Bakıda “Açıq hökumət məlumatları” mövzusunda konfrans keçirilib

07-02-2017 / 16:35

Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) təşkilatçılığı ilə Bakıda “Açıq hökumət məlumatları” mövzusunda konfrans keçirilib.

Xeberler.az məlumat verir ki, 60-dək dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə “Elektron hökumət” quruculuğunda yeni bir inkişaf mərhələsi sayılan açıq məlumatlar -  www.data.gov.az haqda təqdimatlar keçirilib, müzakirələr aparılıb.

“Elektron hökumət” portalının tərkib hissəsi kimi, 2015-ci ildə RYTN-in Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən yaradılan www.data.gov.az portalı dövlət orqanlarının məlumatlar toplusuna və əlavə vasitələrə giriş əldə etmək üçün informasiyaları özündə əks etdirir.

Portal vasitəsi ilə istifadəçilər dövlət orqanları tərəfindən yaradılan məlumatlar toplusunu asanlıqla tapa, yükləyə və istifadə edə bilərlər. Mövcud qanunvericiliyə uyğun olaraq təqdim edilən açıq məlumatlar müntəzəm şəkildə yenilənir və təkmilləşdirilir.

www.data.gov.az portalının əsas məqsədi məlumatların istifadəsi, onların əsasında veb və mobil əlavələrin yaradılması vasitəsilə cəmiyyətə dövlətin idarə edilməsində iştirak etmək imkanının yaradılmasıdır.

Eyni zamanda açıq dövlət məlumatlarına rahat giriş imkanı, əlavə dəyərin yaradılması, innovativ ideyaların stimullaşdırılması, təhlil və tədqiqatların asanlaşdırılması, hökumət işinin şəffaflığı və dövlət orqanlarının fəaliyyətinin effektliyinin və səmərəliliyinin artırılması da əsas məqsədlərdəndir.


 
Konfransda çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə artıq bir neçə ildir ki, bu istiqamətdə ardıcıl siyasətin həyata keçirildiyini qeyd edib.
 
Portalda məlumatların yerləşdirilməsi ilə bağlı vacib məqamlara da toxunan E.Vəlizadə bu prosesin sərbəstlik, məlumatların tamlığı, ilkin mənbədən alınması, qeyri-müstəsnalıq və s. kimi əsas prinsiplərə əsaslandığını vurğulayıb.

MHM-in direktoru Elnar Əsədov isə “Açıq hökumət məlumatları portalı” adlı təqdimatla çıxış edərək, portalın dayanıqlı, təhlükəsiz və standartlara uyğun təşkil edildiyini bildirib. E.Əsədov hazırda portalda 25 adda məlumat, o cümlədən Mədəniyyət və Turizm Nazirliyinin 8, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 7, Səhiyyə Nazirliyinin 4,  Ədliyyə Nazirliyinin 1, Dövlət Gömrük Komitəsinin 4, “Azərsu”nun isə 1 açıq məlumatının yerləşdirildiyini vurğulayıb.

Gələcək planlardan söz açan E.Əsədov buraya hüquqi, texniki və normativ aktların təkmilləşdirilməsi; dövlət və qeyri-dövlət qurumları tərəfindən açıq məlumatların data.gov.az portalına inteqrasiyası; Açıq Hökumət məlumatlarının iqtisadiyyata təsirinin artırılması məqsədilə startapların və sahibkarların fəaliyyətinin stimullaşdırılması; dövlət və qeyri-dövlət qurumları tərəfindən açıq məlumatların təbliğ və təşviqinin gücləndirilməsi kimi hədəflərin daxil olduğunu deyib.

Daha sonra Rəqəmsal Avstriya Platformasının xüsusi nümayəndəsi Kristian Rup

Avstriya hökumətinin açıq hökumət məlumatları sahəsindəki təcrübəsindən danışıb.
 
Azərbaycanlı həmkarlarına tövsiyəsini də çatdıran Kristian Rup qeyd edib ki, portala daha çox maraq dairələrinin cəlb olunması istiqamətində işlər aparılmalıdır.

Konfransda həmçinin Azərbaycan İnternet Forumu, Microsoft, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İqtisadiyyat Nazirliyi, Şəffaflıq Azərbaycan kimi qurumların da nümayəndələri çıxış edərək öz təkliflərini verib.

Həmçinin, konfransda bildirilib ki, zəruri məlumatlar istifadəçi üçün tam açıq edildikdən sonra dövlət xərclərinə qənaət, sahibkarlığa dəstəyin artırılması, idarəetmədə şəffaflığın təmin edilməsi, startapların stimullaşdırılması, elektron xidmətlərin sayının artması, eləcə də, BMT-nin “Elektron Hökumətin İnkişaf İndeksi” və “Elektron İştirak İndeksi” hesabatlarında ölkəmizin reytinqinin yüksəlməsi kimi müsbət nəticələr əldə olunacaq.


 Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə