“Kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi” seminarı keçirilib

03-11-2025 / 18:33

Bakı Mühəndislik Universitetində (BMU) tələbələr üçün “Kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi” mövzusunda seminar keçirilib.

Xeberler.az məlumat verir ki, tədbir Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Hibrid təhdidlərə qarşı mübarizədə transmilli internet korporasiyaları ilə iş” layihəsi çərçivəsində baş tutub.

BMU-nun İnformasiya və kompüter texnologiyaları fakültəsinin dekanı Vaqif Qasımov mövzunun müasir dövrdə aktuallığından danışıb. Bildirib ki, informasiya təhlükəsizliyi hər bir fərdin, eləcə də ölkənin müdafiə sisteminin ayrılmaz hissəsidir. Həmçinin fakültə daxilində tələbələrin maarifləndirilməsi və biliklərinin artırılması məqsədilə bu kimi tədbirlərin mütəmadi keçirildiyi vurğulanıb.

AKTA-nın baş katibi Fidan Əhmədova assosiasiyanın məqsəd və fəaliyyət istiqamətləri, həmçinin həyata keçirdiyi layihələr barədə qısa məlumat verib. O, ölkədə kibertəhlükəsizlik ekosisteminin formalaşması, gənclərin bu sahəyə cəlb olunması və biliklərinin artırılmasının vacibliyini bildirib. Eyni zamanda tələbələri “Kiberklublar”da aktiv iştirak etməyə, öz biliklərini təcrübə ilə möhkəmləndirməyə və gələcəkdə kibertəhlükəsizlik sahəsində peşəkar kimi yetişməyə təşviq edib.

Sonra AKTA-nın ekspertləri Rəşad Əliyev və Lalə Kərimova mövzu ilə bağlı təqdimatla çıxış ediblər. Çıxışlarda kibertəhlükəsizliyin əsas prinsipləri, şəxsi məlumatların qorunması, sosial şəbəkələrdə informasiya təhlükələri, hibrid təhdidlərə qarşı mübarizə yolları barədə məlumatlar diqqətə çatdırılıb. Təqdimatlar zamanı praktiki nümunələr, real kiberhücum ssenariləri və onların qarşısının alınması üsulları iştirakçılara nümayiş etdirilib.

İnteraktiv davam edən seminar zamanı iştirakçılar kibertəhlükəsizliklə bağlı müxtəlif praktik suallar səsləndirib, ekspertlərlə müzakirələr aparıblar. Tələbələr real kiberhücum nümunələri üzərində vəziyyətin təhlilinə cəlb olunub, məlumatların qorunması və təhlükəsiz davranış qaydaları üzrə tövsiyələr dinləyiblər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə