Dövlət xidmətləri “ASAN xidmət indeksi” üzrə qiymətləndiriləcək

09-06-2016 / 22:12

Prezident İlham Əliyev "Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

 Xeberler.az-ın məlumatına görə, dəyişikliklərə əsasən, fərmanda aşağıdakı məzmunda 2.3-2.6-cı bəndlər əlavə edilib:

 "2.3. Bu fərmanın 3-cü hissəsində nəzərdə tutulmuş qurumların göstərdiyi xidmətlərlə bağlı daxil olan müraciətlərin (təklif və şikayətlərin) aidiyyəti üzrə müraciətə baxan subyektlərə göndərilməsini və onlar tərəfindən cavablandırılmasını Elektron Reyestr vasitəsilə təşkil etsin;

 2.4. "ASAN xidmət indeksi"ni təşkil edən aşağıdakı parametrləri rəhbər tutmaqla, Elektron Reyestrə daxil edilmiş xidmətlərin qiymətləndirilməsini həyata keçirsin:

 2.4.1. xidmət barədə məlumatlandırma (xidmət üçün tələb olunan sənədlər və xidmət haqları barədə məlumatlandırma, sorğu xidmətinə edilən müraciətlərin cavablandırılma operativliyi və s.);

 2.4.2. xidmətə müraciət imkanları (elektron, poçt, birbaşa);

 2.4.3. xidmətin göstərilmə müddəti;

 2.4.4. xidmətin təşkilində istifadə edilən informasiya ehtiyatlarının elektronlaşdırılması və digər dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiyası;

 2.4.5. xidmətlərin təşkili ilə bağlı əməkdaşlara təlim keçilməsi;

 2.4.6. şikayət və nəzarət mexanizmləri;

 2.4.7. vətəndaş məmnunluğunun ölçülməsi mexanizmləri;

 2.5. Elektron Reyestrə daxil edilmiş hər bir xidmət üzrə "ASAN xidmət indeksi"nin Elektron Reyestrdə yerləşdirilməsini təmin etsin;

 2.6. Dövlət xidmətlərinin "ASAN xidmət indeksi" üzrə qiymətləndirilməsi qaydalarını müəyyən etsin.".

 Həmçinin aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilir:

 "3-1. Dövlət xidmətləri barədə məlumatlandırmanın vahid mənbədən həyata keçirilməsini və dövlət xidmətləri barədə məlumatların mütəmadi yenilənməsini təşkil etmək məqsədilə bu fərmanın 3-cü hissəsində nəzərdə tutulmuş qurumlar öz rəsmi internet informasiya ehtiyatlarında dövlət xidmətləri bölməsinin yaradılmasını, burada müvafiq dövlət xidmətləri barədə Elektron Reyestrdəki məlumatlara keçidin yerləşdirilməsini və elektron xidmətlərin həmin bölmədən həyata keçirilməsini 2016-cı il oktyabrın 1-dək təmin etsinlər.".

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə