Daşınmaz əmlakın onlayn rəsmiləşdirilməsinə başlanıb

17-11-2015 / 16:52

Azərbaycanda daşınmaz əmlakın yeni sahiblərinin adına rəsmiləşdirilməsi onlayn həyata keçirilməyə başlanılıb.

Əmlak Məsələləri Dövlət Komitəsindən Xeberler.az-a verilən məlumata görə, bu yenilik istifadəyə verilən “Daşınmaz əmlakın təkrar qeydiyyatında yeni onlayn xidmət” sayəsində mümkün olub.

Yeni xidmət notariuslarda bağlanan əmlak alqı-satqı müqavilələrinin onlayn rejimdə birbaşa olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (DƏDRX) göndərilməsini nəzərdə tutur. Nəticədə alqı-satqı müqavilələri notariusdan onlayn formada birbaşa DƏDRX-ə göndərildiyinə görə vətəndaşların sənədləşmə üçün yenidən ərazi qeydiyyat idarəsinə gəlməsinə ehtiyac qalmayıb. İndi əmlakın yeni sahibi qeydiyyat idarəsinə cəmi 1 dəfə – öz adına olan "Çıxarışı" götürməyə gedir.

Bu yalnız əmlakın alqı-satqısına deyil, vərəsəlik, bağışlanma və digər hallara da aiddir. Başqa sözlə, notariat kontorlarında daşınmaz əmlakın alqı-satqısı, vərəsəlik, bağışlanma və s. əməliyyatlar zamanı bağlanan müqavilə notariusdan birbaşa DƏDRX-in ərazi idarəsinə göndəriləcək və əmlak avtomatik olaraq öz yeni sahibinin adına qeydiyyatdan keçəcək.

Komitənin digər onlayn xidmətləri kimi, haqqında danışılan yeni onlayn xidmət də Daşınmaz Əmlakın Milli Qeydiyyatı Sistemi (MQS) əsasında fəaliyyət göstərir. Belə ki, daşınmaz əmlakın təkrar qeydiyyatı ilə bağlı alqı-satqı müqaviləsi bağlandıqdan sonra müqavilə barədə məlumatlar onlayn rejimdə Sistemə ötürülür. Sistemdə avtomatik olaraq daşınmaz əmlakın qeydiyyatı ilə bağlı ərizənin nömrəsi və çıxarışın hazır olma tarixi bəlli olur. Bu barədə vətəndaşa elektron və kağız formada bildiriş verilir.

Yeni onlayn xidmətdən istifadə zamanı dövlət rüsumu və xidmət haqqını da onlayn qaydada ödəmək mümkündür. Ümumiyyətlə, ödənişləri bank, "e-Hökumət" portalı, ödəniş terminalları vasitəsilə aparmaq olar. Alqı-satqı zamanı isə ərizəçi birbaşa notariat kontorunda quraşdırılmış onlayn ödəniş terminallarında ödənişlər edə bilir. Yəni ödəniş etmək üçün əlavə yerə getməyə ehtiyac qalmır.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.