«Azərbaycanda ilk mənbədən informasiya alınması sahəsində vəziyyət: problemlər və həll yolları» adlı dəyirmi masa keçirilib

29-10-2009 / 20:49

Bu gün Zərdabi Mətbuat Mərkəzi (ZMM) «Azərbaycanda ilk mənbədən informasiya alınması sahəsində vəziyyət: problemlər və həll yolları» adlı dəyirmi masa keçirilib. Tədbir mərkəzin Azərbaycan Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı «Medianın ilk mənbədən informasiya alması: mövcud tendensiyaların monitorinqi və peşəkarlığa dəstək» layihəsi çərçivəsində təşkil olunub.

Tədbiri açan ZMM sədri Rəhim Hüseynzadə layihədə əsas məqsədin Azərbaycanda ilk mənbədən informasiya almaq sahəsindəki vəziyyətin monitorinqini aparmaqla bununla bağlı tendensiyaları izləmək, nəticələrlə mütəmadi olaraq müvafiq yerli və beynəlxalq qurumları, ictimaiyyət nümayəndələrini və KİV-ləri tanış etmək, jurnalistlərin ilk mənbədən informasiya almalarını stimullaşdırmaq, onların biliklərinin dərinləşməsinə nail olmaqdan ibarətdir.
Layihə çərçivəsində 22 qəzet, 8 informasiya agentliyi və xəbər portalı olmaqla ümumilikdə 30 KİV-in monitorinqi aparılıb. Seçim zamanı KİV-lərin ölkənin ictimai rəyinə təsir göstərməsi və rəy formalaşdırma amili əsas götürülüb. Sentyabr ayı ərzində həyata keçirilən monitorinqdə KİV-lərin əldə etdikləri məlumatlar dövlət qurumları və özünüidarəetmə orqanlarından, ictimai-siyasi təşkilatlar və QHT-lərdən, başqa KİV-lərdən və digər mənbələrdən əldə edilən məlumatlar kimi qruplaşdırılıb.

R. Hüseynzadə monitorinq nəticəsində müəyyən olunan bir sıra xüsusiyyətlər barədə də məlumat verib. O, ötən illərlə müqayisədə KİV-lərdə ilk mənbə ilə işləmək sahəsində nəzərəçarpacaq irəliləyişlərin olduğunu bildirib: “ Amma bir sıra problemlər də qalmaqdadır. Onların içərisində ilk mənbədən əldə edilən məlumatların bəzi qəzetlərdə şərhlə təqdim edilməsidir ki, bu zaman oxucu materialın məğzinin nədən ibarət olduğunu müəyyənləşdirməkdə çətinlik çəkir. Bir sıra KİV-lərdə müəllifin mövqeyinin xəbər kimi təqdim edilməsi tendensiyası hökm sürür”.

R. Hüseynzadə deyib ki, məlumatların sərlövhələrindəki yanlışlıqla bağlı cəhət də diqqəti cəlb edir: “Belə ki, monitorinqi aparılan KİV-lərin müəyyən qismində sərlövhələr mətndə ifadə edilən məzmuna uyğun gəlmir. Mövcud meyl peşə prinsiplərinin pozulmasına da səbəb olur”.

ZMM sədrinin sözlərinə görə, monitorinq eyni zamanda müəyyənləşdirib ki, ölkənin aparıcı KİV-ləri, xüsusən də qəzetlər üçün başqa KİV-lərin materiallarından istifadə faizi yüksəkdir: “ Bu isə onlarda sərbəst yaradıcılıq imkanlarının və fərdi xəbər istehsalının aşığı olduğunu söyləməyə əsas verir. İnformasiya agentlikləri və xəbər portallarında isə ilk mənbədən xəbər əldə edilməsi ilə bağlı göstəricilər yüksəkdir. Onlar daha çox xarici KİV-lərin materiallarına istinad edirlər ki, burada da kütləvilik müşahidə olunmur”.

Monitorinqdə KİV-lərin balans prinsipinin necə riayət etdiklərinin də əksini tapdığını bildirən R.Hüseynzadə mövcud sahədəki ümumi tendensiyalardan da danışıb: “Qəzetlər informasiya agentlikləri və xəbər portallarına nisbətən tərəfsizliyə daha az riayət edirlər. Xüsusən bu və ya digər siyasi qurumlara yaxınlığı ilə seçilən mətbu nəşrlərin materillarında peşə etikasının bu tələbi pozulmaqdadır. İnformasiya agentlikləri və xəbər portalları üçün xarakterik xüsusiyyət eyni xəbərdə tənqid hədəfi kimi seçilən şəxsin fikirlərini işıqlandırmama, yalnız ona əks düşərgədə duran şəxsin mövqeyinin dərcidir. Maraqlı cəhət isə digər xəbərdə tənqid hədəfinin özünə müraciət edilməsi və bu yolla KİV-in tərəfsizliyini qorumağa cəhd göstərməsidir. Halbuki tam mümkündür ki, bəlli vaxtda bir nəfər haqqında tənqidi fikri eşidən oxucu sonradan sayta baxmasın və beləliklə də onda birtərəfli rəy formalaşsın”.

Monitoriqin gedişində materialları araşdırılan KİV-lərlə əlaqə yaradılaraq onların sentyabr ayı ərzində informasiya mənbələrinə müraciət göstəriciləri barədə də məlumat əldə edilib. Məlum olub ki, KİV-lərin şifahi və yazılı sorğularına əlaqədar instansiyalar tərəfindən cavab verilməsi sahəsindəki vəziyyət ötən illərlə müqayisədə müsbət istiqamətə dəyişib. Bununla belə bir sıra qəzetlərin ünvanladıqları informasiya sorğularına münasibətdə laqeydlik halları qalmaqdadır.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli çıxışında layihənin müasir dövr mətbuatımızın ən mühüm problemlərindən birinə əhatəli şəkildə toxunduğunu bildirib. Onun sözlərinə görə, əslində ZMM bu monitorinqlə bötüv bir təhqiqat institutunun işini gerçəkləşdirib: “Düşünərəm ki, qurum mövcud istiqamətdəki fəaliyyətini intensivləşdirməlidir. Yenə də deyirəm ki, Azərbaycanda peşəkar jurnalistlər kifayət qədərdir. Bu layihənin nəticələri isə göstərir ki, peşəkar jurnalistlərlə yanaşı onların eyni səviyyədə işləmələri üçün mühit də olmalıdır. Hesab edirəm ki, Azərbaycan dövləti bu mühitin formalaşması üçün kifayət qədər işlər görüb. Ölkədə bilavasitə informasiya əldə edilməsi ilə bağlı mükəmməl qanunvericilik mövcuddur. Ayrı-ayrı dövlət qurumlarının timsalında ilk mənbə rolunda çıxış etmə ilə bağlı müsbət praktikaya da rast gəlinir. Amma informasiya daşıyıcısı rolunda çıxış edən qurumların özlərinin də peşəkarlıq səviyyəsi artırılmalıdır».

Hüquqşünas Vaqif Hacıbəyli layihənin əhəmiyyətini vurğulamaqla yanaşı KİV-lərin müstəqilliyinin artırılmasının onların ilk mənbə ilə işləmələrinə daha geniş şərait yaradacığını vurğulayıb. «Assa irada» İnformasiya Agentliyinin baş direktoru Fazil Abbasov, «Reytinq» qəzetinin redaktoru Seymur Verdizadə və başqaları çıxışlarında ölkədə ilk mənbədən informasiya alınması istiqamətində müsbət irəliləyişlərin olduğunu bildiriblər.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə