Açıq məlumatların Portala yerləşdirilməsi üçün dövlət qurumlarına müraciət göndəriləcək

25-02-2015 / 14:44

“Hələlik Açıq Hökumət Məlumatları Portalında açıqlanan məlumatların sayı azdır”

Bir müddət öncə Rabitə və Yüksək Texnologiyalar  nazirliyi yanında Məlumat Hesablama Mərkəzi tərəfindən Açıq Hökumət Məlumatları Portalı təqdim edildi. 

Bunun ölkədə Elektron hökumət quruculuğunda yeni bir mərhələnin başlanğıcı olması vurğulanıb.

Açıq Məlumatlar Portalının mövcud durumu və gələcək inkişaf istiqamətləri ilə tanış olmaq üçün Dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrləri şöbəsinin müdiri İlqar Abdullayevlə söhbətləşdik.

-İlqar müəllim, hansı xüsusiyyətlərinə görə Açıq Hökumət Məlumatları Portalını yeni mərhələ kimi dəyərləndirmək olar?

Bir müddət öncə Məlumat Hesablama Mərkəzi tərəfindən dövlət qurumlarının və özəl şirkətlərin rəsmilərinin iştirakı ilə Açıq Hökumət Məlumatları portalının (www.data.e-gov.az) təqdimat mərasimi keçirildi və E-Gov 3.0 mərhələsinə start verildi. Açıq Hökumət məlumatları - sərbəst şəkildə, heç bir məhdudiyyət qoyulmadan, istənilən şəxs və ya biznes qurumu tərəfindən və istənilən məqsədlə istifadə edilən, şəkli dəyişdirilərək başqa formaya salınan (sxem, xəritə, diaqram və s.) və paylaşılan məlumatlardır. Açıq Hökumət məlumatları ictimai xarakter daşıyan informasiyanı (iqtisadi inkişaf statistikası, hava proqnozu, yağmur xəritəsi, seysmik zonalar xəritəsi, poçt məntəqələri, taksafon aparatları, benzindoldurma məntəqələri, nəğd ödəniş terminalları, rabitə tarifləri, şəhərlərarası və beynəlxalq kodlar və s.) vətəndaşların istifadəsinə təqdim edir və bu məlumatlardan, heç bir patent, ödəniş, lisenziya, icazə və məhdudiyyət olmadan istifadəçilər istənilən vaxt, istənilən formada yararlana bilərlər.
Açıq məlumatlar Elektron Hökümət quruculuğunda yeni bir inkişaf mərhələsi hesab edilir. "www.data.gov.az” portalı vasitəsi ilə vətəndaşlar və biznes strukturları dövlət orqanları tərəfindən yaradılan və açıq elan edilən məlumat bazalarından fərdi yönümlü xidmətlərin, müxtəlif servislərin hazırlanması üçün istifadə edə biləcəklər. Bu mərhələdə hökumət özəl və biznes qurumları E-Hökumət quruculuğunda birbaşa iştirak etməyə və bu sahənin inkişafına dəstək olmağa dəvət edir.

-Açıq Hökumət Məlumatları Portalının əsas məqsədi nədir ?

Portalın yaradılmasında əsas məqsəd qanunvericilikdə icazə verilən qeyri-fərdi məlumatların istifadəsi və onların əsasında veb və mobil əlavələrin yaradılması vasitəsilə cəmiyyətə və biznes strukturlara dövlətin idarə edilməsində iştirak etmək imkanının yaradılmasıdır. Bu portalın müvəffəqiyyəti vəətndaşların və biznes strukturların portal və açıq məlumatlarla işləməsinə nə dərəcədə cəlb olunmasından asılıdır. Eyni zamanda açıq hökumət məlumatlarına rahat giriş imkanı, innovativ ideyaların rəğbətləndirməsi, təhlil və tədqiqatların asanlaşdırılması, hökümətin işinin şəffaflığı və dövlət orqanlarının effektliyinin və səmərəliliyinin artırılması - Elektron hökumət quruculuğunun bu mərhələsində əsas məqsəd kimi qarşıya qoyulub.

-Hələlik Portalda elə də çox Açıq Məlumatlar bazasını görmək olmur. Hazırda neçə qurum öz açıq məlumatlarını təqdim ediblər ?

-Hazırda portalda Ədliyyə Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyi və “Azərsu” ASC-yə aid aid 17 açıq hökumət məlumatları yerləşdirilib. Əlbəttə, hesab edirik ki, bu azdır. Bu sahə hələ yeni olduğu üçün qısa zamanda bütün qurumlardan məlumatları açıq təqdim etmələrini gözləmək və bunu onlardan tələb etmək düzgün olmazdı.

Dövlət qurumlarının saytlarını təhlil edərkən onlar tərəfindən bir çox məlumatların açıq formada yerləşdirildiyini müşahidə edə bilərsiniz. Lakin onlar maşın tərəfindən emal oluna biləcək formatda deyillər. Qurumlar bu məlumatların formatını dəyişərlərsə, artıq təqdim edilən məlumatlar bu statusu almış olacaqdır.
Portalda açıq məlumatların sayının artırılması məqsədilə tərəfimizdən bir sıra tədbirlər həyata keçirilir və tezliklə real nəticələrin şahidi olacaqsınız.

-Təqdim edilən Açıq məlumatalar ictimai əhəmiyyət kəsb edən məlumatlardırmı? Bunlardan vətəndaşlar və biznes sektoru necə faydalana biləcək?

-Açıq Hökumət Məlumatları portalında yerləşdirilmiş məlumatlar kifayət qədər əhəmiyyətlidir və bu məlumatlardan faydalanmaq mümkündür.

Məsələn, “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış mobil nömrələr barədə məlumatın verilməsi” məlumatları vasitəsilə vətəndaş zəng etmək istədiyi nömrənin hazırda hansı mobil operatorun abunəçisi olduğunu müəyyənləşdirməklə, edəcəyi zəngin məbləğini hesablaya bilər. “Mobil cihazların İMEİ kodunun yoxlanılması” servisi vasitəsilə mobil cihazın hazırda qeydiyyata alınıb alınmaması haqqında məlumat əldə etmək olar.
Eyni qaydada, “İmmunoprofilaktika üzrə məlumatın verilməsi (peyvənd tarixləri)”, “Qısa nömrələrlə bağlı məlumat”, “Küçə adlarına görə poçt indeksləri, rayonun müəyyən edilməsi” kimi məlumatlardan da yararlanmaq mümkündür.
Burada biz jurnalistlərdən fəallıq gözləyirik. Məsələn, hansı fərdi olmayan məlumatları daha ictimai əhəmiyyətli hesab edirsiniz? Bunu da araşdırmaq, sorğular keçirmək lazımdır və s.

-Sizcə ilk növbədə hansı informasiyaların, məlumat bazalarının bu Portalda yerləşdirilməsi faydalı ola bilərdi?

-Bu sahədə inkişaf etmiş xarici ölkələrin təcrübəsini öyrənirik və portalda mütəmadi olaraq bu barədə məqalələr yerləşdiririk. Bu həm də bu sahə üzrə maarifləndirmə baxımından çox önəmlidir. Eyni zamanda xarici ölkələrin təcrübəsini təhlil edərək Respublikamızda qurumlar üzrə açıq şəkildə verilə biləcək məlumatların siyahısını hazırlamaq istəyirik. Siyahı hazır olduqdan sonra aidiyyatı qurumlara müraciətlər göndərməyi planlaşdırırıq.

Düşünürük ki, müşahidə və təhlükəsizlik kameralarının dislokasiyaları, immiqrasiya statistikası, ölkə üzrə alkoqol istehlakı statistikası, ailə xərcləri, əhali sıxlığı, ətraf mühit və təbii sərvətlərlə bağlı məlumatın verilməsi, nəqliyyat vasitələrinin ekoloji atqıları barədə anonim testlər və nəticələri, ölkədə fövqəladə hallar üzrə göstəricilər, yaxın illərdə baş vermiş daşqınların xəritəsi, kənd təsərrüfatı torpaqlarının şərti təsnifatları, cinayətkarlıq statistikasi və s.  kimi məlumatların da portalda yerləşdirilməsi faydalılı olar və bu sahənin inkişafına təkan vermiş olar.

-Vətəndaşlar və biznes sektor üçün daha çox əhəmiyyət kəsb edən məlumatların yerləşdirilməsi məqsədilə hansı addımların atılmasını vacib hesab edirsiniz? Bu istiqamətdə vətəndaş cəmiyyəti və biznes sektoru ilə əməkdaşlıq üzərində düşünürsünüzmü?

Bayaq qeyd etdiyimiz kimi xarici ölkələrin təcrübəsini yaxından öyrənərək, qurumlar üzrə açıq şəkildə verilə biləcək məlumatların siyahısını tərtib etmək və aidiyyatı qurumlara müraciətlər göndərməyi planlaşdırırıq.

Tərəfimizdən  vətəndaşların və sahibkarların marağını cəlb etmək məqsədilə, Açıq Hökumət məlumatlarından istifadə etməklə mobil tətbiqlərin yaradılması üzrə Startup Azərbaycan 2015  layihəsi çərçivəsində  “Bax, istifadə et və yarat“ adlı  mobil əlavələrin hazırlanması müsabiqəsi elan olunub və müsabiqənin qaliblərinə pul mükafatları təqdim olunacaq.

Portalda yaradılmış "Fikir Bankı" və "Əks-Əlaqə" bölmələri vasitəsilə vətəndaşlarla və biznes qurumlarla canlı əlaqələrin qurulmasına çalışırrıq və daxil olan bütün müraciətlər, rəy və təkliflər tərəfimizdən operativ olaraq cavablandırılır və dəyərləndirilir.

-Müşahidələrimiz göstərir ki bir sıra dövlət qurumları özlərində olan ictimai əhəmiyyətli məlumat bazalarını Açıq məlumatlar portalına yerləşdirməkdə elə də tələsmirlər. Bu prosesi sürətləndrimək üçün qanunvericilikdə hansı tədbirlər nəzərdə tutulur? Bu, sadəcə dövlət qurumalrın öz təşəbbüsü əsasında reallaşmalıdır yoxsa inzibati tədbirlər görülə bilərmi? Bu istiqamətdə hansısa təkliflər hazırlayırsınızmı?

-Əslində, bu suala cavabı ondan başlamaq yerinə düşər ki, ümumiyyətlə dünyada e-Gov 3.0 üzrə vahid bir strategiya hələ müəyyənləşdirilməyib. Çünki, bu konsepsiya hələ yeni olduğundan, hər ölkə öz iqtisadi-siyasi vəziyyətini, qanunvericiliyini, inkişaf modellərini və s. amilləri nəzərə alaraq, ona uyğun strategiya tətbiq edir.

İnkişaf etmiş ölkələrdən Yaponiyanın təcrübəsinə baxsaq hökumət orqanları bu barədə 2008-ci illərdə müzakirələrə başladılar,  Open Gov Data layihəsinə isə 2009 -cu ildə start verdilər.  2010-cu ilin iyul ayında open data labaratoriyası fəaliyyətə başldı və yeni İT strategiyası hazırlandı. 2011-ci ildə open data istiqamətində həvəsləndirmə prinsipləri müəyyən edilib. 2012-ci ildə isə open data strategiyası hazırlanıb.  

Yeni texnologiyaların və innovasiyaların ölkəmizə gətirilməsi və tətbiqi zaman tələb edən məsələlərdəndir. Bu gün biz e-gov 3.0 mərhələsindən danışdıqda, ilk növbədə ictimaiyyəti və dövlət qurumlarını məlumatlandırır və fikir formalaşdırırıq.  Yəni bu da var, bundan da yararlanmaq olar və lazımdır. Heç bir yenilik dərhal qəbul olumur, bir müddət keçəndən sonra isə,  ideya olan bir reallıq kimi qəbul olunur və tətbiq edilməyə başlanılır.

Və artıq xidmət təminatçıları ilə işlərimizi qurarkən e-gov 3.0 reallıqları da nəzərə alınır, nəzərə alınması müzakirə olunur və s.

Həmçinin, Respublikamızın mövcud qanunvericiliyində Açıq Hökumət Məlumatları sahəsində fəaliyyətin tənzimlənməsi baxımından müəyyən dəyişikliklərə ehtiyac var ki, müvafiq informasiya sistemlərinin mülkiyyətçilərinin qarşısında konkret tələblər qoyulsun, məsuliyyətlər müəyyən edilsin. Bu sahədə “Elektron hökumət” portalının operatoru olaraq - Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin  Məlumat Hesablama Mərkəzi tərəfindən öz səlahiyyətlərinə uyğun olaraq, müəyyən təklif layihələri hazırlanılır və baxılıb təsdiq edilməsi üçün aidiyyəti üzrə təqdim ediləcək.

Hələlik, qeyd etdiyimiz kimi, mülkiyyətlərində olan müvafiq məlumatların Açıq Hökumət Məlumatları portalına yerləşdirilməsinin təmin edilməsi üçün dövlət qurumlarına müraciətlər ünvanlamağı düşünürük.

 

Mirvari Nəcəf

Fotolar: Nəcəf Nəcəf 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə