“Dövlət tərəfindən dəstək və maliyyə ayrılsa, milli ruhda, vətənpərvərlik mövzusunda oyunlar yaratmaq olar”
Tor Digital Agency-nin baş direktoru Toğrul Səmədovun Xeberler.az-a müsahibəsi
-Tor Digital Agency nə vaxtdan fəaliyyət göstərir?
-Tor Digital Agency Azərbaycanda 3 ildir fəaliyyət göstərir. Mən ümumilikdə 10 ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm. Qlobal bazarın proektlərini adətən xaricdəki komandalarım edir. Hazırda Rusiyada, Sankt-Peterbuqda və Moskvada qeydiyyatdan keçmiş şirkətlərimiz var. TOR Azərbaycanda sifarişçi rolunu oynayır, sifarişi yerinə yetirən isə Sankt-Peterburqda yerləşir.
- Oyunlar hansı proqramlarda tərtib olunur?
-Oyunları “Unity 3D game engine” üzərində yaradırıq. Unity 3D lisenziyası internet üzərindən satılır. Bu, bir oyunu bir dəfə yazıb sonra başqa platformalara çox tez zamanda inteqrasiya etməyə imkan verir. Buna “crossplatform” deyirik. Ona görə bir oyunu eyni zamanda həm Android, həm İOS, həm PS, həm də PC üçün istehsal etmək olur.
-Bu günə qədər neçə oyun yaratmısınız?
-Tor Digital Agency şirkəti oyunların hazırlanması ilə bir ildir məşğul olur. Şirkət tərəfindən 20-dən çox oyun yaradılıb, amma onların 3 - 4-nü ciddi məhsul kimi qəbul edirik. TOR indiyə qədər yalnız saytların hazırlanması ilə məşğul olub. Şirkət oyun bazarında çox yenidir.
-Bu yaxınlarda yeni oyun “Fatal Fight”-ı bazara təqdim etmisiniz. Oyunu yerli bazarımızın məhsulu kimi qəbul etmək olarmı?
-Yeni oyunun komanda üzvlərinin hamısı xarici vətəndaş olduğuna görə əhali arasında bəzi narazılıqlar yarandı. “Bu necə olur ki, oyunu yaradanlar xarici vətəndaşlardır, amma oyunu yerli məhsul kimi təqdim edirsiniz?”-sualını verənlər çoxdur.
Amma Tor Digital Agency Azərbaycan şirkəti olduğu üçün oyun da bizə aiddir. Oyunu kimlərin hazırlamasından asılı olmayaraq “Fatal Fight”Azərbaycanın məhsuludur. Çünki ən məşhur ( Facebook, Google və s.) İT qurumlarının tərkibi belə birmilllətli deyil. Onların komandalarının tərkibində müxtəlif ölkələrin İT mütəxəssisləri var. Mən azərbaycanlıyam və oyunun müəllif hüquqları mənə məxsusdur.
- Oyunun test mərhələsini bitirmisinizmi ?
Hələlik sınaq mərhələləri davam edir. Onu da deyim ki, “Fatal Fight” Android sisteminin həvəskarları üçün artıq istifadəyə verilib. Lakin hələlik bu sınaq mərhələsindədir ( soft launch). Yaxın 1 ay ərzində İOS sistemi istifadəçiləri, Facebook və Vkontakte sosial şəbəkələrinin ziyarətçiləri üçün də istifadəyə veriləcək. Sınaq mərhələsi o deməkdir ki, oyunu qlobal bazara təqdim etmədən öncə onu kiçik bazarda sınaqdan keçirmək lazımdır. Oyunda hər hansı səhvlər varsa, onları yenidən düzəldib bazara təqdim etmək üçün bu mərhələ vacibdir. Oyunları sınaq etmədən qlobal bazara çıxarmaq sərfəli olmaya bilər və mənfi nəticələr verə bilər.
Sadə idarə olunan, lakin cəldlik tələb edən döyüş üslubunda olan oyunu Android sisteminin istifadəçiləri “Playstore”dan yükləyə bilərlər- https://play.google.com/store/apps/details?id=fatal.fight. Oyunun yaş həddi 16 yaşdan yuxarıdır.
- Əgər sirr deyilsə bu oyunun hazırlanmasına nə qədər vəsait xərcləmisiniz? Nəçə nəfər bunun üzərində çalışıb ?
-“Fatal Fight”-ın oyununu hazırlanmasına 100 min dollara yaxın vəsait sərf olunub.
Oyunu hazırlayan əsas komanda 7 nəfərdən (ümumilikdə 14 nəfər) ibarətdir və 6 ay müddətində hazırlanıb. “Fatal Fight”-ın vizual effektləri “Mortal Combat”, Gameplayi isə ”Thimberman” oyununun (sağ - sol düymələri vasitəsilə idarə olunma) motivləri əsasında hazırlanıb.
-Oyunları yaradarkən qəhramanlar nəyin əsnasında seçilir?
-Qəhrəmanları oyunun ssenarisini yazan Game Dizaynerlər seçir. Onlar oyunları hər ölkənin motivinə uyğun olaraq seçirlər. Game Dizaynerlərin bizə təqdim etdiyi oyun ssenarisini biz təsdiq edirik və məhsulun hazırlanmasına başlayırıq.
-Milli oyunlarımızı yaratmağı düşünürsünüzmü? Məsələn, Babəkin, Koroğlunun qəhrəmanlıqlarını əks etdirən və yaxud Qarabağdan bəhs edən milli oyunların, vətənpərvərlik mövzusunda olan oyunların yaradılması maraqlı olardı.
-Milli oyunların yaradılması müsbət hal olardı. Azərbaycanda bu işlə məşğul olan yeganə Azdimension komandasıdır. Həmin komanda həvəskar gənclərdən təşkil olunub. Onların məqsədi pul qazanmaq yox, məhz bu işlə həvəskar məşğul olmaqdır. Hətta Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi onlara dəstək verir ki, gənclər maraqlarını inkişaf etdirsinlər. Tor Digital Agency şirkəti olaraq məqsədimiz isə pul qazanmaqdır. İstiqamətimizi bu yöndə formalaşdırmışıq. Bizim isə dövlət tərəfindən dəstəyimiz olmadığı üçün Tor Digital Agency ancaq kommersiya proektləri edir. Milli janrda oyunların hazırlanması kommersiya tərəfindən sərfəli deyil. Qlobal bazarda belə oyunları qəbul etmələri üçün marketinqə daha çox vəsait sərf olunmalıdı. Dövlət tərəfindən dəstək və maliyyə ayrılsa, milli, vətənpərvərlik mövzusunda yüksək keyfiyyətli oyunlar yaradıb bütün dünyaya təqdim etmək olar. Məsələn, Cut the Rope adlı oyunun istehsalçısı Zeptolab şirkətidir – bütün dünya Rusiya komandasının belə uğurlu və milionlar gətirən şirkət qura bilməsinə heyrandı. Yəni ölkəni təmsil etmək üçün oyunun kommersiya tipli olub olmaması o qədər vacib deyil, hətta proekt böyük pullar gətirsə bu daha effektiv olur.
-Azərbaycanda hər hansı qurum, şirkətlərdən oyunlar üçün təklif, sifarişlər alırsınızmı?Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin oyunlar üçün təklifi olubmu?
-Hazırda Azərbaycanda şirkətimiz barədə məlumat azdır. İT sahəsində olan həmkarlarımız bizi tanısa da, yerli bazarda bizi şirkət olaraq çox az adam tanıyır. Çunki yerli bazara aid demək olar proektimiz yoxdur. Buna görə də oyunlarla bağlı heç bir təklif almamışıq. Sadəcə bəzi şirkətlərdən sifariş tipli təkliflər olunub. Yerli bazarda bu sahəyə qiymət verilmədiyi üçün sifarişləri qəbul etməmişik. İşçilərimizin maaşı çox yüksəkdir. Bunnan irəli gələrək sifarişin dəyəri də yüksək olur. Azərbaycan bazarında bu qiymətlə razılaşma halları mümkün olmadığı üçün əsas fəaliyyətlərimiz xarici ölkələrdə qurmuşuq. Azərbaycanda sifarişçilər ucuz, tez zamanda başa gələn və keyfiyyətli məhsul tələb edirlər. Bu isə mümkün deyil. Həmişə keyfiyyətli İT məhsulu gec və baha başa gəlir.
-Şirkətinizin dizayn tərtibatı üzrə komandası yerli mütəxəssislərdir?
-Azərbaycandakı komandamız əsasən Webdeveloperlərdən ibaret komandadır. Onlar yalnız saytların hazırlanması ilə məşğuldurlar. Bu komandanın oyunlarla əlaqəsi çox azdır.
-Azərbaycanda oyun bazarını inkişaf etirmək üçün hansı addımlar atılmalıdır?
-Əvvəlcə xarici vətəndaşların yerli şirkətlərdə işə düzəlməsi üçün imkan yaradılmalıdır. Əlavə vergilərdən azad olmalıdır. Onların Azərbaycanda yaşamaları üçün bütün ehtiyacları ödənilməldir. Lakin bu gün xarici işçini Azərbaycana gətirmək heç bir yerli şirkətə sərf etmədiyi üçün onlar da öz fəaliyyətlərini xaricdə qururlar. Xarici mütəxəssisləri Azərbaycana gətirib, onlarla əməkdaşlıq əlaqələri qurulsa, bu sahə ilə maraqlanan yerli həvəskarlar da xaricilərin yanında təcrübə keçmək imkanı qazana bilərlər. Bununla da, oyun bazarını Azərbaycanda inkişaf etdirmək üçün müəyyən yerli kadrlar yetişə bilər.
-Azərbaycanda startapların fəaliyyətlərini izləyirsinzmi? Bu sahənin inkişafını necə dəyərləndirərdiniz?
- Hər bir işin başlanğıcı çətin olur. Startaplar ölkədə yeni yaransa da, hər gün onların sayı artır. Son dövrlərdə bu proses daha da güclənib. Lakin təəssüflər olsun ki, bu gün yerli startapların çox hissəsi qlobal düşüncə ilə yaradılmır. Əslində startapçılar yalnız yerli bazarı yox, xarici bazarı düşünərək fəaliyyət göstərməlidirlər. Yerli bazarda məhsulu yalnız sınaq etmək olar, amma məhsulu geniş bazara ixrac etmək lazımdır. Ümid edirəm ki yerli startapların inkişafı gələcəkdə daha da güclənəcək.
-TOR şirkətinin gələcək fəaliyyət istiqamətləri hansılardır?
-Əsas məqsədimiz, oyunların tərtibatını Azərbaycanda inkişaf etdirməkdir. Bu sahədə bəzən müsbət irəliləyişlər olur. Dünya praktikası göstərir ki, hər bir sahəni inkişaf etdirmək üçün xüsusi vergidən azad zonalar yaradılır. Bizim ölkədə də artıq bu barədə düşünürlər. Məsələn, Yüksək Texnologiyalar Parkının yardılması bizə motivasiya oldu ki, fəaliyyətlərimizi Azərbaycanda da aktivləşdirək.
Lakin bu günə qədər Texnologiyalar Parkının hüquqi bazası təmin edilməyib. Hüquqi baza olmayan yerdə də layihə öz mahiyyətini itirir. Ona görə hal hazırda biz Texnoparkın vergilərdən azad olunmasını gözləyirik. Bu olduğu halda biz böyük intuziazmla bu işi Azərbaycanda inkişaf etdirmək üçün xaricdəki komandalarımızı Bakıya gətirib bu işi inkişaf etdirə bilərik.
Məltəm Talıb
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri