“İndiki zəmanədə hamımız texnologiyadan asılıyıq”.
Xeberler.az-ın “İnformasiya texnologiyaları tanınmışların həyatında” rubrikasının növbəti qonağı tanınmış müğənni Ədalət Şükürovdur.
Ədalət Şükürovla müsahibəni təqdim edirik.
-Ədalət bəy, müasir texnologiyalardan, İnternetdən ilk dəfə nə zaman və hansı məqsədlə istifadə etmisiniz? Hansı hissləri keçirdiyinizi xatırlayırsınızmı?
-Texnologiyaya aid ilk əldə etdiyim avadanlıq kompüter olub. Bu da haradasa 1990-cı illərə təsadüf edir. O vaxtlar çoxlarının evində kompüter yox idi. Kompüterdən istifadə işimi asanlaşdırırdı. Biznesə aid bütün işlərimi bu texnoloji avadanlıq vasitəsilə yerinə yetirirdim.
1993-cü ildən başlayaraq kompüter proqramları vasitəsilə mahnılarımı aranjeman etməyə başladım. Onu da qeyd edim ki, o vaxtlar heç kim belə proqramları bilmirdi. Beləcə, texnologiyadan istifadə etməklə həm işimi asanlaşdırırdım, həm də fəaliyyətimi genişləndirirdim.
Düşünürəm ki, yaradıcılıqda texnologiyanın istifadəsi əldə edilən uğurların bir hissəsidir.
-Hansı elektron poçt ünvanından istifadə edirsiniz? Mailinizə gündə neçə dəfə yoxlayırsınız?
-Mail.ru, hosting.com-dan istifadə edirəm. Mailimi gün ərzində dəqiq say olmasa da mütəmadi olaraq yoxlayıram.
-İşdən evə gedəndə, evdə də mobil telefondan, planşetdən və ya kompüterdən istifadə edirsinizmi?
-Bəli, işlərimin çoxluğunu nəzərə alsaq evdə də texnologiyadan istifadə etməyim normaldır. Evdə 2 telefonum, 2 planşetim var, işlərimi bunlar vasitəsilə asanlıqla idarə edirəm.
-Spamlar alırsınızmı? Onlar sizin işinizə mane yaradırmı?
-Bəli, tez-tez spamlar göndərilir, təbii ki, işlərimdə mənə maneə yaradır. Amma hamı kimi mən də spamlara fikir verməməyə çalışıram.
Hansı sosial mediadan aktiv istifadə edirsiniz?
-Facebook, Odnoklassnik, Twitter və Kontakt-dan istifadə edirəm. Gündəmdə olan xəbərlər, maraqlı məlumatlar sosial şəbəkələrdə daha çox paylaşılır. Ona görə də hesab edirəm ki, gündəmdə olan xəbəri, yenilikləri izləmək üçün sosial şəbəkələrdə aktiv istifadəçi olmaq lazımdır.
-Facebook-da qruplarda varsınızmı?
Xeyr, qruplarda yoxam. Facebook-dakı fəaliyyətim paylaşımlar etmək, tanışlarla ünsiyyət saxlamaqdır. Qruplarda yazışmağa heç vaxtım da yoxdur.
-Tez-tez şəkil paylaşırsınızmı?
Bəli, şəkil paylaşıram. Ya işimlə, ya da istirahətimlə əlaqədar olaraq dünyanın müxtəlf yerlərinə səfərlərim olur. Bu zaman çəkdirdiyim maraqlı şəkillərimi paylaşıram. Eyni zamanda müxtəlif tədbirlərdə iştirak edirəm. Bu tədbirlərdən də çıxışlarıma aid şəkillərimi, statuslar paylaşmağı sevirəm.
-Özünüzü və cəmiyyəti texnologiyalardan asılı hesab edirsinizmi?
-Hesab edirəm ki, indiki zəmanədə hamımız texnologiyadan asılıyıq. Təsəvvür edin ki, bir gün mobil telefon işləməyəndə aləm dəyir bir-birinə (gülür). Ona görə də nəzərə alsaq ki, texnologiyanın hədsiz inkişaf etdiyi, hətta bütün işlərin, ünsiyyətin belə elektronlaşdırıldığı bir dövrdə yaşayırıq, texnologiyadan istər- istəməz asılıyıq.
-Sizcə, valideynlər texnologiya ilə bağlı uşaqlara hansı qadağalar qoymalıdır?
-Təbii ki, kiçik yaşlı uşaqların texnologiyalardan, İnternetdən istifadəsinə həmişə nəzarət etmək lazımdır. Amma düşünürəm ki, artıq uşaqlar böyükdürsə və texnologiyadan müstəqil şəkildə, problemsiz həll edə bilirlərsə özləri özlərinə bu barədə məhdudiyyət tətbiq etsələr daha yaxşı olar. Məsələn, mənim uşaqlarım da İnternetdən, texnologiyadan limitsiz istifadə edir, çünki böyükdürlər. Sosial şəbəkələrdən də istifadələrinə normal baxıram. Amma sağlamlığı nəzərə alaraq bir valideyn kimi uşaqlarımıza yaşından asılı olmayaraq gündə kompüterdən, İnternetdən asılı olmağa, televizora çox baxmağa qoymamalıyıq.
-Əgər uşaq artıq küçəyə çıxıb oynamaq istəmirsə, yoldaşları ilə münasibət qurmağa meylli deyilsə, yalnız kompüterə, oyunlara meyl edirsə bu təhlükəlidirmi?
-Bu, doğurdan da mənfi bir haldır. Heyf ki, indiki uşaqlar küçədə oynamırlar, yalnız evdə kompüterlə oynayırlar. Halbuki küçədə oynamaq uşaqlığın ən gözəl, şirin anları olaraq yaddaşlarda qalır. Bugünkü gün uşaqlarımızın daha çox evdə texnoloji avadanlıqlara meyl etməsinə yalnız təəssüflənirəm. Onlar həyətdə yox, kompüterdə oynamağı daha üstün tuturlar. Oyundan oyuna fərq var. Bəzi kompüter oyunları vardır ki, uşaqlarda, hətta böyüklərdə aqressivlik yaradır. Mən bu cür oyunlara mənfi yanaşıram, özüm də oynamıram, uşaqlarıma da məsləhət görmürəm.
-Mobil İnternetdən istifadə edirsinizmi? Necə və haralarda istifadə edirsiniz? Keyfiyyət və qiymət sizi qane edirmi?
-Mobil İnternetdən istifadə edirəm, keyfiyyət və qiymət məni qane etmir. Çünki əksər ölkələrdə sürət artıq 100 Gb/s- dır, amma bizdə çox aşağıdır. Bir çox ölkələrdən fərqli olaraq mobil İnternetin qiyməti bizdə müəyyən qədər bahadır.
-Xaricdə səfərdə olarkən Rominq xidmətindən istifadə edirsiniz, yoxsa olduğunuz ölkənin mobil operatorunun xidmətindən istifadə edirsiniz?
-Səfərdə olarkən adətən Rominq-dən istifadə edirəm.
- Skype, Telegram, Whatsapp- hansından istifadə edirsiniz?
-Whatsapp-dan daha çox istifadə edirəm. Son vaxtlar Whatsapp-a əlavə olunan xidmətlər bu şəbəkədən istifadəni daha da asanlaşdırıb. Ona görə də qarşı tərəflə məktublaşmaq, əlaqə saxlamaq Whatsapp-la daha əlçatandır.
-Bir telefon zənginin və ya mesajın gəlişini bildirən xəbərdarlığa cavab vermək üçün öz naharınızı dayandıra və ya görüşünüzü yarımçıq saxlaya bilərdinizmi?
-Vacib hesab etdiyim zəngdirsə, cavab verməliyəm təbii ki. Düzünü desəm gün ərzində o qədər zənglər gəlir ki, hətta paltarımı geyinə-geyinə danışıram (gülür).
-Yazışmalarda, paylaşımlarda etika qaydalarını gözləməyənlərə reaksiyanız necə olur?
-Ümumiyyətlə, sosial şəbəkələrdən anormal məqsədlərlə istifadə edənlər də var. Təəssüflər olsun ki, etika bizdə çox zəifdir. Elə istifadəçilər var ki, anonim adlarla statuslara, paylaşımlara, şəkillərə nə istəyirlər onu da yazırlar, heç kimin gücü çatmır imzasını qoysun. Çox təəssüflər olsun ki, tez-tez belə hallarla rastlaşırıq. Sosial şəbəkələrdən bu cür məqsədlərlə istifadə etmək, paylaşımlara anormal rəy bildirmək mənasız bir şeydir.
-Gənc oğlan və qız qarşı-qarşıya əyləşiblər və öz mobil telefonlarında nə iləsə məşğuldurlar. Buna münasibətiniz necə olardı?
-Bu kimi vəziyyətlərə münasibətim təbii ki, pisdir. Birincisi, bu, tərəfdaşlar tərəfindən bir-birinə edilən hörmətsizlikdir. Əgər tərəflər yan-yana oturublarsa bir-birləri ilə ünsiyyətdə olmalıdır. Sosial şəbəkədən daha çox istifadə bu kimi hallara gətirib çıxarır, insanlar arasında canlı ünsiyyət itir. Bunu da yaradan insanın özüdür. Məncə, müəyyən qədər iradəli olmalı, İnternetdən bu dərəcə asılı olmamalıyıq.
-Texnoloji vasitələr alarkən ən çox nələrə fikir verirsiniz?
-Ümumiyyətlə, texnologiya ilə bağlı yeniliklərlərlə mütəmadi olaraq maraqlanıram. Ən yaxşı foto-aparat, noutbuk, sualtı kompüter, binokl, idman saatı, telefon kimi avadanlıqlarla maraqlanıram, onların yeni modelləri istehsal olunub satışa çıxarıldıqda çalışıram ki, onları əldə edim. Markalarına, həmin texnoloji vasitələri istehsal edən şirkətin fəaliyyətinə Google-da, Youtube-da baxıram, sonra sifariş verirəm və yaxud alıram.
-Texnologiyalardan asılılığı 10 ballıq şkala ilə qiymətləndirsək, özünüzü harada görürsünüz?
-Texnologiyadan asılılığa görə özümü ən yüksək qiymətləndirmədə görürəm. Bunu məni tanıyanlardan soruşsanız onlar sizə deyəcək (gülür). Çünki dost-tanışlar da şahiddir ki, texnoloji vasitələrdən gün ərzində həm işimə, həm də düzünü desəm marağıma görə çox istifadə edirəm.
Ruhəngiz Muradova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri