Əfqanıstan nümayəndə heyəti “Asan İmza” ilə tanış olub

06-12-2016 / 13:55

Əfqanıstan İslam Respublikasından ölkəmizə gəlmiş və 27-30 noyabr tarixlərində Bakıda səfərdə olmuş nümayəndə heyəti “Asan İmza” innovativ mobil gücləndirilmiş elektron imza texnologiyası ilə tanış olub.

Əfqanıstan İslam Respublikasının “ASAN Khedmat” qurumunun direktoru, Daxili İşlər Nazirinin müavini və digər dövlət orqanlarının yüksək vəzifəli şəxslərindən ibarət nümayəndə heyətinin ölkəmizə səfərində məqsəd Azərbaycanda əhaliyə göstərilən xidmətlər prosesində tətbiq olunan müxtəlif elektron xidmətlər və qabaqcıl texnologiyalarla yaxından tanışlıq və müvafiq təcrübə mübadiləsini aparmaq təşkil edib.

Xeberler.az-ın məlumatına görə, nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, eləcə də bir sıra digər dövlət və özəl qurumlarda müxtəlif görüşlər keçirib.

“Asan İmza” mobil elektron imza sisteminin təqdimatına həsr olunmuş tədbirdə qonaqların diqqətinə çatdırılıb ki, “Asan İmza” mobil gücləndirilmiş elektron imza xidməti dövlət və özəl qurumlarının müxtəlif elektron xidmətlərdən istifadə zamanı vətəndaşlara geniş imkanlar təqdim edən tamamilə yeni texnologiyadır. Bildirilib ki, mobil gücləndirilmiş elektron imza sistemi hazırda ölkə üzrə 500-dən çox elektron xidmətdə istifadə olunur.

Ötən il “Asan İmza” texnologiyası Əfqanıstanın paytaxtı Kabil şəhərində təqdim olunub və təqdimat zamanı Azərbaycan texnologiyasına böyük maraq yaranıb. Diqqətə çatdırılıb ki, innovativ texnologiya olan “Asan İmza” Əfqanıstanda əhaliyə gücləndirilmiş elektron imza xidmətinin təqdim edilməsində geniş şəkildə istifadə oluna bilər.

Belə ki, bu texnologiya ölkədə internetin müxtəlif səviyyələrdə mümkün olduğu kənd əraziləri də daxil olmaqla müxtəlif regionlarda, istənilən növ mobil telefonlar vasitəsilə müxtəlif kompyuter biliklərinə sahib olan vətəndaşlar tərəfindən istifadə oluna bilir.

İnnovativlik, yüksək təhlükəsizlik, eləcə də istifadədə asanlıq “Asan İmza” xidmətini bu texnologiyanın təqdim olunduğu digər dövlətlər üçün də  cəlbedici edir. Hazırda “Asan İmza” mobil elektron imza texnologiyasının yaxın və uzaq xaricə ixracı üçün müvafiq iş aparılır.

Cari ilin noyabr ayında B.EST Solutions şirkəti və ISESCO arasında Azərbaycanın mobil identitet texnologiyası bazasında bu təşkilat üçün dünyada ilk olaraq transmilli elektron imza və sənəd dövriyyəsi platformasının işlənməsi və tətbiqi ilə bağlı müqavilə imzalanıb.

Hazırda “Asan İmza” dövri olaraq “Made in Azerbaijan” brendi altında müxtəlif beynəlxalq tədbirlərdə təqdim edilir.

Təqdimat çərçivəsində həmçinin nümayəndə heyətinin üzvləri “Asan İmza” texnologiyasının istifadə olunduğu sahələr barədə də ətraflı şəkildə məlumatlandırılıblar.

Qeyd olunub ki, hazırda elektron vergi bəyannamələrinin təqdimi, əmək müqavilələrinin elektron qeydiyyatı, müxtəlif məhsulların və nəqliyyat vasitələrinin gömrükdə bəyan edilməsi, ali təhsil müəssisələrinə tələbələrin onlayn qeydiyyatının aparılması, internet və mobil bankçılıq kimi müxtəlif xidmətlər “Asan İmza” vasitəsilə reallaşdırılır.

“Asan İmza” müxtəlif dövlət və özəl qurumlarının telefon-məlumat mərkəzlərinə inteqrasiya olunub.

Təqdimatın sonunda nümayəndə heyətinin üzvləri Azərbaycanın mobil identitet və imza texnologiyasını yüksək qiymətləndirərək elektron xidmətlər və innovativ həllər sahəsində iki ölkə arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Günel

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə