Xəbər verdiyimiz kimi, Milli Məclisin üzvü Nazim Məmmədov əslən Şəki rayonundan olan və itən uşağı ailəsinə qovuşdurub. Maraqlıdır ki, xeyirxah iş tutan deputat uşaqla bağlı elan verməkdən ötrü televiziyalara müraciət etsə də, rədd cavabı alıb.
APA-ya açıqlamasında o «hansı televiziyaya müraciət etdimsə, uşaq haqqında elan verməkdən imtina etdilər», - deyə bildirib. Eyni zamanda, Nizami rayon 24-cü polis bölməsinin məsələyə laqeyd yanaşmasından gileylənib.
Göründüyü kimi, baş verən hadisə ölkə televiziyalarında və polisində insan taleyinə biganəliyin nümunəsidir. Nədir bu biganəliyə səbəb? Ən müxtəlif reklamlarla gözümüzü yoran, efirinin tən yarısını bu reklamlara həsr edən televiziyalar nədən saniyələrlə ölçüləsi bir elanı efirə verməkdən imtina ediblər?
Qəzetimizə açıqlama verən millət vəkilinin özü də bu vəziyyətdən pəjmürdə olduğunu bildirdi: «Polisdə kifayət qədər vicdanlı insanlar var. Mənim məqsədim kimsə haqqında şübhə yaratmaq deyil. Ayrıca, araşdırmam zamanı məlum oldu ki, polisin bu işdə göstərdiyi münasibət texniki problem olub».
Telekanallarla bağlı məqama gəlincə, N.Məmmədovun sözlərinə görə, X.Əkrəmovun valideynləri övladlarının itməsilə bağlı bir neçə televiziyaya müraciət etsə də, onlara rədd cavabı verilib: «Mən özüm də ölkə ərazisinə yayımlanan iki böyük telekanala şəxsən müraciət etdim, lakin onların adını çəkməyi məqsədəuyğun saymıram. Hər ikisi həftəsonu, iş gününün axırı olduğunu bəhanə gətirib imtina etdi elanı verməkdən. Bunu etinasızlıq kimi qiymətləndirirəm.
Bu, elə bir hadisədir ki, dərhal elan verilməli, məlumat səsləndirilməli idi ki, uşağın valideynləri tapılsın. İctimaiyyətin diqqətini ona cəlb etmək istəyirəm ki, televiziyalar bu və digər şəxsin maşınını reklam etməklə, müxtəlif reklamları tez-tez efirə verməklə məşğul olursa, bu tip məlumatları da mütləq verməlidir. Uşaq itkisindən ağır nə ola bilər ki? Buna laqeyd münasibət bəslənilməsindən çox narahat oldum. Hesab edirəm ki, bu, cəmiyyətin problemidir, bu istiqamətdə maarifləndirmə aparılmalıdır».
Çox təkid etməyimizə baxmayaraq, deputat hansı telekanallara müraciət etdiyini və rədd cavabı aldığını demədi. Biz də öz növbəmizdə televiziyaların özü ilə əlaqə saxlayıb kimlərin bu həyati əhəmiyyətli məsələdə yaxasını kənara çəkdiyini öyrənməyə çalışdıq.
«Lider» TV-nin özünü Orucov deyə təqdim edən əməkdaşı onlara ümumiyyətlə, belə bir elanla bağlı müraciətin daxil olmadığını dedi.
«Space»nin özünü təqdim etməyən xanım əməkdaşı suala cavab verməkdən yayındı. Gün ərzində etdiyimiz bir neçə zəngə «indi hamı efirə hazırlaşır, yarım saatdan sonra əlaqə saxlayın» desə də, deyəsən «efir hazırlıqları» bitmədi.
İctimai Televiziyanın mətbuatla əlaqələndiricisi Tahir Məmmədov belə bir müraciətin daxil olub-olmaması ilə bağlı məlumatı olmadığını dedi. Həmçinin millət vəkilinin buna aydınlıq gətirməsini xahiş etdi. N.Məmmədovla əlaqə saxladıqda isə o, adı çəkilən telekanala müraciət etmədiyini bildirdi. İTV sözçüsü bizimlə söhbətində qeyd etdi ki, bu kimi məsələlərə hər zaman diqqətlə yanaşılır, vətəndaşın mövqeyinə üstünlük verilir: «Vətəndaşın bu cür problemi kütləvi olmadığı üçün diqqətdən kənarda saxlanıla bilməz».
ATV-nin vitse-prezidenti Natiq İbrahimov isə televiziyada elanların verilmədiyini bildirdi: «Harada verək elanı? Xəbərlərin arasınamı salaq? Bizdə elan vermək çoxdan yığışdırılıb. Elə bir bölmə yoxdu ki, orada elan yerləşdirək. Müraciətlər olur, Nazim Məmmədovun da müraciəti olub, amma dediyim kimi, biz bu cür elanları yerləşdirməkdən imtina edirik».
ANS TV-nin mətbuatla əlaqələndiricisi Mais Məmmədli sualımızı dinlədikdən sonra məzuniyyətdə olduğunu və məsələyə aydınlıq gətirə bilməyəcəyini dedi. Onun əvəzləyicisi ilə əlaqə yaratmasını xahiş etsək də, M.Məmmədli belə birisinin olmadığını bildirdi. ANS-in vitse-prezidenti Mirşahin Ağayevə də telefon açdıq. Məşğul olduğunu deyən həmkarımız bir azdan əlaqə saxlamağımızı xahiş etdi. Lakin gün ərzində etdiyimiz zənglərə cavab vermədi. Hər bir halda ölkə ərazisinin çoxuna yayımlanan və N.Məmmədovun da qeyd etdiyi kimi, vətəndaşlar tərəfindən izlənən telekanallardan birinin məhz ANS olduğu şübhəsizdir. Təəssüf ki, özünü «dəqiq, qərəzsiz, vicdanlı» adlandıran bir televiziyanın sözçüləri insan taleyinə və həmkarlarına bu qədər etinasızdır. http://musavat.com
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri