Məlumat verdiyimiz kimi, Ruminiyanın Buxarest şəhərində keçirilən 14-cü "International Computer Project Olympiada-2016" (InfoMatrix)beynəlxalq layihə müsabiqəsində ölkəmizi təmsil edən məktəblilər 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar.
Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi İlkin Musayev elmi rəhbəri Aygün Əzizova ilə birlikdə müsabiqəyə qatılaraq, "Proqramlaşdırma" kateqoriyasında qızıl medal qazanıb. İlkin Musayevin layihəsi beynəlxalq ekspertlər tərəfindən maksimal–100 balla qiymətləndirilib və ən uğurlu layihə kimi qeydə alınıb.
Bu layihə 3D modellərinin qurulması sistemidir, real obyektlərin təqdimat modelləridir.
Xeberler.az olaraq İlkin Musayevin yaratdığı yeni proqramla və uğuru ilə bağlı daha ətraflı söhbət etmək üçün qalibimizin təhsil aldığı Akademik Zərifə Əliyeva liseyində olduq.
Öncə İlkin Musayev elmi rəhbəri, liseyin İKT üzrə direktor müavini Aygün Əzizova beynəlxalq müsabiqədə iştirakları barədə ətraflı məlumat verib.
Aygün Əzizova deyir ki. bu, bir nəfərin yox, bütün kolllektivin uğurudur:
“ Liseyimizin müəllimləri öz işinə çox peşəkarcasına yanaşır. Çalışırıq ölkə rəhbərliyinin, Təhsil Nazirliyinin bizə göstərilən etimadı hər zaman doğruldaq. Bu uğurumuz da məhz bu yanaşmanın nəticəsidir. Ölkə rəhbərliyinin də diqqəti ilə liseyimiz bütün İT təchizatı ilə yüksək səviyyədə təmin edilib. Şagirdlərin texnologiyalarla, kompüterlə işləməsi üçün liseydə hər bir şərait yaradılıb. Ona görə də şagirdlər öz layihələri üzərində lisyeydə rahat işləyə bilir, tapşırıqları öz kompüter və planşetləri ilə həll edə bilirlər”.
Onun sözlərinə görə, bu qələbə liseyin ilk uğuru deyil. Bundan əvvəl bir çox ölkələrdən İlkinlə bərabər qızıl medal gətiriblər:
“Biz hər dəfə müxtəlif ölkələrdə proqramlaşdırma ilə bağlı müsabiqlərdə iştirak edirik. Layihəmizi də həmişə formalaşdırıb, cəmiyyət üçün daha faydalı formada təkmilləşdiririk”.
Elmi rəhbər deyir ki, onlara qızıl medalı qazandıran layihə müxtəlif sahələrdə təqdimat etmək üçün yaradılan yeni bir sistemdir:
“ Ruminiyaya Təhsil Nazirliyinin dəstəyi ilə getdik. Qızıl medalı proqamlaşdırmada yeni sistem quraraq aldıq. İlkin Musayev özü bu proqramı kodlaşdırıb üzərində işləyib. Biz də dəstək olduq. Bu gün müxtəlif tədbirlərdə fəaliyyətlərimizi iştirakçılara göstərmək üçün təqdimat formaları olan Power Point və Prezi-dən çox istifadə edirik. Amma biz bu proqramla yeni təqdimat sistemi yaratdıq. Belə ki, yeni sistemlə bütün avadanlıqlarda (kompüter, planşet, telefon) rahat formada təqdimat hazırlamaq olur. Real obyekti istənilən ixtisas üzrə bu proqramda real olaraq vizuallaşdıra bilirik. Sistemdə qurulmuş əmrlərlə obyektə hərtərəfli baxa bilir, fiziki prosesi izləyə bilirik”.
Aygün Əzizova deyir ki, proqramla bağlı İlkin Musayevin təqdimatı müsabiqədə beynəlxalq münsifləri təəcübləndirib:
“ İlkinin çıxışından sonra münsiflər bu proqramla daha yaxından maraqlandı və təəccübləndilər. Hətta İlkinin onlarla işləyib, orada qalmasını istəyirdilər. İlkin isə bildirdi ki, o, Azərbaycana bağlıdır. İlkin həmişə deyir ki, hansı ölkədə oxumasından asılı olmayaraq sonra vətənə qayıdacaq və cəmiyyətimiz üçün çalışacaq”.
Lisey müəllimi qeyd edib ki, münsiflər heyətində Makedoniya, Ruminiya və digər ölkələrdən 6 nəfər iştirak edib, qiymətləndirmə aparıb:
“Münsiflər İlkinin təqdimatından sonra çox suallar verdilər. İlkin onlara ingilis dilində çox sərbəst və ətraflı cavab verdi. Hətta bu təqdimatın sonunda bir münsif dedi ki, bu şagirdin çıxışından sonra özümü aşağı səviyyəli ekspert saydım”.
Aygün Əzizova təqdimatdan sonra da müsabiqə iştirakçılarının layihə ilə bağlı onlara yaxınlaşıb, sistemlə çox yaxından maraqlandıqlarını bildirib:
“Müsabiqədə layihəmizi bəyəndilər. Yeni innovasiya olduğu üçün münsiflər çox yüksək səviyyədə dəyərləndirdilər. Bu, Azərbaycan adının uğuru idi”.
Qeyd edək ki, hər il ənənəvi olaraq 12-18 yaşlı məktəbli və gənclər arasında keçirilən InfoMatrix müsabiqəsinə bu il rekord sayda iştirakçı qatılıb. Belə ki, müsabiqədə 48 ölkədən 345 layihə ilə birincilik uğrunda mübarizə aparıb. Proqramlaşdırma bölümündə isə 95 layihə mübarizə aparıb.
Unreal Science proqramını yaradıb, ölkəmizə qızıl medal gətirən İlkin Musayev proqramın işləmə mexanizmi barədə ətraflı məlumat verib:
“Bu sistem 3D modelidir və 3 hissədən -saytdan, mobil əlavə, serverdən ibarətdir. Proqramın dizaynı lap sadədir. Belə ki, sistemə obyekti yaratmaq üçün müxtəlif düymələr əlavə etmişik. Sol tərəfdə isə obyektlər yerləşir. Orada parametrlərdən istədiyimiz formanı seçib, sonra obyekti hərəkətə gətirib, animasiya verə bilirik. Məsələn, müəllim dərs izah edəndə kubun fırlanmasını göstərmək istəyir. Bu zaman proqramda düzəldilmiş animasiya ilə kubu hər tərəfli fırlaya və şagirdlərə göstərə bilir. Həmçinin, müəllim qıraqdan əl vurmadan da səsi ilə növbəti mərhələyə keçə bilir. Yəni, əgər növbəti slayda keçmək istəyirsə, “növbəti” sözünü deyir və sistem səsə uyğun hərəkət edir. Beləliklə, istədiyimiz materialı sistemdə yazırıq və sonra həmin obyektin strukturunu hərtərəfli görürük. Səslə də, əlimizlə də bu fəaliyyəti sistemdə idarə edə bilirik”.
Gənc proqramçı deyir ki, sistemdə hazırlanmış materialı həmçinin serverə göndərib, oradan isə planşet və telefonlarda rahat istifadə etmək olur:
“Proqram əsasən təhsil və layihələrin təqdimatı üçün nəzərdə tutub. Məsələn, dərsdə müəllim insanın alt çənə sümüyün izah etmək istəyir. Digər təqdimat proqramlarında alt çənə sümüyünün yalnız şəklini görə bilirsiniz, yəni həmin proqramlar şəkli hərtərəfli göstərmir. Bu proqramda isə şagirlər müəllimin göstərdiyi alç çənə sümüyünə 3D formasında ətraflı baxıb, incələyə biləcək”.
İlkin Musayev deyir ki, müəllimlər bu sistemlə real obyekti şagirdlərin kompüterinə və planşetlərinə göndərə bilir:
“Proqramın saytına daxil olub, hər kəs sistemdə öz profilini yaradır. Bu zaman artıq onlar proqramı yükləyib, istifadə edə bilir. Təhsil sahəsində hər kəs bu proqramdan ödənişsiz istifadə edə bilər”.
İlkin Musayev bildirib ki, bu proqram əsasən də riyaziyyat fənni ilə problemləri olan tələbələr üçün daha faydalı olacaq:
“ Bir çoxumuz riyaziyyatı sevmirik. Çünki bu fəndə sinus, kosinus, tanges kimi bəzi çətin funksiyalar var. Belə ki, sistemdə 3D funksiyası ilə istənilən funksiyasını yazıb, ixtiyari ölçülər veririk və həmin funksiyalar animasiya formasında göstərilir.İstənilən funksiyasını da hərtərəfli görmək olur. Sistemdə bu funksiyaların parametrini dəyişib, analiz edə bilirik”.
Qalibimiz deyir ki, layihəni münsiflərə təqdim edəndə həyəcan keçirsə də, o, əmin olub ki, gördüyü iş həqiqətən də faydalıdır:
“Təqdimat zamanı qorxurdum ki, fikirlərimi münsiflərə düzgün formada çatdıra bilmərəm. Amma təqdimatımda proqram barədə çox ətraflı və izahlı danışdım. Ona görə də münsiflərin o qədər dərin sualları olmadı (gülür). Həm də əmin idim ki, biz cəmiyyət üçün faydalı iş görüb, yenilik etmişik. Bunları düşündəndə özümüzə daha da əmin oldum və fikirlərimi daha sərbəst çatdıra bildim”.
Onun sözlərinə görə, qızıl medalı təqdim edən ekspert deyib ki, layihə möhtəşəmdir və bu qızıl medal məhz cəmiyyətə belə innovativ həll təqdim edən şəxslərə təqdim edilir.
Lisey tələbəsi deyir ki, bundan sonra da proqram təminatı ilə daha yaxından maraqlanıb, gələcəkdə də bu sahə ilə məşğul olmaq istəyir:
“ Software developer sahəsinə böyük marağım var. Bakalavr təhsilimi xaricdə almağı düşünürəm. Liseydə qazandığım təməl biliklərimdən də istifadə edib, bu sahədə tam ixtisaslaşmağı qarşıma hədəf qoymuşam. Liseyimiz çox yaxşıdır. Burada biliklərmi artıra bilirəm. Çünki rəhbərlik tərəfindən rahat və hərtərfəli şərait yaradılıb. Müəllimlərim və həmiçinin Təhsil Nazirliyi də bu fəaliyyətimdə mənə böyük dəstək olur. Artıq liseydə PHP, Java dillərini öyrənmişəm”.
İlkin Musayev proqramı yazarkən bəzi çətinliklər yaşadığını, amma işini sevdiyi üçün bununöhdəsindən gələ bildiyini də bizimlə bölüşüb:
“ Hətta təyyarədə olanda də proqram üzərində işləyirdim ki, birdən haradasa yanlış edərəm. Təqdimat çıxışımı da çox məşq etmişdim. Əslində mənim dərslərim də çox olur. Ona görə liseydə proqramlaşdırma ilə işləməyə çox vaxtım olmur. Amma axşamlar evdə mütləq bir neçə saat bu işlə məşğul oluram. Bu isə proqramlaşdırma sahəsinə həvəsimdən irəli gəlir. Bu sahə ilə məşğul olmaq bir növ mənim üçün hobbidir (gülür).
Aygün Əzizova bildirib ki, gələcəkdə layihənin patent, müəllif hüquqları və s. məsələlərini də həll etdikdən sonra sistemi tam şəkildə təhsil sisteminə daxil etməyi planlaşdırırlar.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri