“Almaniyadakı mobil operatorların qiyməti və keyfiyyəti ölkəmizdəkindən yaxşıdır”
Xeberler.az-ın “İnformasiya texnologiyaları tanınmışların həyatında” rubrikasının növbəti qonağı “The Best model of Azerbaijan” yarışmasının qalibi, tanınmış model Azər Atakişiyevdir.
Azər Atakişiyev ilə müsahibəni təqdim edirik:
-Azər bəy, texnologiyalarla yaxından tanışlığınız nə zamandan başlayıb? Hansı hissləri keçirdiyinizi xatırlayırsınızmı?
-Texnologiya ilə yaxından tanışlığım ibtidai sinifdə oxuyarkən Dendi oyun kompüterlərindən istifadə etməklə başlayıb. O vaxtlar yadıma gəlir, telefondan musiqiyə qulaq asmaq məqsədilə istifadə edirdim. Sosial şəbəkələrə isə 2007-2008-ci illərdən daxil oluram.
-Elektron məktublaşmaya üstünlük verirsinizmi? Hansı elektron poçt ünvanlarından istifadə edirsiniz?
-Yahoo, Mail.ru, Gmail-dən istifadə edirəm. Sizə bir sirr də açım, elektron poçt ünvanı açmağı bilmirəm, həmişə bunu dostlarıma həvalə etmişəm (gülür). Yahoo-da olan poçt ünvanımdan daha çox Avropadakı, Gmail-dən isə Türkiyədəki işlərimlə bağlı istifadə edirəm.
-Bəs, informasiya təhlükəsizliyinizi necə qoruyursunuz?
-Dostlarım mənə elektron poçt ünvanı açandan sonra dərhal şifrəni dəyişirəm. Heç kimə etibar etmirəm.
-Hansı sosial mediadan aktiv istifadə edirsiniz?
-Facebook, Twitter və İnstagram-dan aktiv istifadə edirəm. Digər sosial şəbəkələrdə isə yoxam. Facebook dostlarımın sayı limiti aşdığı üçün təkliflər gəlmir. Əgər Facebook-da limit məhdudiyyəti olmasaydı, hamını dostluğuma qəbul etmək istərdim. Yazılan şərhlərə demək olar ki, baxmıram, amma bütün yazılan rəylərə hörmətlə yanaşıram. Vaxtım olduqca mesaj qutusunu yoxlayıram, bacardığım qədər mesajlara cavab verməyə çalışıram. Sosial şəbəkələrdə iş təkliflərini dəyərləndirmirəm. İnstagram-da mənim adımdan saxta profil açanlar var. Həmin profillər məndən daha aktivdirlər. Hətta mənim özümdə olmayan şəkilləri paylaşırlar. Hərdən onların qoyduğu şəkillərdən özüm də istifadə edirəm (gülür).
-Azər bəy, qeyd etdiniz ki, sizin adınızdan saxta profil açırlar. Bu sizə problem yaradırmı? Bunun qarşısını almaq üçün hansı tədbirləri görürsünüz?
Mənim adımdan açılan Fan səhifələr çoxdur. Onların içərisində 3-4 səhifə var ki, səhifəyə məni də admin ediblər. Amma bunların hamısına nəzarət etməyə telefonumun batareyası dözməz (gülür). Ən çox saxta profillər mənim adımdan açılır. Sizə maraqlı bir məsələni deyim: Dostlarımdan biri Odnoklasnik hesabım olmadığını bilə-bilə bir dəfə mənə yaxınlaşıb deyir ki, “Odnoklasnik-də təzə şəkil qoymusan?”(gülür). Yeni şəkil qoyan kimi digər sosial şəbəkələr də həmin an o şəkili qoyurlar. Bu da insanları aldatmaq üçün kifayət edir. Adımdan saxta profil açanlar məni narahat edir. Çünki mənim adımdan başqalarına söz verirlər. Hərdən həmin saxta profillərdən dostluq təklifləri də gəlir (gülür). Deyirlər ki, həmin səhifələri şikayət etmək lazımdır. Onlara qarşı heç bir tədbir görə bilmirəm.
-Sosial şəbəkələrdə tez-tez paylaşımlar edirsinizmi?
-Bu günə kimi minlərlə şəklim var. Hətta elə çəkilişlərim var ki, onu heç kim görməyib. Gün ərzində 30-40 şəkil paylaşmağı sevmirəm. Buna görə bəzi fotoqraflar mənimlə işləməyin maraqlı olduğunu deyirlər. Gün ərzində 1 şəkil ancaq paylaşaram.
-Virtual aləmdə tanışlığa necə baxırsınız? Bu cür tanışlarınızın sayı çoxdurmu? Real həyatda həmin insanlarla dostluq edirsinizmi?
-Sosial şəbəkədə təsadüf nəticəsində bir qızla tanış olmuşduq. İndi də onunla çox yaxın dostuq. Sosial şəbəkələrdə tanış olub evlənənlər də olur. Yəni, virtual tanışlığa normal baxıram. İndi yox, amma gələcəkdə hər şey ola bilər (gülür).
-Bəs sosial şəbəkələrin ziyanlı tərəflərini nədə görürsünüz?
-Başqalarının adından saxta profillərin açılması və ən əsası vaxtımızın çox hissəsini sosial şəbəkələrdə keçirməyimiz. Həmişə dostlarıma belə bir sual verirəm ki, 10 il əvvəl sosial şəbəkə olmadığı dövrdə biz necə yaşayırdıq? Təəssüf ki, insanlar hər sualın cavabını internetdə axtarırlar. Kitab oxuyanların sayı azalıb.
-İnformasiya texnologiyaları işinizi asanlaşdırırmı? Mobil telefonsuz özünüzü təsəvvür edə bilirsinizmi?
-Təbii ki, işimi asanlaşdırır. Telefonumda mənə lazım olan informasiyalar var. Türkiyədə səfərdə olanda telefonum 4 gün işləmədi. Həmin telefonun içərisindəki məlumatlar isə mənim üçün çox vacib idi. Hətta deyə bilərəm ki, məni məhv etmək üçün telefonuma ziyan vurmaq kifayətdir (gülür).
-Azər bəy, gənc oğlan-qız qarşı-qarşıya əyləşiblər və öz mobil telefonunda nəyləsə məşğuldur. Buna münasibətiniz necə olardı?
-Fikrimcə, bir-birinə qarşı bu cür münasibət düzgün deyil. Yaxın dostlarımın yanında olarkən telefondan uzaq qalmağa çalışıram. Əgər vacib işim varsa 5-10 dəqiqə telefona vaxt ayıra bilərəm.
-Xaricdə səfərdə olarkən Rominq xidmətindən istifadə edirsiniz, yoxsa olduğunuz ölkənin mobil operatorunun xidmətindən istifadə edirsiniz?
-Hazırda istifadə etdiyim nömrə Romiq xidmətinə qoşulub. Xaricdə olarkən zənglərə cavab vermirəm. Adətən olduğum ölkənin mobil operatorundan istifadə edirəm. Almaniyada təhsil aldığım üçün deyə bilərəm ki, Almaniyadakı mobil operatorların qiyməti və keyfiyyəti ölkəmizdəkindən yaxşıdır. Bəzən olub ki, az danışmağıma baxmayaraq çox ödəniş etmişəm (gülür).
- Skype, Telegram, WhatsApp- hansından istifadə edirsiniz?
-WhatsApp-dan istifadə edirəm. Xaricdə olduğum müddətdə isə Skype vasitəsilə ailəm və dostlarımla əlaqə saxlayıram.
-Robot modellərin yaradılmasına münasibətiniz necədir?
-Belə bir şey olsa, maraqla qarşılayaram. Fikrimcə, robot modellər tamamilə canlı modelləri əvəz edə bilməz. Model hər musiqiyə uyğun hərəkət etməlidir, bu isə robotlarda inanmıram ki, alınsın. Həmçinin geyimdən asılı olaraq modelin mimikaları müxtəlif olmalıdır, bunu isə robot edə bilməz (gülür). Heç kim model olmur, model doğulur.
-Sizcə 10 il uzağa baxsaq, texnologiyalar bizi idarə edəcək, yoxsa daha çox həyatımızı asanlaşdıran bir vasitəyə çevriləcək?
-Texnika yaradan insanlar yenə də olacaq. Amma texnikanın idarə edəcəyi insanlar da olacaq.
Sevinc Əsədova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri