının arxada qalmaq üzrə olduğunu hər kəsin anlaması lazımdır. Bu baxımdan insanları maarifləndirmək yerinə düşür və sizin də layihəniz elə həmin məsələnin həllinə köklənib. Ancaq sizə bir şey də deyim ki, mənim kimi yeni media və İKT-nin imkanlarından tam gücüylə istifadə etməyi bacaran namizədlərin sayı iki əlin barmaqları qədərdir bəlkə də. Ona görə də bu mövzuda deputatlığa namizədlərlə söhbətləriniz elə də zəngin olan deyil. Bununla belə yenə də düşünürəm ki, təşəbbüsünüzün gələcəyi var.

Bu söhbətə özünüz nəsə bir şey əlavə etmək istərdinizmi?

Əlbəttə! Həm də çox vacib bir məsələyə toxunmaq istərdim. Bugünlərdə bəzi onlayn media quruluşları deputatlığa namizədlərin reklamı üçün qiymətlərini açıqladılar. Təəccübdən gözüm kəlləmə çıxdı! Qiymətlər sadəcə olaraq fantastikadır! Yəni hansısa bir namizədin dairəsində cəmi 20-30 daimi ziyarətçisi olan İnternet resursunun sahibi mənim kimi namizədə təklif edir ki, onun resursunda özümü reklam etmək üçün min (!) manat pul verim! Bu isə ondan xəbər verir ki, bu resursların sahiblərinin İnternet texnologiyalarından heç xəbəri belə yoxdur. İstərdim ki, İnternet resurslarında reklam məsələsilə bağlı onların sahibləri öncə mütəxəssislərlə məsləhətləşsinlər.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə