“20 il əvvəl aldığım telefonu hələ də işlədirəm”- Müsahibə

26-10-2015 / 13:37

Xeberler.az-ın “İnformasiya texnologiyaları tanınmışların həyatında” rubrikasının növbəti qonağı Avto FM-də yayımlanan “Şirin çay” verilişinin aparıcısı, ssenarist Fərid Rzayevdir.

Fərid Rzayevlə müsahibəni təqdim edirik:

-Fərid bəy, İnternetdən ilk dəfə nə zaman və hansı məqsədlə istifadə etmisiniz?

-Əvvəl internetdən daha çox email ilə məktublaşmaq üçün istifadə edirdilər. Elə məhz mənim də internetlə tanışlığım belə başlayıb. Qardaşım zəng edib soruşdu ki, özümə elektron poçt ünvanı açıram sənin üçün də açımmı? Və beləliklə, bu mail vasitəsilə internetdən istifadə etməyə başladım.

-Elektron poçt ünvanınızı gündə neçə dəfə yoxlayırsınız?

-Hazırda hotmail-dən istifadə edirəm. Dostlarım həmin mailin köhnə və qoca olduğunu söyləsələr də, mənim üçün hotmail-də işləmək daha asandır (gülür). Texnologiya baxımından yenilik etməyi sevmirəm. 20 il əvvəl aldığım telefon nömrəsini hələ də işlədirəm. Aparıcı olmaqla yanaşı həmçinin ssenaristəm. Bunun üçün maildən çox istifadə edirəm. Gün ərzində azı 1 dəfə mailimi yoxlayıram.

-Spamlar alırsınızmı?Onlar sizin işinizə mane olurmu?

-Əlbəttə ki, alıram. Mail.ru-da işləyəndə daha çox spamlar alırdım. Hotmail-də spamlar azdır, ona görə daha əlverişlidir. Adicə telefonu açdığımızda spamlar gəlir. Bunun qarşısını almaq üçün telefonuma antivirus proqramları yükləmişəm. Lakin, antivirus və spamı yaradan eyni adam olduğu üçün bunun qarşısını almaq mümkün olmur.(gülür)

-İşdən evə gedəndə, evdə də mobil telefondan, planşetdən və ya kompüterdən istifadə edirsinizmi?

-İnternetə əvvəllər əyləncə kimi baxırdım. Hazırda işimlə bağlı internet çox köməyimə çatır. Həm Facebook, həm də WhatsApp-da qrup yaratmışıq. Bu qrupun köməyi ilə onlayn iclaslar keçiririk. Heç cürə təsəvvür edə bilməzdim ki, sosial şəbəkələrdən bu qədər faydalı və səmərəli şəkildə istifadə etmək olar. Bəzən WhatsApp-da kimsə icazəsiz məni qrupa əlavə edir, bütün günü həmin qrupda yazırlar və bu işlərimə mane olur. “Bu şəhərdə” kollektivi ilə də WhatsApp-da qrupumuz var. Bu isə daha çox əyləncəli qrupdur (gülür).

 -Hansı sosial mediadan, Facebook, Twitter, İnstagram və s. aktiv istifadə edirsiniz?

-Daha çox Facebook və İnstagram-dan aktiv istifadə edirəm. Facebook-da paylaşım edən insanları bir neçə qrupa bölmək olar. Bir qrup insan yemək şəkli paylaşır, bir qrup isə aeroportda olduğunu yer kimi bildirir. Bəlkə də həmin insanlar heç yerə getmir, kimisə yola salır və ya qarşılayır (gülür). Düşünürəm ki, mənim bu gün nə yediyim, hara getdiyim çoxları üçün maraqlı deyil. Bu tip paylaşımlardan bilinir ki, həmin insan yeməyi birinci dəfə görür və sevindiyindən şəklini çəkib paylaşır, bəlkə də bu şans bir daha onun əlinə düşməyəcək.(gülür) Mən də bəzən elə edirəm (gülür). Fikrimcə, yemək şəkli paylaşanda onun reseptini, necə hazırlandığını yazsalar daha maarifləndirici olar.

-Son zamanlar selfie çəkdirib paylaşanların da sayı artıb. Buna münasibətiniz necədir?

-Əvvəl  insanlar bir-birini çəkirdi, indi isə özünü çəkir. Sadəcə bir profilə baxanda görürsən ki, eyni adam eyni cür selfie-lər çəkir. Elə insanlar var ki, eyni məkanda 10-15 selfie çəkib paylaşır. Bir az fərqli selfie-lər olsa daha yaxşı olardı. Bu gün selfie-in növləri ilə bağlı bir məqalə də oxumuşam. “Ördək dodaq”, “liftdə”, “yemək yeyərkən” kimi selfie adları qeyd olunmuşdu.(gülür)

-Dostlar görüş təyin edir, bir araya gəlir və hər biri öz telefonu ilə məşğuldur. Bunu kənardan necə qiymətləndirirsiz?

- Evə gedəndə də bu mənzərə ilə qarşılaşıram. Hərə bir telefon, planşet, noutbuku əlinə alır. Təkcə valideynlərimlə görüşəndə bu vəziyyətlə qarşılaşmıram.(gülür). Bəlkə də televiziya bizi lazımi qədər məlumatlandırmadığına görə, əlavə məlumatları internetdən almağa üstünlük veririk.

-Fərid bəy, necə düşünürsünüz, aparıcı üçün sosial şəbəkədə də tanınmaq vacib rol oynayırmı?

-Sosial şəbəkələr tanınmaq üçün çox asan və pulsuz yoldur. Əvvəl sosial şəbəkələrə daxil olan az idi. İndi isə yuxudan oyanan kimi birinci telefonu əlimizə alırıq. Elə aparıcılar var ki, onların verilişi axşamdır və o səhər tezdən şəkil çəkib Facebook, İnstagram-a qoyursa gündəmdə qalır.

-Facebook-da saxta profillərin qarşısını almaq üçün nə etmək lazımdır?

-Bunu daha yaxşı cənab Mark Zuckerberg bilər (gülür). Bununla bağlı bir neçə dəfə şikayət etmişəm, lakin heç bir nəticəsi olmayıb.

-Bank kartlarından istifadə edirsinizmi?

-Əvvəllər istifadə edirdim. Daha sonra banklarla problem yarandığına görə kartlara yox dedim. Kontur yükləyəndə, hesaba pul göndərəndə problemlər yaranırdı.

-Fərid bəy, xaricdə səfərdə olarkən Rominq xidmətindən istifadə edirsiniz, yoxsa olduğunuz ölkənin mobil operatorunun xidmətindən istifadə edirsiniz?

-Dəliyəmmi mən, xaricdə səfərdə olarkən Rominq xidmətindən istifadə edim?(gülür) Hansı ölkəyə səfər edirəmsə həmin ölkənin mobil operatorundan istifadə edirəm. Xaricdə internetin qiyməti buradan 10 dəfə ucuzdur.

-Özünüzü və cəmiyyəti texnologiyalardan asılı hesab edirsinizmi?

-Özümü tam asılı hesab edə bilmərəm, amma müəyyən qədər asılıyam. 40-cı illərdə radio, 60-cı illərdə televiziya indi isə internet dəb halına çevrilib.

-İnformasiya texnologiyaları gündəlik işinizi asanlaşdırırmı?

İşimi çox asanlaşdırır. Hazırda çalışdığım radio verilişində də texnologiya xəbərlərinə üstünlük veririk. Verilişimizin Facebook, İnstagram səhifəsi var və biz bu səhifələrdə şəkil, mövzuyla bağlı suallar paylaşırıq. Suallara yazılan şərhləri efirdə səsləndiririk. Hazırda işlərimi həll etmək üçün telefon kifayət edir. Bütün işlərimi onun vasitəsilə həll edirəm, dostlarımla əlaqə saxlamaq üçün çox əlverişlidir. Telefonum yemək bişirə bilsəydi onunla evlənərdim (gülür).

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə