Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi ilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının görüşü keçirilib

06-05-2024 / 18:46

Mayın 6-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi ilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının görüşü keçirilib.

Tədbiri giriş nitqi ilə açan komitə sədri Ziyafət Əsgərov iclasın keçirilməsi üçün göstərilən dəstəyə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkür edib. Komitə sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 14 fevral tarixində keçirilmiş andiçmə mərasimində söylədiyi nitqə diqqəti çəkərək qeyd edib ki, ölkə prezidentinin çıxışında səsləndirilmiş “Texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi – bütün bunlar bizim gündəlik həyatımızın əlamətlərinə çevrilməlidir. Dövlət qurumları, özəl sektor və cəmiyyətin bütün digər seqmentləri buna hazır olmalıdırlar. Əks təqdirdə, biz geridə qalacağıq” fikirlər konseptual xarakter daşıyır, bu sahənin mühüm əhəmiyyətini vurğulamaqla yanaşı, qarşıya mühüm vəzifə və hədəflər qoyur.

Bildirilib ki, bu gün dünyada gedən texnoloji inkişaf Azərbaycanda da öz təsirini bütün sahələrdə göstərməkdədir. Lakin, yeni texnologiyaların yaratdığı imkanlar özü ilə yeni təhdidlər də gətirir. Şübhəsiz ki, bu təhdidlər milli təhlükəsizlik baxımından aidiyyəti qurumlar tərəfindən ciddi nəzarətdə saxlanılır və lazımi tədbirlər görülür. Təsadüfi deyildir ki, informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasında ən mühüm və uzunmüddətli vəzifələrdən biri kimi bəyan edilmişdir.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri İlqar Musayev çıxışında görüşün keçirilməsi üçün yaradılan şəraitə görə parlament rəhbərliyinə təşəkkürünü bildirib.

Ölkəmizdə informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində görülən işlər barədə geniş məlumat verən Xidmətin rəisi vurğulayıb ki, bu gün Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsindəki fəaliyyət Ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi strateji xətt üzrə uğurla davam etdirilir. İnformasiya texnologiyalarının əhəmiyyəti və onlardan geniş istifadənin zəruriliyi hər zaman ölkə Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir.

Qeyd olunub ki, hazırda yeni texnologiyaların tətbiqi, sürətli internet xidmətlərinin əlçatanlığı, bu sahədə ölkəmizdə və dünyada uğurla tətbiq edilən yeniliklərlə yanaşı özü ilə birlikdə bir sıra problemləri və riskləri də gətirməkdədir.

Daha sonra iclasda XRİTDX-in idarə rəisi Tural Məmmədov “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində ölkəmizdə mövcud vəziyyət: Görülmüş işlər - problemlər” mövzusunda, şöbə rəisi Elgin Abdullayev “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində yeni reallıqlar qanunvericilik aktlarında: Beynəlxalq təcrübə və ölkəmizdə mövcud vəziyyət” mövzusunda təqdimatlarla çıxış ediblər.

Müzakirələrdə deputatlar Aydın Mirzəzadə, Elman Məmmədov və Arzu Nağıyev görüşün əhəmiyyətini qeyd ediblər, təqdimatlarla bağlı fikir və təkliflərini səsləndiriblər.

Sonra görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam etdirilib, deputatları maraqlandıran məsələlərə münasibət bildirilib.

Tədbirdə Milli Məclis Aparatı rəhbərinin müavini Yaşar Əməşov, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

Görüşdən sonra İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası keçirilib.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə