Qrant alan startaplar -Kim harada, nə edir?

16-02-2017 / 14:03

Son dövrlər ölkəmizdə startap ekosistemin formalaşması istiqamətində müəyyən addımlar atılıb. 2012-ci ildən başlayaraq bu sahədə bir sıra uğurlar da əldə edilib. Aparılan maarifçilik işlərindən sonra bu sahəyə maraq artıb, yeni milli startapların formalaşması davam edir, innovasiya mərkəzləri yaradılır və müxtəlif müsabiqələr təşkil olunur.

Artıq regionlarda da startap hərəkatının canlandırılması istiqamətində addımlar atılır.

Startap ekosistemin formalaşmasında mühüm elementlərdən biri də investisiya mühitinin inkişafıdır. Hələlik ölkəmizdə fərdi investorların, biznes angellər-in yetərli olmadığı zor zamanda təbbi ki, startaplara dövlət dəstəyinin təşkili xüsusi əhəmiyyət kəsb edir.

Məlum olduğu kimi, Azərbaycanda startap, innovativ layihələrə dəstək verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu fəaliyyət göstərir.

Belə ki, Fond hər il İT layihələr üçün qrant müsabiqəsi elan edir .Bu günə qədər Fond 4 müsabiqə elan edib.

Fondun elan etdiyi 1-ci qrant müsabiqəsində qalib olan 25, 2-ci qrant yarışmasında 23, 3-də 13, 4-cü qrantda isə 29 layihəyə vəsait ayrılıb.

Qeyd edək ki, Fondun layihələrin hər birinə ayırdığı maliyyə əsasən 10 -20  min AZN ətrafında olub.

Bu vəsaitlər əsasən layihələrin ilkin inkişafında dəstək məqsədi daşıyır və gələcəkdə layihələrin investisiya əldə etmələri üçün daha uğurlu start vəziyyətinin formalaşmasına köməklik edir.

Xeberler.az olaraq daim layihələrin fəaliyyəti ilə bağlı maraqlanır, oxuculara məlumatlar təqdim edirik.

Ötən Müşahidə Şurasının toplantısından sonra açıqlanan məlumatlara görə, Fondun bu yaxınlarda növbəti qrant müsabiqəsini elan edəcəyi də istisna olunmur.

Bəzən belə iddialarla qarşılaşırıq ki, Fondun ayırdığı maliyyə startapların növbəti inkişafına təkan vermək üçün yetərli deyil. Qeyd edilir ki, layihələr bu vəsaitlə işlərinin çox az hissəsini həyata keçirə bilir.

Bunları nəzərə alaraq Fonddan qrant almış startapların hazırdakı fəaliyyəti, investisiya əldə etməsi və mövcud problemləri ilə bağlı ətraflı söhbət etdik.

Görəsən, İT-nin İnkişafına Dövlət Fondunun ayırdığı maliyyə onların sonrakı mərhələ inkişafına yardım edə bilibmi?. Bu dəstək onlara hansı yeni imkanlar açıb?

WeTravel layihəsi  ilk qrant alan layihələrdən olub.

Qeyd edək ki, layihə ölkələrə gəzinti turu təşkil edən onlayn sistemdir.

Layihə rəhbəri hazırda ABŞ-da yaşayan həmyerlimiz Qərib Mehdiyevdir. Startap Fonddan 20 min AZN  qrant qazanıb.

Məlumatımıza görə, layihə komandasında azərbaycanlı nümayəndələr hazırda Yüksək Texnologiyalar Parkında fəaliyyətlərini davam etdirir.

Əldə etdiyimiz məlumata görə, bu layihə sonradan daha böyük investisiyalar əldə edə bilib və fəaliyyətini də uğurla davam etdirir.

Layihə komandası ilə əlaqə saxlasaq da, bu barədə hələlik geniş  məlumat açıqlamaq istəmədiklərini bildiriblər.

Səhiyyənin İntellektual İdarəsi Mərkəzi- MedNot da 1-ci qrant müsabiqəsinin qaliblərindədir.

Bu layihə özündə həkim - xəstə - aptek münasibətlərini ehtiva edən, xəstəliklərin, xəstələrin, yazılan və alınan dərmanların statistikasını müxtəlif rakurslardan ( mövsüm,region, yaş qrupu, cins və s.) toplayan və bunu maraqlı tərəflərə ( əhali, həkimlər, apteklər, dərman şirkətləri, klinikalar, Səhiyyə Nazirliyi) açıqlaya bilən onlayn şəbəkədir.

Layihə Fonddan 20 min AZN qrant qazanıb.

Layihə rəhbəri İlqar Tağıyev Xeberler.az-a bu günə qədər layihədən heç bir gəlir əldə etməkdilərini bildirib:

“Hazırda qlobal bazara çıxa bilməmişik. Amma bir sıra beynəxalq tədbir və yarışmalarda iştirak etmişik. 2014-cü ilin noyabr ayında Dublində (İrlandiya) keçirilən dünyanın ən böyük  startap tədbirində uğurla çıxış etdik. 2015-ci ilin fevral ayında Dubayda (BƏƏ) keçirilən İnnovation Arabia 8.0  tədbirində geniş təqdimat keçirdik  və böyük marağa səbəb oldu. Hazırda bu istiqamətdə xarici şirkətlərlə əməkdaşlıq üçün ilkin danışıqlar davam edir. Bundan əlavə, 2015-ci ilin may ayında İrvində (Kaliforniya, ABŞ) keçirilən İnnovation Coast innovasiya tədbirində finala çıxmışıq”.

Onun sözlərinə görə, artıq elektron səhiyyə məsələsi Azərbaycanda İKT-nin inkişafına dair Strateji Yol Xəritəsinə daxil edildiyi üçün indi onların layihəsinə daha çox ehtiyac var.

Öyrənirik ki, layihə komandası əvvəllər daha çox Səhiyə Nazirliyi ilə işləməyə meyilli idilərsə, indi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlığı genişləndirməyə çalışır.

"Bildiyiniz kimi, Yol Xəritəsinə elektron səhiyyə, e-resept kimi bəzi məqamlar da əlavə edilib. Artıq bir startapdan da daha geniş fəaliyyətə başlayırıq. Hazırda bunun üzərində işləyirik. Nazirlik ilə də danışıqlar gedir, yaxın vaxtlarda bu iş reallaşa bilər”.

İlqar Tağıyevin sözlərinə görə, Fond 3 il bundan əvvəl bu layihənin vacibliyini diqqətə alaraq layihəyə qrant ayırıb:

“Fond da nazirliyə daxildir. Bizim işimiz də qiymətləndirildi vəsait ayrıldı. Deməli, hələ o vaxt e-səhiyyənin vacibliyi diqqət mərkəzində idi. Əslində, bizim layihə elə nazirliyin sayıla bilər. Çünki ilkin investisiyanı da, sonra fəaliyyət göstərmək üçün mərkəzi də nazirlik təşkil edib. Yüksək Texnologiyalar Parkında bizim üçün yaxşı şərait yaradılıb. Dəstək göstərilir. İnanırıq ki, elektron səhiyyənin formalaşmasında nazirliklə birgə ciddi addımlar atacağıq”.

1-cin qrant müsabiqəsinin qaliblərindən biri də CoLİ-Colorful Life startapıdır.

Layihənin müəllifi sosial media üzrə mütəxəssis, bloqqer Orxan Rzayevdir.

CoLi  Fondan 20 min AZN qrant əldə edib.

Məlumatımıza görə, mesajlaşma sistemi, WhatsApp-a  bәnzәr layihə olan CoLİ-nin qrant vəsaiti ilə  proqram tәminatı hazırlanıb. Lakin sonradan əlavә dәstәk olmadığı üçün layihә bazara çıxarıla bilmәyib. Hazırda layihə aktiv fəaliyyət göstərmir.

İlk qrant müsabiqəsində iştirak edib, qalib olan layihələr arasında ECM-Uyğunluğun İdarəolunması üzrə Mühəndis Proqram Təminatı layihəsi də var.

ECM-in müəllifi isə İT üzrə mütəxəssis Vahid Qasımovdur.

Layihə Fonddan 20 min AZN qrant qazanıb.

Hazırda layihə ilə bağlı işlərin yarımçıq qaldığını deyən Vahid Qasımov qrant müsabiqəsi ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.

İT mütəxəssisin sözlərinə görə, onlar ilk qrant müsabiqəsinə müraciət edəndə şərtlər başqa formada olub:

“1-ci qrant müsabiqəsində şərtlər elan olunanda qeyd edildi ki, kiçik qrantlar üçün 100 minə qədər vəsait ayrılacaq. Bizim layihədə tələb edilən büdcə isə 86 min, marketinq xərclərini çıxmaqla 40-45 min idi. Lakin qrantın nəticələri açıqlandığı zaman məlum oldu ki, Fond layihələrə, ümumiyyətlə, bu məbləğdə vəsait ayırmır. Belə ki, bəlli oldu ki, layihələrə maksimum 20 min AZN verilir. Elə bizim də layihəyə  20 min ayrıldı”.

Vahid Qasımov qeyd edib ki, Fondun ayırdığı vəsaitlə çox çətinliklə işlərinin 60-65 fazini həyata keçirə biliblər:

"İşlərimizin belə olmasının səbəbi isə  layihə 1 il üçün nəzərdə tutulmuşdu və 6 nəfərin işləməsi planlaşlaşdırılmışdı. Amma məbləğ tələb olunanın beşdə biri olduğu üçün məcbur olub müddəti yarım ilə uzatdıq və işçilərin sayını da 4 nəfərə endirdik. Gördüyünüz kimi, bununla da işi sona çatdıra bilmədik”.

Layihə rəhbəri Fondun qrant müsabiqəsində başqa bir maraqlı tərəfi də vurğulayıb.

O qeyd edib ki, Fond vəsaiti birdəfəyə vermədiyi üçün də bəzi problemlərlə qarşılaşıblar:

“Fondun qrant verməsində digər problem isə onlar ayrılan məbləği bütünlükdə vermək istəmirdilər. Belə ki, qazanılan məbləğ layihələrə 3 mərhələdə verilirdi. Əvvəlcə pulun 40 -30 fazini, növbəti hissədə isə 30 faizini verdilər. Məsələ ondadır ki, yerdə qalan 30 faizini isə sona saxladılar. Sonuncu 30 faizi vermədən öncə isə  tələb etdilər ki, qrant alan layihələr gördükləri işlərlə bağlı fonda hesabat-sənəd təqdim etsinlər. Həmin hesabatda gördüyünüz işlər, hətta bütün işçilərinizə verdiyiniz maaşlar da qeyd edilməli idi. Sonra bu sənədlərə əsasən pulun yerdə qalan 30 faizini ödəyirdilər”.

Vahid Qasımov Fondun ayırdığı məbləğin daha sonra əlavə investisiya imkanı yaratmadığın qeyd edib:

“Əlbəttə ki, bu vəsait əlavə investor tapmağa yetərli hesab oluna bilməz. Çünki heç bir investor hazır olmayan layihəyə yatırım etmək istəmir. Ona görə də məhsul olmadığı müddətcə investor tapmaq çətin idi. Bizim layihə də kifayət qədər böyük kommersiya məhsulu idi. Biz də kommersiya məsələsini çatdıra bilmədik, layihə yarımçıq qaldı”.

Mütəxəssis növbəti dəfə bu şərtlərlə Fondun güzəştli kredit və qrantlarına müraciət etməyəcəyini vurğulayıb. O, məsələyə aydınlıq gətirib:

“Sonuncu ödənişdən əvvəl yekun hesabatın tələb edilməsi bizə problemlər yaradır.  Həmçinin də güzəştli kreditlərlə iş görmək də mümkün deyil. Biznesə başlamaq üçün pul olmalıdır. Yoxsa, kreditlə nəsə etmək məqsədəuyğun deyil”.

Vahid Qasımov fondun qrant müsabiqəsi ilə bağlı öz təkliflərini də bildirib:

“Hazırda fond 100 layihədən 20-ni seçir və o layihələrə maksimum 20 min AZN-ə qədər maliyyə ayırır. Hesab edirəm ki, onlar arasında ən yaxşı 2  layihəni seçib 100 min manat ayırmaq daha effektli olardı”.

Qeyd edək ki,  1-ci qrant müsabiqəsinin qalib layihələrinin bir neçəsinə (Socset – Şaiq Muradov, E-ticarət.az - Məmməd Kərimov, Ülvi Aslanov, Shopera.az- Rəşad Camal,  3İ - Elnur Əliyev; MY Baku-Ürfət Abbaslı və  digərlərinə) də rəsmi sorğu göndərmişik. Növbəti yazılarımızda bu layihələrə də yer ayıracağıq.

Fondun 2-ci qrant müsabiqəsində qalib olan layihələrdən biri də startap sahəsində yaxından tanıdığımız Orxan Əhmədovun Xercim.az layihəsdir.

Sonradan adı dəyişdirilərək  Xərcim.az- iKeebon adlandırlan layihə 10 min manat qrant alıb.

Xərcim.az  bazarda mövcud olan bütün endirim, bonus, kupon proqramlarını bir yerdə toplayaraq, həmin proqramların, istifadəçilərə verdiyi üstünlüklər, qənaət etmə yolları və onların partnyorları haqqında məlumat bazasından ibarət mobil tətbiq və proqram təminatıdır.

Layihə rəhbəri Orxan Əhmədov deyir ki,  iKeebon-Xərcim.az layihəsi hazırda tamamlanıb, amma pivot mərhələsindədir.

Onun sözlərinə görə, bu günə qədər layihənin Android və iOS mobil tətbiqlər hazırlanıb. Layihə Startap Azərbaycan və MilliNet müsabiqələrində qalib olub.

Öyrənirik ki, layihə İKT-nin İnkişafı Dövlət Fondundan əldə etdiyi qrant ilə sistemin iBeacon ilə inteqrasiyasını təmin edə bilib.

Orxan Əhmədov qeyd edib ki, hələ  layihənin davamlı gəlirliyini təmin edə bilməyiblər və bu istiqamətdə işlər aparılır.

Layihə ilə bağlı investor axtarışı məsələsinə gəlincə isə o, bildirib ki,  hazırda investor yox, əməkdaşlıq üçün partnyor axtarışındadırlar.

2-ci qrant müsabiqəsində qalib olan layihələrdən biri də Azdimension platformasıdır.

Azdimension 10 min AZN qrant alıb.

Layihə smartfonlar üçün"İki igid"mobil oyunun yaradılmasından ibarətdir.

Layihə rəhbəri Fərid Haqverdiyev Xeberler.az-a bildirib ki, məqsəd Azərbaycan nağılları əsasında mobil oyun yaratmaq  olub:

“Çünki Azərbaycanda praktiki olaraq öz mobil oyunlarımız mövcud deyil. Buna qədər biz stasionar və daşına bilən kompüterlər üçün oyun yaratmaqda ixtisaslaşmışdıq və buna görə bizim üçun yeni platformada oyunun yaradılması maraqlı idi. Artıq layihənin həyata keçirilməsinin ilkin mərhələsində başa düşdük ki, mobil platformalar üçün oyun yaradılması üçün olan ilkin plana dəyişikliklər etmək zərurəti var. Elə alındı ki, oyun mühərrikinin dəyişdirilməsi, yeni proqramlaşdırma dilinin öyrənilməsi və çoxlu sınaq etmək labüd idi. Bizim üçün oyun yaradılması zamanı olan əsas meyar onun keyfiyyəti idi, bu göstəriciyə biz xüsusi diqqət yetirmişdik”.

Layihə rəhbəri qeyd edib ki, platformanın yaradılması  üçün subsidiyanın məbləği 10 min manat idi və bu məbləğ oyunun yaradılmasına kifayət edirdi. Ona görə də Fondun ayırdığı maliyyə ilə işlərini görə biliblər.

Onun sözlərinə görə, bu layihə yalnız qeyd edilmiş subsidiya hesabına həyata keçirilib və kənardan heç bir investisiya cəlb edilməyib.

Layihənin hazırki vəziyyətindən danışan startapçı bildirib ki, oyun artıq Play Market-də yerləşdirilib. Oyunun iOS platformasında çalışan Apple markalı smartfon və planşetlər üçün yerləşdirilməsi istiqamətdə  isə hazırlıqlar gedir:

“Oyun yükləmə üçün pulsuzdur. Belə ki, gəlir oyunda yerləşdirilən reklam hesabına əldə edilir. Ciddi gəlirlərin əldə edilməsi üçün bahalı reklam kampaniyası mütləqdir. Lakin əsas məqsədimiz böyük gəlirin əldə edilməsi deyil, Azərbaycan mobil oyunun yaradılması və onun bizim istifadəçilər üçün əlçatan olması idi. Buna görə oyunu təşviq etmək üçün pulsuz marketinq addımlarından istifadə etmək haqqında düşünürük”.

Güzəştli kreditlər və ya qrant üçün İT Dövlət Fonduna və digər investorlara yenidən müraciət etmək fikrinə gəlinicə isə o,  bir neçə innovativ ideyalarının olduğunu və onların həyata keçirilməsi üçün maliyyə dəstəyinə ehtiyac duyduqlarını bildirib.

Onun sözlərinə görə, bu ideyalar həm yeni oyun janrları ilə, həm də yeni platforma və texnologiyalar ilə əlaqəlidir.

Fərid Haqverdiyev layihələrin ilkin inkişafına dəstək üçün öz təkliflərini də bildirib:

“Düşünürəm ki, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət  Fondunun subsidiyaları hesabına həyata keçirilən layihələr üçün daha geniş informasiya dəstəyi olmalıdır. Belə ki, keçən il Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Fondun dəstəyi ilə biz Bakutel 2016 sərgisində iştirak etmişdik və bunun köməyi ilə bizim oyunumuz daha çox tanınan və yüklənən oldu. İstərdik ki, Fond bu istiqamətdə fəaliyyətinin davam etdirsin”.

3-ci qrant  müsabiqəsində qrant udan digər bir layihə  Sumaks-dır.

Azercell –in Barama İnnovasiya Mərkəzinin layihəsi olan Sumaks cihazı ilə az enerji və vaxt sərf etməklə avtomobiliniz barədə hər an məlumatlı ola bilərsiniz. 

Layihə qrant müsabiqəsində 12 min AZN qazanıb.

Sumaks-ın rəbəri Cavid Məmmədovun sözlərinə görə, layihə hazırda  müxtəlif növdə məhsulları ilə işlərinə davam etməkdədir. Bunlara Sumaks-ın öz təşəbbüsü ilə yaranan layihələr (avtomaks, check up lift, Fitmaks ) və dövlət və özəl sektora aid müxtəlif növdə sifarişlər daxildir.

Cavid Məmmədov deyir ki, bu günə qədər Avtomaks cihazı tam istehsal olunmuş formada müxtəlif özəl şirkət və təşkilatlarda tətbiq edilib. Hazırda cihazın xarici bazar tərəfləri araşdırılır.

Onun sözlərinə görə, layihə bu il  Beynəlxalq Stevie müsabiqəsində ilin ən yaxşı startapı nominasiyasında 2-ci yerə layiq görülub. Və ən əsası artıq Sumask-ın özünə aid bir mərkəzini yarada bilib.

Cavid Məmmədov bildirir ki, Fonddan əldə etdikləri vəsaitlə cihazın ərsəyə gəlməsindəki bütün proseslərdə  istifadə olunub. Xüsusilə də, istehsalda istifadə olunan detalların alışında bu maliyyə onlara kömək edib.

Layihənin davamlı gəlirliliyini təmin etmək məsələsinə gəlincə isə onun sözlərinə görə, bu iş arzuolunan səviyyədə olmasa da, komandanın gəlirlərini qarşılamaqda və yeni layihələr üzərində işləməkdə təmin edə bilir.

Layihə rəhbəri qeyd edib ki, hazırda investor axtarışına ehtiyac duymurlar.

3-cü qrant müsabiqəsinin qaliblərindən RobiGuide layihəsi də turizm sahəsində diqqət çəkir.

RobiGuide bütün tarixi abidələr, binalar, restoranlar, əyləncə mərkəzkəri, ofislər və s. barədə ətraflı məlumatı səsli (audio) və yazılı şəkildə istifadəçiyə təqdim edir. Məlumatlar istifadəçinin istəyindən aslı olaraq 3 dildə- Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Bundan əlavə, istifadəçilər xüsusi proqram vasitəsilə ətrafda olan əyləncə və istirahət mərkəzləri, otellər, ofislər, tarixi abidələr, restoranlar, menyular, onların qiymətləri və s. barəsində məlumatlar da əldə edir.

Layihə qrant müsabiqəsində 12 min AZN vəsait əldə edib.

Layihə rəhbəri Namət Məmmədzadə Xeberler.az-a bildirib ki, bu maliyyə onlara yetərli olmasa da, müəyyən işlər üçün kömək edib. Onun sözlərinə görə, sistemin hazırlanmasında və beta versiyanın yaradılmasında  Fondun vəsaitindən istifadə ediblər:

“Alınan qrant əsasında qeyd etdiyim kimi, proqramın beta versiyasının hazırlaya bildik. Hələlik sistemin Android versiya işıq üzü görüb. Bundan əlavə, həmin maliyyə ilə seed investment kimi proqramın ayağa qalxmağına kömək oldu. Hazırda layihə beta versiya olmağına baxmayaraq artıq gəlir əldə etməyə başlayıb”.

Namət Məmmədzadə qeyd edib ki, yenidən Fondun qrant müsabiqəsinə müraciət etmək niyyətindədirlər.

İnvestisiya axtarışı məsələsinə gəlincə isə o, qeyd edib ki, hazırda bu istiqamətə hər hansı fəaliyyətləri yoxdur:

“Layihə beta versiya və yalnız  Android platformasında olmasına baxmayaraq, artıq qazanc əldə edir. Ona görə özü-özünü investisiya prinsipi ilə inkişaf etmək istəyirik”.

Göründüyü kimi, ilkin inkişaf üçün Dövlət Fondundan qrant alan startaplar arasında müəyyən uğur əldə edərək fəaliyyətlərini aktiv formada davam etdirənlərlə bərabər, daha ciddi investisiyaya ehtiyacı olanlar, problemlərlə üzləşənlər və indiki məqamda, ümumiyyətlə, fəaliyyətləri hiss olunmayanlar da var. 

Onu qeyd edək ki, bu dəfəki məqaləmizdə ilk olaraq Azərbaycanın startap  ekosistemində müəyyən uğurları olan, tanınan şəxslərin layihələrinə yer verdik.

Qrant alan layihələrin hazırki fəaliyyəti, investisiya imkanları və onların rastlaşdıqları çətinliklərlə bağlı silsilə yazılarımız davam edəcək.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə