"Dövlət də, elə özəl sektor da ilk növbədə təhsil sisteminə investisiya etməlidir"
Hazırda Cenevrə şəhərində yerləşən BMT-nin Uşaq Fondu – UNİCEF-in Avropa qərargahında sistem inzibatçısı vəzifəsində çalışan həmyerlimiz Emin Hüseynov Xeberler.az-ın qonağı olub.
Qeyd edək ki, Emin Hüseynov 1997-98-ci illərdən informasiya texnologiyaları sahəsində çalışır. İxtisası proqramçı olmasa da, Azərbaycan dilində bir neçə proqramların müəllifidir. Windows 95, Windows 98 üçün ilk Azərbaycan klaviaturasını da o yaradıb. Eyni zamanda Azərbaycan dilində yaradılan bir neçə sayt, dərsliklərin müəllifi, Azərbaycan dilində ilk ofis proqramının (Microsoft office proqramının pulsuz analoqu olan OpenOffice.org) və əməliyyat sisteminin (Linuks əsaslı Lin.az) layihə rəhbəri olub.
Bir müddət əvvəl həmyerlimizin fəaliyyəti barədə saytımızda ətraflı müsahibə yayımlamışdıq.
Emin Hüseynovun Azərbaycanda olmasından istifadə edib, son zamanlar ölkəmizdə inkişaf edən İKT, startap sektoru, mövcud problemlər barədə söhbət etdik.
Həmyerlimiz təcrübələrinə əsaslanaraq bu sahələr ilə bağlı maraqlı fikirlərini bizimlə bölüşüb.
Emin Hüseynov son zamanlar ən çox müzakirə edilən layihələrin investisiya alıb, müsabiqələrdə iştirak etməsinə baxmayaraq, əksər vaxt uğur qazana bilməməsi məsələsinə aydınlıq gətirib:
“Artıq 20 ildən çoxdur İT layihələr üzərində işləyirəm. Azərbaycanda da bir neçə startap layihələrimiz olub. Bu illər ərzində hanısa tutan layihəm olmayıb (gülür). Yəni, layihədən gəlir götürə bilməmişik. Ona görə də bu, normaldır ki, müsabiqələrdə iştirak edirsiniz, müəyyən məbləğdə qrant alırsınız, amma realda nəsə edə bilmirsiniz. Çünki startapın mənası elə o deməkdir ki, cəhd edirsiniz. Yüz layihədən biri tutsa, böyük uğurdur. İndi mənim tutan layihəm olmayıb deyə özümü məğlub hiss etmirəm (gülür).”
İT mütəxəssis deyir ki, hər layihə böyük təcrübədir:
“İndiyə qədər yaratdığmız hər layihənin bir hissəsini peşakar fəaliyyətimdə istifadə etmişəm. Bir layihədən əldə etdiyim bilikləri başqa yerdə istifadə etmişəm. Hər bir layihənin layihə müəlliflərinə müəyyən gəliri olur. Maddi gəliri olmasa da, təcrübə bilikləri baxımından belə layihələr faydalıdır. Çünki bəzən elə layihələr olur ki, dövlətə və ya digər böyük, xarici şirkətlərə bağlı olur.Bunlar hamısı bilikdir, təcrübədir. Yəni, layihənin birbaşa gəliri olmasa da, belə faydalı tərəfləri də olur”.
Emin Hüseynov startapların investisiya məsələsindəki çətinliklərindən də danışıb. O, hesab edir ki, əslində yaxşı startapın investisiya dərdi olmamalıdır:
“Uğurlu startapın investisiya dərdi olmur. Belə layihələrin investisiya maraqlarına da ehtiyacı yoxdur. Startap yaxşıdırsa, gəlir potensialı varsa, ona nə müsabiqə, nə investor lazımdır. Çünki özü pul tapıb, qazanacaq. Əslində startap özü-özünü maliyyələşdirməlidir. İnvestisiya tapmalıdır, əlaqə yaratmalıdır. Yeri gələndə öz cibindən qoymalıdır. Bəzi startaplar var ki, onlar elmi cəhətdən maraqlı olduğu üçün dəstək göstərmək lazımdır. Amma o demək deyil ki, bütün startaplara, qrant və dəstək vermək lazımdır. Əslində qrant vemək onlara kömək məqsədi ilə edilir ki, özlərini göstərər bilsinlər. Əgər qrant müsabiqəsindən pul alıb, sonra layihəmizin inkişafına xeyri olmadı deyən varsa, deməli onun layihəsində problem var”.
Onun sözlərinə görə, ümumiyyətlə, hər hansı yeni iş, startap riskdir:
“Ona görə startap müəllifi öz layihəsinə əmin olmalıdır. O qədər əmin olmalıdır ki, evini də satıb layihəyə xərcləyə bilməlidir. Əmin deyilsə, riskə getmək, işdən çıxıb öz layihəsi ilə məşğul olmaq istəmirsə, deməli ya layihə tam olaraq ideal deyil, ya da onun öz işinə yüz faiz əminliyi yoxdur. Bu risk etmək istəyi yoxdursa, həmin layihədən elə də uğur gözləmək düzgün deyil”.
Emin Hüseynov qeyd edir ki, hazırda startap layihə ilə bağlı ideya qıtlığı var:
“ Hazırda İKT sahəsində ideya qıtlığı müşahidə olunur. İndi o qədər layihə var ki, istənilən yerə əlinizi qoysaz, o işlə məşğul olan insanlar var. Məsələn, Pokemon GO oyunu. Ona oxşar bir layihə ilə 2 il əvvəl Cenevrə universitetində doktorantura çərçivəsində məşğul olmuşam. Belə ki, iBeacon texnologiyası əsasında yaradılan qurğular müxtəlif coğrafi nöqtələrdə yerləşdirilir və smartfonlarda qurulmuş xüsusi tətbiq vasitəsi ilə yaxın məsafədə tapılıb identifikasiya olunur. "Beacon AuthPath" adlanan bu layihə daha çox təhlükəsizlik sahəsi üçün yaradılsa da, onun oyun formasında ustifadə olunma perspektivləri də araşdırılmışdır. Yeri gəlmişkən, bu layihə bu il Bakıda keçiriləcək "AICT2016" konfransında qəbul olunub və həmin konfransda oktyabr ayında təqdim edəcəyik”.
Həmyerlimiz deyir ki, ölkədən uğurlu innovativ layihələrin çıxması üçün ilk növbədə təhsil sahəsinə yatırım olmalıdır:
“Startapların fəaliyyətinə mühit müəyyən mənada vacibdir. Yəni, ixtiralara olan münasibət, investor məsələsi və s. baxımından mühit faktoru vacibdir. Ona görə dövlət də, elə özəl sektor da ilk növbədə təhsil sisteminə investisiya etməlidir. Universitetdən biznesi normal idarə etmək tədris edilməli, bu vərdişlər formalaşdırılmalıdır. Yeni ixtira etmək üçün ilk növbədə əlbəttə ki, riyaziyyatı, fizikanı bilmək lazımdır”.
Onun sözlərinə görə, ümumiyyətlə, aşağı siniflərdən texnologiya, texniki fənlərlə ilə bağlı tədrisi dəyişmək lazımdır:
“Bizim orta məktəbdə keçdiyimiz İnformatika fənni çox geniş idi. Bu fənni konkretləşdirmək lazımdır. Hesab edirəm ki, onun yerinə Kompüter Elmləri fənni tədris edilsə, daha faydalı olar .Çox vaxt deyirlər ki, proqramlaşdırma aşağı siniflərdən tədris edilsin. Məncə, İT sahəsində proqramlaşdırma ilə məşğul olanlar 5-10 faizdir. Proqramlaşdırma başqa bir sahədir. Hər kəs bu sahə ilə məşğul ola bilməz. Ona görə elə aşağı siniflərdən İnformatikanın yerinə elə Kompüter Elmləri keçilsə, daha yaxşı olar”.
Həmyerlimiz deyir ki, indiki məqamda İnformatika fənninin də ləğvi düzgün deyil.
Emin Hüseynov hesab edir ki, İnformatikanın tədrisi, alqoritmlərin öyrənilməsi də müəyyən mənada vacibdir, amma sadəcə başlanğıc səviyyədə olması kifayətdir:
“Bununla bağlı tədrisi kateqoriyalara bölmək lazımdır. Biri var kompüter sahəsi, biri də var iqtisadiyyat sahəsi. Bu baxımdan da İnformatikanın ləğvi düzgün deyil. Bu, hər sahədə lazımdır. Amma bu kateqoriyalar üzrə İnformatika fənni fərqli tədris edilməlidir. Məsələn, xaricdə mühasiblər SQL dilini öyrənir. Yəni, artıq öz sahələri üzrə ixtisaslaşırlar”.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri