“Hər gün Youtube-da rəqiblərimin döyüşlərini, taktikalarını izləyirəm”

25-06-2015 / 10:47

Xeberler.az-ın “İnformasiya texnologiyaları tanınmışların həyatında” rubrikasının növbəti qonağı   İlk Avropa Oyunlarında bayrağımızı yüksəyə qaldıran, karatenin kumite yarışlarında 84 kiloqram çəki dərəcəsində qızıl medal qazanan Azərbaycan idmançısı Ayxan Mamayevdir.

Qalibimiz Bakı Dövlət Universitetinin Tətbiqi-riyaziyyat və kibernetika fakütəsindən məzun olub. 

Müsahibəni təqdim edirik:

   -Ayxan bəy, İnternetdən ilk dəfə nə zaman və hansı məqsədlə istifadə etmisiniz? Hansı hissləri keçirdiyinizi xatırlayırsınızmı?

-İnternetdən, kompüterdən ilk dəfə 8-ci sinifdə oxuyanda  istifadə  etmişəm.  Yaxın qohumumuz bizə kompüter hədiyyə etmişdi.  Həmin vaxtdan sonra İnternetlə maraqlanmağa başladım. Açığını deyim ki, dərslərimi yaxşı oxuyurdum və idmanla da məşğul olduğum üçün İnternetə daxil olmağa çox vaxtım olmurdu. Dərslərlə bağlı lazım olan informasiyaları tapmayanda İnternetdən  yararlanırdım. İnternet dərslərimə çox yardımçı olurdu.  İnsan hər gün yeni bir şey öyrənir. Bu baxımdan İnternet insanın biliklərini artırmasına, dünyagörüşünün genişlənməsinə çox kömək edir. Facebook-la tanışlığım isə 11-ci sinfə təsadüf edir.

-Hansı elektron poçt ünvanından istifadə edirsiniz? Mailinizi gündə neçə dəfə yoxlayırsınız?

-Mail ünvanım olsa da aktiv istifadə etmirəm. E-mail-dən istifadə edərək yazışmağı xoşlamıram.

-Hansı sosial mediadan, Facebook, Twitter, İnstagram-dan aktiv istifadə edirsiniz?

 -Demək olar ki, bütün sosial şəbəkələrdə hesabım var. Oyunlardan sonra işlərim çox olduğu üçün Facebook-a daxil ola bilmirəm. Hərdən məhəllə uşaqları deyir ki, sən yay-qış karatedə məşqlərdə olursan (gülür). İndi ən çox İnstagram və Whatsapp-da aktivəm. Bununla yanaşı, Viber və Skype-dan da istifadə  edirəm, xüsusən də xaricdə olanda. Sosial şəbəkələrdə çox paylaşımlar etmirəm. Düşünürəm ki, çox paylaşanda  effektiv nəticə olmur. Məsələn, İnstagram-da birdən-birə 4-5 şəkil paylaşanda layk yığa bilmirsən (gülür). İstifadəçilərin daha aktiv olduğu vaxtda gün ərzində bir şəkil paylaşmaq daha məqsədəuyğundur. Mən belə edirəm, layk toplamağın da vaxtı var(gülür).

 -Facebookun imkanlarından yetərincə bəhrələnirsinizmi? Qruplarda varsınızmı?

- Avropa Oyunlarından sonra Facebook hesabıma 600 dostluq təklifi, çoxlu sayda  mesajlar gəlib (gülür). Facebook-da heç bir qrupda yoxam. Buna heç marağım da yoxdur. Mənə uyğun olan imkanlarından istifadə edirəm. Əsas məqsədim dostlarımla əlaqə qurmaqdır.

-Qeyd etdiniz ki, çox paylaşımlara meylli deyilsiniz? Xoşlamadığınız informasiya (şəkil, mətn) lövhənizdə qarşınıza çıxarkən reaksiyanız necə olur?

-Oyunlardan 2 ay əvvəl Facebook-da heç nə paylaşmırdım. Gündəmdən uzaqlaşmışdım. Diqqət mərkəzində olmaq istəmirdim. Bütün fikirimi məşqlərimə yönəltmişdim. Bir müddət sosial şəbəkələrdən uzaq qaldım. Çox şükür nəticəsi özünü göstərdi. Çempion oldum və indi başladım yenidən şəkillərimi paylaşmağa (gülür). Xoşlamadığım  paylaşımlarla qarşılaşanda isə rəy bildirmirəm.

- Sosial şəbəkələrdə nə qədər izləyiciniz var? Oyunlardan sonra çox güman ki, bu say daha da artıb. Olurmu ki, sizin şəkillərinizin altına da xoşagəlməz rəylər yazılsın?

-Bəli, maraqlı məqama toxundunuz. Oyunlara qədər İnstagram-da  1400  izləyicim var idi, indi 6 mindən çoxdur. Bəzən şəkillərimə xoşagəlməz sözlər yazılır. Açığı, bu, məni çox üzür. Gündə 1000-dən çox şərh gəlir. Axı onların hamısına  tək-tək cavab yaza bilmərəm. İzləyicilərim bəzən bunu anlayışla qəbul etmirlər və məni  özümdən razı olmaqda günahlandırırlar. Şəkillərimin altından mənfi fikirlər yazırlar, hansı ki özünə hörmət edən şəxslər belə cümlələr işlətməz. Bu, məni çox üzür.

 

-Məşqlər zamanı da texnologiyalardan istifadə edirsiniz? Hansı məkanlarda  məşq edirsiniz?

-Etiraf edim ki, məşqlər vaxtı heç bir texnologiyadan istifadəyə imkanım olmur. Əsasən, Şəfa stadionunda məşqlərimiz olur. Amma Qəbələdə və xarici ölkələrdə də turnirlər təşkil edilir. Düzdür, telefonum hər zaman  mənimlədir, onsuz yaşaya bilmərəm.  Amma məşqlər vaxtı aktiv istifadə edə bilmərəm. Yalnız axşam saatlarında ailəmlə, müəllimlərim və dostlarımla danışmaq,  müraciətlərinə cavab vermək üçün telefondan istifadə edirəm.

-Xaricdə səfərdə olarkən Rouminq xidmətindən, yoxsa olduğunuz ölkənin mobil operatorunun xidmətindən istifadə edirsiniz?

 -Xaricdə turnirlərdə, səfərdə olanda Rominq xidmətini həmişə aktiv edirəm. Amma danışıq üçün daha çox Viber-dən istifadə edirəm.

İşdən evə gedəndə, evdə də mobil telefondan, planşetdən və ya  kompüterdən istifadə edirsinizmi?

- Planşet çox rahatdır, çünki bütün məlumatları planşetdə qoruyub saxlamaq olur. İdmanla bağlı mobil tətbiqləri telefonuma yükləmişəm  və bu tətbiqlərdən faydalanıram. Evdə bütün işlərimi telefonla həll edirəm. Telefonsuz bir günüm olmasın (gülür). Telefonum üçün xüsusi şarj avadanlığı almışam. İstənilən vaxt zənglər, mesajlar gəlir və bunların hamısına cavab verməliyəm. Evdə şəxsi noutbukum var, amma istifadə etməyə vaxtım olmur (gülür).

-İnformasiya təhlükəsizliyinizi necə qoruyursunuz? Şəxsi hesabınızı başqasına etibar edirsinizmi? Həmin adamın sizin üçün təhlükəli olmadığını ınecə müəyyən edirsiniz?

 -Bütün hesablarımı təhlükəsizlik şifrəsinə bağlamışam və məndən icazəsiz şəkillərimə və məlumatlarıma heç kim daxil ola bilmir. Facebook-da və digər sosial şəbəkələrdə də istifadəçi təhlükəsizliyimi təmin etmişəm. Şəxsi hesablarımı heç kimə  etibar etmirəm.

-Neçə nömrə işlədirsiniz? Mobil internetdən istifadə edirsinizmi? Necə  və haralarda  istifadə edirsiniz? Keyfiyyət və qiymət sizi qane edirmi?

-Əlbəttə , mobil İnternetdən çox istifadə edirəm. Bir nömrə işlədirəm.  Bəzən Wi-Fi olan yerlərdə də öz mobil İnternetimdən istifadə edirəm. Azercell-in xidmətlərindın razıyam. Evimiz  Sabunçudadır və   Connect ilə İnternetə qoşuluruq, sürət isə burada çox aşağıdır. İnternetə girişdə tez-tez problemlər yaranır.

-İdmanla bağ əsasən hansı saytlardan istifadə edirsiniz?

-Əsasən öz saytımız- kareta.az-dan faydalanıram və mütəmadi izləyirəm. Google-dan aktiv istifadə edirəm. Sosial mediadan, Facebook-dan məlumat alıram. Youtube-da isə hər gün rəqiblərimin döyüşlərini, taktikalarını izləyirəm. Bu, çox əhəmiyyətli məqamdır. Onları izləmək lazımdır.

 -Ayxan bəy, ailənizdə texnologiyalardan necə istifadə edilir?

-Anam texnologiyalardan  çox istifadə edir. Qardaşım Türkiyədə yaşayır, hər gün onunla Skype ilə əlaqə saxlayır. Həmçinin Whatsapp və Youtube-dan da yararlanır. Bütün gün mənimlə  bağlı yazılanları oxuyur, paylaşılan videolara baxır. Atam da Youtube-dan  istifadə edir.  Mənim televizora baxmağa vaxtım olmur. Hətta öz çəkildiyim verilişləri belə izləyə bilmirəm. Evə zəng edib xəbər verirəm, onlar məni izləyir (gülür). Qardaşımla da əsasən Whatsapp ilə danışırıq.

 -Texnologiyalar sizin işinizi, fəaliyyətinizi asanlaşdıra bilirmi?

 -Texnologiyaların həyatımıza böyük təsiri var. Əlbəttə ki, işlərimizi asanlaşdırır. Əsas ünsiyyəti çox rahat edir. Həmçinin çox maraqlı tərəfləri var.

 -Sizcə, uşaqların texnologiyalara hədsiz marağı təhlükəlidirmi? Valideynlər texnologiya ilə bağ uşaqlara hansı qadağalar qoymalıdır?

 -İndiki  dövrdə uşaqlara desək də, deməsək də İnternetə daxil olub, istifadə edəcəklər. Qadağalar qoymaq doğru deyil. Sadəcə çox dərinə getmək lazım deyil. Texnologiyalardan lazımi səviyyədə istifadə edilməlidir.

 -Özünüzü və cəmiyyəti texnologiyalardan asılı hesab edirsinizmi?

-Əslində cəmiyyət  texnologiyalardan asılıdır. Bu gün  99 faiz  insan telefondan istifadə edir. Əksəriyyəti isə bizim kimi  gənclərdir. Yaşlı adamlar, iş adamları yalnız zəng üçün istifadə edirlərsə, mənim kimi gənclər isə daha çox sosial tərəfində meyllidirlər. Texnologiyalardan asılılıq var.

-Bir telefon zənginin və ya mesajın gəlişini bildirən xəbərdarlığa cavab vermək üçün  öz naharınızı dayandıra və ya görüşünüzü yarımçıq saxlaya bilərdinizmi?

-Məşqlər zamanı, ümumiyyətlə, telefondan xəbərim olmur. Avtomobil sürəndə də telefondan istifadə etmirəm. Bu təhlükəlidir. Amma görüşdə və dostlarımla hansısa məkanda toplaşanda  vacib zənglər olarsa dərhal cavab verirəm. Vacib SMS-ləri, zəngləri cavabsız qoymuram. Müəllimlərimiz, valideyinlərimiz, dost-tanışlarımız zəng edir. Mütləq onlara cavab verməliyik. Tanınmayan nömrələrdən zəng gələndə, əvvəllər açmırdım, indi xaricdə çox dostum olduğu və oradan zəng gələndə nömrə görünmədiyi üçün telefona cavab verirəm.

-Texnologiyalardan asılılığı 10 ballıq şkala ilə qiymətləndirsək, özünüzü harada görürsünüz?

-Avropa Oyunlarından əvvəl bu sualı vermiş olsaydınız, deyərdim 4-5-ci yerdə görürəm. Lakin Oyunların böyük təsiri oldu, daha çox tanındım və çox sayda zənglər, mesajlar, izləmələr gəlir. Çalışıram hamısına  cavab yazım. Əksər insanlar inciyir. Hələ yazıram inciyirlər, yazmasam necə olar? Onların hamısına vaxt ayırsam, gərək  telefondan ayrılmayam (gülür).  İndi isə özümü 8-ci şkalada görürəm.

-Sizcə 10 il uzağa baxsaq, texnologiyalar bizi idarə edəcək, yoxsa daha çox həyatımızı asanlaşdıran bir vasitəyə çevriləcək?

-Düşünürəm ki, texnologiyalar bizi idarə edəcək. Artıq idarə edirlər də. Texnologiyalar hər gün daha da mükəmməlləşir.

 -Ayxan bəy, Atletlər kəndində neçə gün qaldınız?  Orada da İnternetdən rahat istifadə edə bilirdinizmi?

- Atletlər kəndində 6 gün qaldıq. Telefondan başqa heç bir İT avadanlıqlardan istifadə etmirdik. İnternet normal idi. Açıq Wi-Fi var idi. Amma mən bəzən öz mobil İnternetimlə də daxil olurdum. Bəzən çox adam daxil olur və Wi-Fi-ın sürəti zəifləyir.

-Gələcəkdə özünüzü harada görüsünüz? İxtisasınız üzrə çalışacaqsınız və ya yalnız idman sahəsində?

-Gələcəkdə  yaxşı işdə çalışmağı düşünürəm. Əlbəttə ki, idmandan ayrıla bilmərəm. Amma güman ki, tətbiqi riyaziyyatla heç bir əlaqəm olmayacaq (gülür). 

 -Sizin üçün uğura nail olmağın yolları hansılardır?

- İspaniyadan Bakıya bir məşqçi gəlmişdi. Mənə dedi ki, Ayxan, səndə hər  bir bacarıq  var- döyüş taktikası, ağıl. Çalış, özünə güvənin olsun. Birinci özünə qalib gəl, sonra döyüşdə qalib gəlməyə çalış.  Bu söz mənə istiqamət göstərdi. Bundan başqa, düşünürəm ki, əziyyət çəkən heç bir insanın əziyyəti yerdə qalmır. Alnından tər gəlirsə,  biri yeyib içirsə  və sən məşq edirsənsə və yaxud kimsə günorta 14:00-da  qalxır, sən saat 11-də artıq məşqi bitirirsənsə, mənim uğur qazana bilməməyim mümkünsüzdür.  Hər bir insan əziyyət çəkdiyinin bəhrəsini  görür. Uğur qazanmaq üçün nəyisə qurban verməlisən. Mən də çox şeyi qurban vermişəm. Valideynlərimdən uzaqda olmuşam. Yalnız bu il yanvarda onlarla 1 ay davamlı vaxt  keçirə bildim. Sosial və şəxsi həyatımdan məhrum olmuşam. Amma buna dəyər. Hər adama qismət olmur bu hissləri  yaşamaq. İdmançının hissini anlamaq üçün idmançı olmaq lazımdır.

 -Oyunlarda qalib olanda yanınızda kimlər var idi?

-Ən əsası məni xalq dəstəkləyirdi. Onların qarşısında baş əyirəm ki, mənə həmişə böyük coşqu ilə dəstək oldular. Əlbəttə, dostlarım həmin gün yanımda idi. Mənimlə bərabər az qala arenaya çıxacaqdılar. İnsanların mənimlə şəkil çəkdirməyi, dəyərləndirməsi çox xoş hal idi. Həmişə özümə qarşı mənfi rəy formalaşdırmaqdan, kiminsə qəlbini qırmaqdan qorxmuşam. Ona görə həmin gün şəkil çəkdirmək istəyən hər kəslə yorğun olsam da şəkil çəkdirdim. Özündən  razı olmaq rəyini özümə qarşı formalaşdıra bilmərəm. Bu mümkün deyil.

 

Məltəm Talıbzadə

 

 

 

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.