Dövlət Gömrük Komitəsində yeni elektron xidmət istifadəyə verildi

12-04-2016 / 12:12

Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi prosesində şəffaflığın və səmərəliliyin ən yüksək səviyyədə təmin edilməsi və bu sahədə vətəndaş-məmur təmasının minimuma endirilməsi məqsədilə ölkədə elektron gömrük bəyannamələrinin tətbiqinə başlanıb.

Belə ki, cari ilin 4 aprel tarixindən etibarən pilot  layihə çərçivəsində Elektron Hökumət Portalında (www.e-gov.az) malların və nəqliyyat vasitələrinin gömrük sərhədində bəyan edilməsinə dair elektron xidmət fəaliyyət göstərir.

Sözügedən elektron xidmətdən “Asan İmza” mobil elektron imza vasitəsilə istifadə edərək vətəndaşlar xaricdən gətirdikləri malları və nəqliyyat vasitələrini gömrük təmsilçiliyi institutu çərçivəsində operativ olaraq onlayn şəkildə gömrük rəsmiləşdirməsindən keçirə bilər.

Bunun üçün deklarant "Asan İmza" ilə Elektron Hökumət portalına daxil olmalı (autentifikasiyadan keçməli) və müvafiq elektron xidməti seçərək gömrük bəyannaməsini elektron şəkildə doldurmalı, sonda bəyannaməni Asan İmza ilə təsdiqləməlidir (imzalamalıdır).

Elektron gömrük bəyanetmə sisteminin tətbiqi gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük orqanlarına bəyan edilməsi ilə bağlı prosedurların sadələşdirilməsi, gömrük xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsi, sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması və xarici ticarət əməliyyatlarının daha da stimullaşdırılmasına xidmət edir.

Qeyd etmək lazımdır ki, gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi prosesində ən zəruri məqam bəyannamənin vətəndaş tərəfindən imzalanmasıdır. Yeni elektron bəyanetmə sistemi istifadəyə verilənədək bu əməliyyat gömrük sərhədlərində mal sahibinin kağız üzərində formanı dolduraraq imzalaması ilə aparılırdı.

Ölkəyə idxal edilən malların və nəqliyyat vasitələrinin gömrükdə elektron bəyan edilməsi zamanı “Asan İmza” xidmətindən istifadə bu əməliyyatın olduqca rahat və çevik şəkildə icra edilməsi və istifadəçi məmnuniyyəti baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, mal sahibləri bu əməliyyatı əvvəldən sonadək sadəcə “Asan İmza” xidmətinin aktiv olduğu nömrənin olduğu mobil cihazdan (mobil telefon, planşet və s.) istifadə etməklə yerinə yetirə bilər və bu zaman hər hansı əlavə qurğulara (smart-kart, USB kart oxuyucu və s.) ehtiyac yoxdur.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.