Mövzu
ilə bağlı müsahibimiz gənc yazar, "Miras: Bakının sirri" kitabının
müəllifi və eyni zamanda çəkdiyi rəsmlərlə tanınan Çingiz Mehbaliyevdir. Biz onunla
müasir informasiya texnologiyaları və sosial media vasitələrindən istifadə
edərək kitab satışını necə artırması barədə danışacayıq.
Kitabın oxuculara tanıdılması üçün
əsasən hansı informasiya texnologiyaları və sosial media vasitələrindən
istifadə edirsiniz ?
Qısa müddət ərzində oxucular öz sosial
şəbəkələrdəki hesablarında kitab barəsində müxtəlif statuslar yazmağa
başladılar. Səmimi desəm, nəticə gözlədiyimdən uğurlu oldu. İlk günlərdə
"Əli və Nino" kitab mağazaları şəbəkəsinin ParkBulvar-dakı dükanında
kitablar satılıb qurtardı. Növbəti həftədə isə həmin şəbəkənin MetroParkda
mağazasında kitab qalmadı. Sonrakı
günlərin birində isə "Əli və Nino"
kitab mağazasından mənə zəng olundu və satış üçün yeni kitablar
istənildi. Bir müddət keçəndən sonra mənim özümün də xəbərim olmadan Yurd TV-də
kitabımla bağlı süjet hazırlandı və onlayn yayımlandı (http://yurd.tv/articles/1197). Bütün bunlara
paralel olaraq ölkənin əsas kitab mağazalarından olan “Əli və Nino” mağazalar
şəbəkəsinin (http://www.alinino.az/az/book.php?id=5638) və ADA Kitab
Mərkəzinin (http://www.adabook.az/az/books/7344) də saytlarında
kitab haqqında məlumat yerləşdirdilər.
Dediklərinizdən hansı sosial media saytları daha
effektivdir?
- (düşünür...) Bilirsiniz, mən
bu resurslardan birini digərinə qarşı qoymazdım. Çünki, hər birinin öz yeri var.
Burada əsas məsələ hər birini düzgün olaraq təyinatı üzrə istifadə etməkdir.
Məsələn, biz kitabın promo videosunu Youtube-a yerləşdirmişik və oxucuların
marağını hər həftə baxış sayının nə qədər artması ilə ölçürük (www.youtube.com/watch?v=Vx55t3u7YFU). Facebook-da
yerləşdirdiyimiz videonun baxış sayının
artmasını isə bu cür izləmək bir az çətinlik yaradır. Əvəzində isə Facebook-un
digər üstünlükləri var. Facebook ictimai müzakirələrin yaradılması baxımından
daha effektivdir. Twitter qısa statuslar yazmaq, kitabla bağlı yenilikləri tez
çatdırmaq baxımından əladır. Sosial media vasitələrinin daha bir üstünlüyü bu
saytların praktiki olaraq hər yerdə əlçatan olmasıdır. Yəni, adi mobil telefonu
olan insan asanlıqla bu şəbəkələrdən istifadə edə bilər.
Sizin
"Miras: Bakının sirri" kitabının 365-ci səhifəsində sosial
şəbəkələrdə olan şəxsi hesablarınızı yazmısınız. Buna zərurət nədən yarandı və
nə kimi əhəmiyyəti oldu?
Yazdığım kitaba sosial
şəbəkələrdəki profillərimi və şəxsi e-mailimi yazmaqla bir növ zamanın tələbinə
cavab vermiş oldum. Çünki, müasir dünyamizda adi insanlardan tutmuş ölkə
prezidentlərinə qədər əksər adamların sosial şəbəkələrdə profilləri var. Bu,
təkcə zamanın tələbinə cavab vermək istəyindən irəli gəlmirdi, bu həm də sadə
oxucu ilə birbaşa və səmimi əlaqə qurmaq istəyindən irəli gəlirdi. Kitabda
profillərimi yerləşdirməyimin effektini tezliklə hiss etməyə başladım. Belə ki,
Facebook-dakı hesabımda (http://www.facebook.com/chingiz.mehbaliyev) dostlarımın sayı
qısa müddət ərzində 2000 nəfəri, Twitter-də məni (https://twitter.com/chingizart) izləyənlərin sayı
isə 1000 nəfəri keçdi. İndi də bunun müsbət mənada nəticəsini görürəm. Bütün
bunlar mənə oxucularla birbaşa əlaqə qurmaq imkanı yaratdı. Artıq oxucularımdan
mesajlar qəbul etməkdəyəm və bu mənə böyük zövq verir. Deyə bilərəm ki, bir çox
oxucumla artıq dostlaşmışam (gülümsəyir...).
PR
kampaniyanızı necə qurdunuz?
- Çox yaxşı sualdır. Deyə bilərəm ki, uğurlu PR
strategiyanın qurulması üçün baş sındırmalı oldum. Mən təkcə fikirləşməklə və
planlaşdırmaqla kifayətlənmədim. Eyni zamanda kifayət qədər PR materialları
hazırladım. Onların böyük əksəriyyəti elektron versiyadadır və internet
resursları vasitəsilə yayılır. Bura kitabdan hissələr, profil fotoları,
Facebook üçün üzlük fotoları (cover photo), Twitter üçün arxa fonun dizayn
fotosu, promo video və digər materiallar daxildir. Kitab çap olunandan sonra
isə oxucu fikirlərini ayrıca olaraq yayımlamağa başladıq. Hazırladığım PR
materiallarını və strategiyamı ölkənin ən nüfuzlu naşirlərindən birinə
göstərəndə o, “reklamı mükəmməl düşünmüsən” deyərək öz münasibətini bildirdi.
Daha sonra isə düşüncələrimi, planlarımı, materiallarımı reklam və PR
şirkətlərinin birinin sahibinə göstərdim. Onun da simasında müsbət mənada
təəccüb və maraq hissini gördüm. Bundan sonra özümə əminliyim daha da artdı.
Özlüyümdə "mən düzgün yoldayam" qənaətinə gəldim.
İT və
sosial mediada təbliğat işində Sizə kömək edən varmı?
- Mənim ən yaxşı köməkçilərin
oxucularımdır. Onlar kitabı oxuyandan sonra sosial şəbəkə profillərində kitab
barədə və ya kitabdan seçmə cümlələrdən statuslar yazırlar. Bu isə onların
dostlarının marağına səbəb olur, bəyənir və
şərh yazaraq kitabla bağlı təəssüratları soruşurlar. Beləliklə, adi statusdan başlayan bir neçə cümlə kitabın
geniş ictimai müzakirəsinə çevrilir. Oxucular mənim adımı müəllif olaraq təq
etdiklərindən mən də yazılanları izləyə bilirəm və hətta bu müzakirələrə
qoşuluram. Bu isə müzakirələri daha canlı və effektiv edir. Eyni zamanda dostlarım da mənə bu sahədə köməkliklərini əsirgəmir və
onlayn vasitələrlə mənə kömək olurlar. Oxucu fikirləri mənim üçün daim dəyərlidir.
Ona görə də hələ ki, bir kitabın onlayn təbliği sahəsində heç bir yazıçının Azərbaycanda
etmədiyini ilk dəfə olaraq etmək qərarına gəldim və kitabın Facebook səhifəsində
"Oxucu fikri" qovluğunu (http://www.facebook.com/media/set/?set=a.376871175709357.86460.162936493769494&type=3) yaratdım və oxucuların fikirlərini oraya əlavə etdim.
Oxucularım da mənə onlayn
sürprizlər etdilər (gülür...). Məsələn Qələndər Məmmədli adlı oxucu kitab
barədə məlumatı online kitab saytlarına – Goodreads-ə (http://www.goodreads.com/book/show/15747905-miras) və Vikitap-a (http://www.vikitap.com/kitap/Miras-Bakinin-Sirri-85306) yerləşdirdi.
Gün ərzində neçə saat internetdə kitabla bağlı işlərlə
məşğulsunuz?
Burada
əsas məsələ gündə neçə saat internetdə oturmaq deyil, burda əsas məsələ lazımlı
saatlarda internetdə olmaqdır. Mən insanların Facebook və Twitter-də günün hansı saatlarında daha aktiv
olduğunu bilirəm. Ona görə də çalışıram ki, məhz həmin saatlarda onlayn olum.
Ümumilikdə isə yalnız kitabla bağlı olaraq təxminən 30-90 dəqiqə internetdə
oluram. Yeni materiallar yerləşdiriləndə və paylaşanda bu müddət arta və ya
azala bilər.
Sizcə onlayn metodlar, yoxsa oflayn metodlar daha
effektivdir?
- Bu xeyli dərəcədə Sizin
hədəf kütlənizdən asılıdır. Xüsusilə vurğulamaq istərdim ki, əgər Sizin
hədəfiniz gənclərdirsə, onda onlayn vasitələr Sizin üçün daha keçərli olacaq.
Əgər Sizin hədəfiniz nisbətən yaşlı təbəqədirsə onda yaxşı olardı ki, oflayn
metodlara müraciət edəsiniz. Mən öz PR təcrübəmdən deyə bilərəm ki, hər ikisini
eyni anda da istifadə etmək olar. Misal üçün mənim kitabımın posterlərini
gənclər təşkilatlarının ofislərində və kitab mağazalarında görmək olar, həm də
onlayn üsullarla bu posteri yayırıq.
Son
söz olaraq nə demək istərdiniz?
Son sözüm budur: məhsulun
keyfiyyəti ən yaxşı reklamdır! Əgər Sizin müştəriləri qane edəcək məhsulunuz
yoxdursa, hətta ən yaxşı PR və marketinq strategiyası, o cümlədən sosial
şəbəkələr Sizin köməyinizə gələ bilməz. Müştəri ilk olaraq Sizin məhsula
inanmalıdır, daha sonra isə Sizin reklamınıza.