Enerji sektorunda baş verən qəza, onun səbəbləri və nəticələri haqqında

04-07-2018 / 00:32

Nə baş verib ?
Fakt ondan ibarətdir ki “Azərbaycan” İES-in 6-cı blokunda yüklənmə səbəbindən partlayış olub. Yüklənməyə səbəb olaraq Azərenerji rəsmiləri isti havanı günahkar bilirlər.

Partlayışdan sonra nə baş verib ?
Bir blokda baş verən partlayışdan sonra ölkənin bütün ərazisində enerji kəsilib, anlaşıqlı desək fövqalədə bir vəziyyət yaranıb. Bütün güc strukturları ayağa qaldırılıb, gücləndirilmiş iş rejiminə keçirilib. 6-7 saat ölkənin əsas şəhərləri, strateji obyektlər enerjisiz qalıb. 

Vəziyyətdən çıxmaq üçün qonşu ölkələrin enerji şəbəkələrinə qoşularaq qismən də olsa enerji əldə olunub.

Sonradan isə, yenə də Azərenerji rəsmilərinin bildirdiyinə görə sistemin bərpası məqsədilə yenidən enerji kəsilib və 2-4 saat ərzində bərpa olunmağa başlayıb.

 Bəs əslində partlayışa səbəb nə ola bilərdi ?
Müşahidələr və araşdırmalar göstərir ki həqiqətən də 6-cı blokda qabaqcadan ciddi problemin olması bilinib. Rəsmi sənədlərdə də bu blokun əsaslı yenidənqurmaya ehtiyacı olduğu öz əksini tapıb. Yəni rəsmilərin dediyi isti hava əslində səbəb deyil, daha çox bəhanədir. Problem qabaqcadan bilinib. 

Güman ki məsuliyyətsizlik və etinasızlıq ucbatından zamanında problemə ciddi diqqət yetirilməyib və əsaslı yenidənqurma aparılmayıb. Və nəticədə də, necə deyərlər gözlənilən baş verib. Çünki, özləri qabaqcadan yazıblar ki problem gözlənilir.

 Nə üçün bir partlayışla bütün ölkə üzrə enerji sistemi çöküb ?
Artıq tam əminliklə demək olar ki bunun səbəbi, ümumiyyətlə belə bir dayanıqlı enerji sisteminin olmamasıdır. Yəni, baxmayaraq ki son illərdə 20-25 elektrik stansiyasının tikildiyi bildirilirdi , realda vəziyyət elə olub ki bu stansiyalar alternativ, ehtiyat sistemlər üzərində oturdulmayıb. Alternativ xətlər, paylayıcı sistem, avtomatik rejimdə alternativlərin qoşulması sistemi olmayıb. Alternativ enerji sistemi realda movcud olmayıb.

Anlaşıqlı formada desək bütün ölkənin enerji sistemi bir mənbəyə istiqamətlənməklə, bir ana xətt üzərində qurulub.

Hansı ki oxşar hadisə 2-3 il öncə ölkə üzrə İnternetin kəsilməsi zamanı baş vermişdi.
İnternet ölkəyə müxtəlif istiqamətlərdən daxil olsa da əsasən bir nöqtədən paylanırdı. Çünki həmin nöqtədə insanları izləmək üçün MTN xüsusi sistem quraşdırmışdı.
Yəni, internetin əslində bir nöqətdən paylanması qabaqcadan, şüurlu olaraq həyata keçirilmişdi. 

Enerji sistemində isə əksinə , Azərenerji paylama sisteminin mövcudluğunu, alternativlərin mövcudluğunu dəfələrlə elan etmişdi.

Nə üçün Azərenerji zamanında hadisələri analiz edib, araşdırıb qabaqlayıcı tədbirlər görə bilməyib ?
Bu isə artıq İT, daha doğrusu İKT məsləsidir. Azərenerji əslində bütün elektrik stansiyalarını və xətlərini real vəziyyətdə idarə edən bir telekommunikasiya və rəqəmsal sistemin – SCADA-nın olduğunu bildirirdi. Hansı ki biz xarici ölkələrdə bunu müşahidə edirik ki bir dispetçer otağından hər şeyi idarə etmək mümkün olur.

Amma baş verənlər göstərir ki bu sistem bizdə normal işləməyib. Çünki normal olsaydı bütün baş verənlər haqqında məlumatlar , xəbərdarlıqlar , sistemin yüklənməyi haqqında hər şey qabaqcadan Azərenerjidə olmalıyıdı. Sistem qabaqcadan həyəcan siqnalı çalmalıydı. Belə bir normal sistem olsaydı və alternativlər olsaydı qəza olanda sistem də həmin alternativləri qoşmalıyıdı. Təəssüf ki bunların heç biri reallaşmayıb.

Güman ki SCADA formal olaraq , sıradan bir telekommunikasiya şəbəkəsi olaraq mövcud olub, nəinki rəqəmsal, intellektual bir infrastruktur olaraq.

Görəsən kim qurub bu SCADA-nı ? XDMX bunu testdən , auditdən keçiribmi ? Bu sistemə kənardan müdaxilələr mümkün idimi ? Sistemin informasiya təhlükəsizliyi necə qurulub ?

Ümumiyyətlə, yeri gəlmişkən qeyd etmək istərdim ki, müşahidələr göstərir ki, baş verən bütün bu tip hadisələrin kökü sonda İKT-yə dirənir. Yəni İT-ə münasibətin yetərli olmaması, normal , intellektual idarəetmə sisteminin, xəbərdarlıq sisteminin qurulmaması, İT mütəxəssislərə yetərincə diqqət yetirilməməsi sonda daha ağır fəsadlar törədir.

Elə bircə misal çəkə bilərəm. Fikrimcə, SOCAR-da ötən illərdə baş verən faciələrdən sonra onun İBM –lə iş birliyi quraraq bütün SOCAR sisteminin İT üzərinə, intellektual idarəetmə üzərinə gətirmək istiqamətindəki addımları da məhz bu tip hadisələri zamanında qabaqlamaq məqsədi daşıyır.

 Nəticə.
Düşünürəm ki ali hökumət baş verənlərdən nəhayət ciddi nəticələr çıxarmalıdır. Bundan öncə də bu tip hadisələr olduğundan məsuliyyət məsələsi ön plana çəkilməlidir. Bu tip hadislərin təkrarlanmaması üçün tədbirlər görülməlidir. Dövlət nəzarəti gücləndirilməlidir. Ümumiyyətlə , fikrimcə PA nəzdində olan dövlət nəzarəti ilə bağlı qurumu tamamilə yenidən qurmaq , ona ciddi səlahiyyətlər vermək indiki zamanda doğru olardı.

Bəzi məmurların var qüvvəsi ilə varlanmaq hərisliyinin, nəyin bahasına olursa olsun büdcədən vəsaitlər mənimsəmək hallarının qarşısı alınmalıdır. Resusrlardan səmərəli və effektiv istifadəyə ciddi nəzarət olunmalıdır.
Yeri gəlmişkən , şəxsən özümün müşahidə etdiyim bir epizodu qeyd etmək istərdim . Hansısa rayonda SES-in açılışında, binanın içərisi efirdə göstəriləndə mənə elə gəlmişdi ki ora stansiya yox , sanki saraydır, muzeydir.

Ölkədə bütün vacib infrastrukturun alternativlər üzərində, İT üzərində qurulması təmin olunmalıdır. NRYTN, Elektron Hökumətin İnkişafı Mərkəzi dövlət sektorunda İT-yə, innovasiyalara münasibətin dəyişməsi istiqamətində ciddi işlər aparmalıdırlar. Özəl sektorun da bu sahəyə cəlb edilməsinin faydalı olacağını düşünürəm.

 

Osman Gündüz
03.06.2018

P.S.
Bu gün mən enerji sektorunda olan qəza ilə bağlı Prezident tərəfindən yaradılan Komissiyanın tərkibinə baxıb bu qəzada təxribat ehtimalı ola biləcəyini də qeyd etmişəm. Düzü, o qədər inandırıcı olmasa da, düşünürəm ki, müvafiq qurumların təhqiqat aparması doğru olardı.
Hansı ki bir sıra ölkələrdə də olub ki, SCADA sistemlərinə kənardan müdaxilə ilə, elə insan faktoru ilə də enerji sistemlərində qəzalar törətmək mümkündür. 


P.S.S. 
Backbone provayderlərin, Azərtelekom və Delta Telekom-un, NRYTN Data Mərkəzinin, ölkə üzrə fəaliyyət göstərən DGK-nın və bütün dövlət qurumlarının  "oturduğu" XDMX informasiya sistemlərinin bu proseslərdə normal fəaliyyətinin təmin olunmasını xüsusi qeyd etmək istərdim. Adətən bu tip qurumlarda enerjiyə böyük tələbat olur. Buna baxmayaraq onlar dayanıqlı fəaliyyət göstərə bildilər.
Bəziləri də bildiyim qədər mağazalarda nə qədər GENERATORLAR var hamısını almışdılar ki təki dayanıqlı işləyə bilsinlər. 
Təəssüf ki mobil operatorlar və bəzi provayderlər üçün bunu demək doğru olmazdı. Mobil operatorların, Azercell və Bakcell-in baza stansiyalarının bəzilərində enerji tükəndiyindən mobil internetlə bağlı problemlər yaşanırdı. Eyni zamanda provaydrelərin avadanlıqlarında, ATS-lərdə olan avadanlıqlarının enerji ilə qidalanmasında olan problemlər ucbatından internet bağlantısında da müəyyən kəsilmələr müşahidə olunurdu.


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.