“Azərbaycanda oyun sahəsinə maraq artır”

07-12-2016 / 10:35

Məlum olduğu kimi, son dövrlər dünyada oyun sektoru sürətlə inkişaf edir.  İnsanların oyunlara qarşı böyük marağı bu inkişafı daha da sürətləndirir.

Bu gün dünyada oyun istehsal edən müxtəlif şirkətlər bu sahədən milyardlarla gəlir əldə edir. Yəqin ki,  Pokemon GO oyunun 10 gün ərzində Nintendo-ya 15 milyon dollara yaxın pul qazandırmasını hamımız xatırlayırıq.

Pokemon GO 500 milyon dollar gəlirə ən sürətli çatan mobil oyun olaraq tarixə düşdü.

Təəssüflər olsun ki, bu istiqamətdə  Azərbaycan üçün müsbət mənada danışacaq çox məlumat yoxdur. Ölkəmizdə oyun sektoru demək olar ki,  çox aşağı sürətlə addımlayır.

Bu sektorda adını çəkə biləcəyimiz çox az sayda  şirkət var.

Qeyd etdiyimiz kimi, hazırda yerli oyun istehsal edən şirkətlərdən biri Tor Rəqəmsal Agentliyidir (Digital Agency).

Azərbaycanda 3 ildir mobil oyunların yaradılması ilə məşğul olan Digital Agency hazırda "Made in Azerbaijan" brendi şəklində ixracyönümlü, rəqabətqabiliyyətli və əlavə dəyərin xüsusi çəkisi yüksək olan məhsulları ilə yerli və qlobal bazarlarda yenilik etməyə hazırlaşır.

Şirkətin Fatal Fight məhsulu yəqin ki, hamımıza tanışdır. Şirkət bu yaxında “Memory  Limit" oyununu da elan etdi.

Digər bir yerli şirkət isə Azdimension-dir. Belə ki, şirkət  kompüter oyunları yaradıcılarından ibarət gənc bir komandadır. 

Bunlarla yanaşı, Azərbaycanda xarici oyunların ölkədə satışını təmin edən şirkətlər də var. Onlardan ən məşhuru və istifadəçilərin daha çox tərcih etdiyi Gamebuy şirkətidir. Belə ki,  şirkət xarici oyunların ölkəmizdə manatla onlayn satışnı təmin edir. Gamebuy-da məhsullar orjinal qiymətlərindən daha ucuzdur.

Lakin xarici oyun məhsullarının istifadəsindəki digər problem isə pirat   proqramlardan istifadə məsələsidir.

Məlum olduğu kimi, bəzən istifadəçilər orjinal məhsullara ödəniş etməkdənsə, internetdəki pulsuz pirat proqramlarından istifadəni üstün tutur.

Qeyd edək ki, Gamebuy-da satılan oyunlar barədə ətraflı məlumat yoxdur. Sayta daxil olub, sadəcə oyunun adı, qiyməti  ilə bağlı məlumat ala bilirsiniz. Oyunlar haqda şərh və analtik yazılar yoxdur. Yəni, oyunlar şərh edilmir.

Məsələn, saytda Left 4 Dead 2 oyunu satışa qoyulub. Oyunun üzərində köhnə və yeni qiymətlər var. Oyun haqda məlumatlar bununla kifayətlənir.

Xeberler.az-ın məlumatına görə, yeni yaradılan Gameİnfected  şirkəti Gamebuy ilə ortaq fəaliyyət göstərəcək və xaricdən alınan oyunlar barədə məlumat xarekterli məqalələr yayımlayacaq.

Bununla bağlı daha ətraflı şirkətin komandasından olan Musa Abbasov ilə söhbət etdik.

Musa Abbasov  tələbə olsa da, Microsoft şirkətində könüllü olaraq çalışıb, hazırda Gameİnfected komandasının bir üzvüdür.

Şirkətlərinin fəaliyyəti ilə bağlı məlumat verən Musa Abbasov deyir ki, Gameİnfected komandası insanları orjinal məhsullara cəlb etməyə çalışır.

Onun sözlərinə görə, artıq 1 ilə yaxındır ki, Gamebuy şirkəti ilə çalışırlar və 3 mindən çox istifadəçi orjinal məhsul almağa cəlb ediblər:

“ Bu gün Azərbaycanda  pirat proqramından istifadəyə üstünlük verilir. Azərbaycanda oyun sahəsində pirat proqramlarından geniş isifadə edildiyi üçün  digər ölkələrdən geri qalırıq. Elə götürək Steam platformasını. Dünyada oyunların mərkəzi  Steam hesab edilir.  Platforma rəqəmsal video oyun və proqramlar nəşr edən servisdir və məşhur Valve şirkətinə məxsusdur. Sistemdə qeydiyyatdan keçəndə nə Azərbaycanın adı, nə Azərbaycan dili , nə də milli valyutası qeyd edilməyib. Halbuki, sistemdə digər qonşu ölkələrin adı, dili və pul vahidi var. Bu da onunla əlaqəlidir ki, Azərbaycanda  əksər istifadəçi pirat proqramlarını  üstün tutur. Ona görə də Valve Azərbaycan bazarına maraq göstərmir. Azərbaycan  bu cür məşhur şirkətin orjinal məhsulunu yox, pirat formasını tərcih edən bir  dövlət kimi xatırlanır və ona görə də şirkət bizim bazara diqqət etmir.  Bu da Azərbaycanı həm oyun sektorundan, həm də digər ölkələrdən geri salır”.

Həmsöhbətimiz deyir ki, Gameİnfected bu istiqamətə ölkəmizdə inkişafa təkan verəcək, pirat və orjinal oyun proqramları ilə bağlı istifadəçiləri məlumatlandıracaq:

“Biz bu yanaşmanı dəyişmək istəyirik. İnsanların orjinal məhsullardan istifadə etməsinə çalışırıq. Hazırda şirkətimizin saytı hazırlanır. Biz orada insanlara oyunlar barədə ətraflı məlumat verəcəyik. Pirat və orinal məhsulların müaqayisəsini təhlil edib, pirat proqramın mənfi tərəflərini şərh edəcəyik”.

Musa Abbasov Gameİnfected komandasının və Gamebuy ilə olan ortaq fəaliyyətinə aydınlıq gətirib:

“Gamebuy-ın  məhsulu var və onu satışa çıxarmaq istəyirlər. Onlar oyunu saytda yerləşdirir, amma haqında ətraflı məlumat qeyd etmirlər. Bizim komanda isə oyun haqda yaxşı bilir. Biz  araşdırmalar edirik.  Bunu üçün redaktorlarumuz var. Komandamızda 12 nəfər çalışır. Biz isə saytımızda oyunların nədən ibarət olduğunu, müsbət və mənfi tərəflərini şərh edir, bu barədə  istifadəçilərə geniş məlumat çatdırmağa çalışır. Saytımıza daxil olub, məqalələri oxuyan istifadəçilər keçid vasitəsi ilə Gabebuy-a daxil ola biləcək. Yəni, məqalənin aşağı hissəsində bu məhsulu almaq istəsəniz, sizi Gamebuy-a aparacaq link yerləşdiriləcək”.

Musa Abbasov deyir ki, son vaxtlar Azərbaycanda da  oyun sahəsinə maraq daha çox artıb:

“Bizim platforma mərkəz olacaq. Oyun almaq istəyən və yaxud da oyun barədə məlumat əldə etmək istəyənləri bir araya toplayırıq. Hətta  ola bilər ki, istifadəçi oyununda növbəti mərhələyə  keçə bilməsin. Biz bu məsələdə də onlara yardım edəcəyik. Hazırda Facebook səhifəmiz  vasitəsilə istifadiçələrə qeyd etdiyimiz məqamlarla bağlı yardım edirik. Etiraf edim ki, bəzən o qədər sual olur ki,  12 nəfərlik heyətimizlə də çatdıra bilmirik. Yəni, bu sahəyə ölkəmizdə maraq getdikcə artır. Komandamız istifadəçiləri pirat yox, orjinal məhsul almağa cəlb etməyə  çalışır ki, gələcəkdə  beynəlxalq şirkətlər bizim bazara maraq göstərsin. Elə bir müddətdən sonra Valve-nin özü ilə danışıb, bizdə bu sahədə inkişaf olduğunu ona sübut edərək Azərbaycanın da Steam platformasına daxil edilməsinə nail ola bilərik. Bu, hamımız üçün faydalı olar”.

Gameİnfected-ə Microsoft və Gamebuy şirkəti dəstək verir.

Gameİnfected-in fəaliyyəti ilə bağlı yaxın zamanda təqdimat mərasimin keçiriləcəyi nəzərdə tutulub.

 

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.