“VİKİPEDİYA”nın RUS BÖLMƏSİNDƏ ERMƏNİ BARMAĞI

24-01-2011 / 03:23

2001-ci ildə Cimmi Uels və Larri Sanger “Vikipediya”nı işə salanda təsəvvür edə bilməzdilər ki, layihələri bəşəriyyətin malik olduğu bütün biliklərin toplandığı bir mənbəyə çevriləcək. “Vikipediya” hazırda dünyanın ən çox ziyarətçisi olan saytlarından biridir.

“Vikipediya”nın 270-dən artıq dil bölməsi mövcuddur. Amma xüsusilə “Vikipediya”nın rus bölməsindən, daha doğrusu, bu bölmənin Azərbaycan və azərbaycanlılara dair məqalələrinə toxunmaq istərdim. Həmin bölmədə ölkəmiz və xalqımızın ayrı-ayrı nümayəndələri, eləcə də mədəniyyətimiz və tariximiz barədə yazılmış məqalələrdən maraqlı məlumatlar əldə etmək mümkündür. Könüllü redaktorların yazdığı bu məqalələr özündə Azərbaycan haqda ən qədim dövrlərdən tutmuş bu günə kimi bir çox məlumatı cəmləşdirir.

Qıraqdan baxanda “Vikipediya”nın, xüsusən rus bölməsinin hamı üçün faydalı və maraqlı bir informasiya mənbəyi olduğu təsəvvürü yaranır, amma heç də belə deyil. Çünki bu tip layihələri öz məqsədləri üçün istifadə etməyə çalışanlar kifayət qədərdir və “Vikipediya”da da belələri var. Xüsusən də bizim erməni qonşularımız.

Erməni təbliğatçıları “Vikipediya”nın imkanlarını çox tez qiymətləndirib Azərbaycan və Ermənistana dair məqalələri təbliğat məhsulu ilə təchiz etməyə başlayıblar. “Vikipediya”nın səhifələrində həqiqət kimi təqdim edilən erməni yalanlarına və uydurmalarına tez-tez rast gəlmək mümkündür. Ortalığa bunun necə mümkün olduğu, uydurma erməni təbliğatının bu sayta necə yol tapdığı barədə sual çıxır. Cavab isə çox sadədir – pul.

“Vikipediya”da erməni təbliğatının məhsullarını yerləşdirməklə milliyətcə erməni olmayan, muzdla çalışan iki “könüllü” redaktor var – Şextman Pavel İosifoviç və Qomoz Vadim Voldemaroviç. Öz sponsorlarının göstərişi ilə işləyən bu adamlara “Vikipediya”nın rus bölməsinin Viktoriya Doronina, Aleksandr Nelyubov və hazırda bu saytda fəaliyyətini dayandırmış Yevgeni Genkin kimi administratorları yaxından köməklik edir.

Erməni təbliğatçıları faktları təhrif edir, yanlış mənbələrə istinadən yalan məlumatlar, böhtan xarakterli “faktlar” yaymaqla məşğul olur. Bəzən administratorlar arasında olan tərəfdarları onların dadına çata bilmir. Bu zaman onlar başqa yollara da əl atırlar. Məsələn, 2010-cu ilin mayında bu adamların sifarişi və iştrakı ilə “Vikipediya”nın bir qrup azərbaycanlı redaktorunun şəxsi email ünvanı qırılıb və onların şəxsi yazışmaları erməni saytlarında yerləşdirilmişdi. Göründüyü kimi, burada çalışan erməni muzdluları hər vəchlə sponsorlarının onlara göstərdiyi etibarı və sərf etdiyi maliyyəni doğrultmağa çalışır.

Azərbaycan tərəfində isə vəziyyət tamamilə fərqlidir. Bizdə pulla çalışan redaktorlar yoxdur. Əslində kimisə pulla “Vikipediya”da işləməyə cəlb etmək “Vikipediya”nın qaydalarına ziddir. Amma lakin rus bölməsinin administratorları buna göz yumur.

Bugünlərdə “Vikipediya”nın rus bölməsinin seçilmiş məqalələri sırasına ermənipərəst administrator Viktoriya Doroninanın köməyi ilə dahi Azərbaycan şairi Nizami Gəncəvi barədə cəfəng məlumatlarla dolu sifarişli məqalə («Кампания по приданию Низами статуса национального азербайджанского поэта») daxil edilib. Müəllifləri iki erməni muzdlusu olan bu məqalə ilə əlaqədar azərbaycanlı redaktorlar orada yazılanların yalan olduğunu sübut edən bütün lazımi faktları təqdim etsələr də, buna məhəl qoyulmayıb. Bu fakt da bir daha onu sübut edir ki, “Vikipediya”nın rus bölməsi də erməni təbliğatçılarının təbliğat maşınlarına əlavə edilib.

Erməni muzdluları “Vikipediya”nın başlıca prinsiplərindən olan aşkarlıq, qərəzsizlik və neytrallıq prinsiplərini kobud şəkildə pozmaqla yanaşı, ensiklopediyanın rus bölməsinə olan etibarın azalmasına da səbəb olublar. Heç şübhəm yoxdur ki, “Vikipediya”dakı “erməni təcrübəsini” digər düşərgələrin nümayəndələri də öyrənəcək və tətbiq etməyə çalışacaq. Bu isə “Vikipediya”nın neytral və azad bir resurs kimi sonu olacaq./// mediaforum


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə