Xeberler.az-ın “İnformasiya texnologiyaları tanınmışların həyatında” rubrikasının növbəti qonağı məşhur radio dj, teleaparıcı Azər Şirindir.
Azər Şirinlə müsahibəni təqdim edirik:
-Azər bəy, İnternetdən ilk dəfə nə zaman və hansı məqsədlə istifadə etmisiniz? Hansı hissləri keçirdiyinizi xatırlayırsınızmı?
-İlk dəfə internetə xaricdə yaşayan dostlarıma mail yazmaq və bir zamanların məşhur söhbət məkanı olan mİRC-dən istifadə etmək üçün daxil olmuşam. İnternetlə tanışlıq çox fərqli bir duyğu idi. Yeni bir planet kəşf eləmək kimi bir duyğu idi.
-Elektron məktublaşmadan istifadə edirsinizmi? Mailinizi gündə neçə dəfə yoxlayırsınız?
-Gmail-dən istifadə edirəm. Telefona bağlı olduğu üçün mail gələndə xəbərdarlıq gəlir. Nə zaman yeni mail gəlsə, o zaman yoxlayıram.
-Spamlar alırsınızmı? Onlar sizin işinizə mane olurmu?
-Alıram təbii ki. Amma filter(süzgəc) xidməti olduğu üçün işimi asanlaşdırır.
-İşdən evə gedəndə, evdə də mobil telefondan, planşetdən və ya kompüterdən istifadə edirsinizmi?
-Nə yalan deyim, telefon 90 faiz insanlarda olduğu kimi mənim də həyatıma daxil olub, harada olsam da gərək yanımda olsun. Amma heç belə olmağını istəməzdim. Subyektiv fikrimə görə smartfonlar öz istifadə məqsədlərini aşıblar və artıq insanlara faydadan çox ziyan verirlər.
-Özünüzü və cəmiyyəti texnologiyalardan asılı hesab edirsinizmi?
-Günümüz etibarıyla bəli. İnsanların olmadığı və ya çox az olduğu ucqar bir yerdə yaşamağı istərdim. Tam səmimi...
-Hansı sosial mediadan, Facebook, Twitter, İnstagram və s. aktiv istifadə edirsiniz?
-Əsasən Facebook-dan. 4 ildir ki, Facebook istifadəçisiyəm. İnstagram-dan istifadə edirəm. Twitter hesabım olsa da, demək olar ki, istifadə etmirəm.
-Facebook dostlarınızı hansı kriteriyalara əsasən seçirsiniz?
-Tanıdığım şəxsləri heç bir araşdırma aparmadan qəbul edirəm. Amma tanımadığım şəxslərin profilindəki şəxsi məlumatlarına baxıram. Ələlxüsus iş yerləri və təhsillə maraqlanıram. Təhsilləri mənimçün maraqlıdır.
-İnformasiya təhlükəsizliyinizi necə qoruyursunuz? Şəxsi hesabınızı başqasına etibar edirsinizmi?
-Qətiyyən. Kim isə əclaflıq edib hack eliyərsə o başqa. İki dəfə səxsi hesabımı oğurlayıblar. Şifrəmi dəyişdim. İnternetdə mənfi niyyətlə istifadə etməyin səbəbini insanın mənəvi çatışmazlığında görürəm.
-Azər bəy, necə düşünürsünüz, aparıcı üçün sosial şəbəkədə də tanınmaq vacib rol oynayırmı?
-Günümüzdə aparıcıların məşhur olmağı üçün sosial şəbəkələr lazımdır. Çünki insanlar radio dinləməyi unudub. Onlara sosial mediadan səslənməlisən ki, belə bir veriliş və aparıcı var.
-Facebook-da tez-tez paylaşımlar edirsinizmi?
-Tez-tez anlayışı insanlara görə dəyişir. Adam var 10 dəqiqədən bir paylaşım edir, adam da var 10 gündən bir. Mən hər gün ümumi yazılanlara baxıram. Məni narahat edən sosial bir məsələ olanda fikrimi paylaşıram. Amma çox nadir hallarda kiminsə paylaşımına fikir bildirirəm. Nə fikrim varsa, öz statusumda yazıram.
-Yazışmalarda, paylaşımlarda etika qaydalarını gözləməyənlərə reaksiyanız necə olur?
-Sadəcə bunu deyim -hər kəs mədəniyyəti ölçüsündə etik qaydalara əməl edir. Zatən, paylaşımları oxumaqla kimin kim olduğunu anlamaq mümkündür. Fikrim neytraldır. Hər qoyunu öz ayağından asarlar.
-Sizcə, Facebook-da “Unlike” düyməsi olsa nə baş verər?
-Məncə bu, artıq məsələdir. Amma bu Mark bəyin də bir siyasətidir. Marketing strategiyası olaraq düşünürəm ki, Facebook üçün uğurlu olacaq. Çünki bu insanlar arasında mübahisə yaradacaq və Facebook bir müddət də maraq dairəsində qalacaq. Ancaq insani münasibətlərə müsbət təsir göstərəcəyini düşünmürəm. Bizim istifadəçilərimiz “unlike” olunmağı sevmir. (gülür).
-Sosial şəbəkələrin gündəmində olan məsələlərin efirdə getməsinə necə baxırsınız? Misal üçün, ANS-də efirə gedən “Şəbəkə” verilişi...
-Normal. Çünki sosial media hazırda TV-dən daha aktiv rol oynayır . Və orada paylaşdığından utanmayan TV-də görünməkdən heç utanmaz.
-Televiziya və sosial şəbəkələr. Müqayisə etsək, sizcə bugün hansı daha aktual və güclüdür?
-Hazırda Azərbaycanda TV-lər öz dövrünün ən keyfiyyətsiz dönəmini yaşayır. Düzdür, sosial şəbəkələr haqqında da ürəkaçan söz demək olmur. Amma müqayisə etsək, sosial şəbəkələr “toya getməlidir”(gülür)
-Azər bəy, bəzi aparıcılar sosial şəbəkələrdən hətta pul qazandıqlarını deyir. Siz necə, bu günə kimi sosial şəbəkələrdən qazanc əldə edə bilmisinizmi?
-Əgər şəxsi səhifələrindən pul qazandıqlarını deyirlərsə, inanmağım gəlmir. Amma biznes məqsədli səhifələr açıblarsa, ola bilər. Hələ ki, sosial şəbəkələrdən pul qazanmamışam. Amma niyə də olmasın(gülür)
-Mobil internetin qiymət və keyfiyyəti sizi qane edirmi?
-Xeyr.
-Bəs xaricdə səfərdə olarkən Rominq xidmətindən istifadə edirsinizmi?
-Rominq xidmətindən ümumiyyətlə danışmaq istəmirəm. Bunlarınkı rominq deyil, milləti soymaqdır(gülür)
-Azər bəy, gündəlik iş fəaliyyətinizdə informasiya texnologiyalarından necə istifadə edirsiniz?
-Mənə lazım olan səhifələrə abunə olduğum üçün gələn bildirişlərə nəzər salıram, işimə yarayanları oxuyuram. Artıq informasiya almamağa çalışıram. Çünki yaddaşım onsuz da zəifdir(gülür)
- İndi uşaqlar həyətdə oynamaq əvəzinə yerlərindən tərpənmir, kompüterlə, telefonlarla məşğul olurlar. Valideynlərə nə məsləhət görərdiniz
-Uşaqları özlərini dərk etdikləri yaşa qədər ümumiyyətlə internetdən uzaq tutmaq lazımdır.Gələcəkdə övladlarımın müəyyən yaşa çatana qədər internetdən istifadəsinə icazə verməyəcəm. İcazə verdiyim gündən etibarən isə nəzarətdə saxlayacam. Valideynlərə də bunu məsləhət görərdim.
Mirvari Nəcəf
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri