Qrant alan startaplar fəaliyyət göstərirmi? -Araşdırma

13-04-2017 / 14:47

Məlum olduğu kimi, Azərbaycanda startaplara, innovativ layihələrə dəstək verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu fəaliyyət göstərir.

Belə ki, fond hər il İT layihələr üçün qrant müsabiqəsi elan edir. Bu günə qədər fond 4 müsabiqə elan edib.

Növbəti müsabiqə isə bu yaxınlarda, aprelin 10-da başladı.

Fondun elan etdiyi 1-ci qrant müsabiqəsində qalib olan 25, 2-ci qrant yarışmasında 23, 3-də 13, 4-cü qrantda isə 29 layihəyə vəsait ayrılıb.

Beləliklə, indiyədək İT-nin İnkişafına Dövlət Fondu tərəfindən layihələrə 10-20 min ətrafında qrantlar ayrılıb.

Bu vəsaitlər əsasən layihələrin ilkin inkişafında dəstək məqsədi daşıyır və gələcəkdə layihələrin investisiya əldə etmələri üçün daha uğurlu start vəziyyətinin formalaşmasına kömək edir.

Xeberler.az olaraq daim layihələrin fəaliyyəti ilə bağlı maraqlanır, oxuculara məlumatlar təqdim edirik.

Bəzən belə iddialarla qarşılaşırıq ki, fondun ayırdığı maliyyə startapların növbəti inkişafına təkan vermək üçün yetərli deyil. Qeyd edilir ki, layihələr bu vəsaitlə işlərinin çox az hissəsini həyata keçirə bilir.

Xeberler.az olaraq bunları nəzərə alaraq fonddan qrant almış startapların hazırdakı fəaliyyəti, investisiya əldə etməsi və mövcud problemləri ilə bağlı ətraflı söhbət edir, silsilə yazılar təqdim edirik.

Bundan öncə “Qrant alan startaplar-Kim harada, nə edir?”, “Qrant alan startaplar hazırda nə edir?-Araşdırma” adı ilə  məqalələr dərc etmişik. 

Görəsən, İT-nin İnkişafına Dövlət Fondunun ayırdığı maliyyə onların sonrakı mərhələ inkişafına yardım edə bilibmi?. Bu dəstək onlara hansı yeni imkanlar açıb?

Bu dəfə də qrant almış növbəti startaplar haqda məlumatları təqdim edirik:

Sizinmarket.az layihəsi 2-ci qrant müsabiqəsində qalib olaraq, fonddan 10 min AZN vəsait qazanıb.

Layihənin məqsədi  “Sizinmarket.az” adı altında  Vahid Elektron Ticarət Mərkəzinin və Elektron biznes platformasının (aqreqatorun) yaradılmasıdır.

Layihə rəhbəri Aqil Babayev Xeberler.az-a bildirib ki, hazırda elektron ticarət platforması tam hazırdır, yalnız bəzi səbəblərdən (əlavə işlərin görülməsi, funksionallığın artırılması, mobil versiyasının yaradılması)  platform ictimaiyyətə təqdim edilməyib:

“Sözsüz ki, fond tərəfindən ayrılan vəsait layihənin məqsədləri üçün istifadə olunub. Belə ki, bu maliyyə Azərbaycanda elektron ticarətin infrastrukturunun inkişafı üçün  innovativ  biznes modelin yaradılmasına imkan verdi. Düşünürük ki, həyata keçirdiyimiz layihə elektron ticarətin və elektron sahibkarlığın inkişafına böyük təsir göstərəcək. Fonddan əldə etdiyimiz vəsait əsasən düzgün platformanın seçilməsi, tələblərimizə və texniki tapşırığa əsasən onun dəyişdirilməsi, funksionallığın daha geniş olması, əlavə proqram modullarının və skriptlərin hazırlanıb əsas platformaya inteqrasiya edilməsi üçün xərclənib”.

Öyrənirik ki, komanda hazırda investisiya axtarışındadır:

“Hazırda platformamızı investorlara və partnyorlara nümayiş edir, üstünlükləri və imkanlarını izah edirik. İş adamları və investorlar iş mexanizmi ilə detallı tanış ola bilirlər. Yəni, ideyamızı artıq prototip formasına çevirərək onlara aydın şəkildə nümayiş edirik və suallarını cavablandırırıq. İndi işimiz əsasən üç istiqamətdə gedir: tələblərimizə və şərtlərimizə cavab verə biləcək investorların axtarışı, biznes strukturlarla (təchizatçılar, istehsalçılar, ticarət şirkətləri) danışıqların aparılması və təqdimat, yaratdığımız platformanın texniki olaraq təkmilləşdirilməsi”.

Aqil Babayev deyib ki, fondun kredit imkanlarından istifadə etmək fikirləri yoxdur:

“Bunun üçün ən azı müəyyən gəlir səviyyəsinə çatmalıyıq. Kreditlə bağlı müraciətlər düşünürəm yaxın 3 ildən sonra olacaq. Daha çox dövlət və investisiya qurumlarının və xüsusilə də İT-nin İnkişafına Dövlət Fondunun investisiya proqramında iştirak etmək və daha çox vəsait cəlb etmək istərdik. Ümid edirəm, bu proqram da yaxın vaxtlarda fəaliyətə başlayacaq”.

Onun sözlərinə görə, artıq bir səfirlik layihə ilə əməkdaşlıq etmək istəyir:

“Layihəni dəyərləndirmək və qiymətləndirmək, həmçinin bəzi qurumların bu layihəyə diqqətini çəkmək məqsədi ilə bir sıra dövlət qurumlarına ( Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Vergilər, İqtisadiyyat Nazirliyinə, Prezident Aparatına, yerli investisiya fondlarına) məktublar göndərmişik və bəziləri ilə danışıqlar gedir. Hətta  bir xarici səfirlik də gələcəkdə bizimlə əməkdaşlıq etmək niyyətindədir. Sözsüz ki,  NRYTN, İqtisadiyyat Nazirliyi, İT-nin İnkişafına Dövlət Fondu və Azərbaycan İnvestisiya şirkətinin bu tipdə və ölkə üçün əhəmiyyətlə olan layihələrə xüsusi diqqət ayırmasını istərdik”.

Medianet layihəsi  də 3-cü qrant müsabiqəsində qalib olan startaplardandır.

Belə ki, fond tərəfindən layihəyə 10 min AZN ayrılıb.

Layihə rəhbəri isə Fərid Kazımovdur.

Medianet layihəsi mətbuata press-relizlərin, şəhrlərin göndərilməsinin rahat və operativ formatda həyata keçirilməsi üçün avtomatlaşdırılmış bir platformadır.  Layihə müştərilərə (şirkətlərə, təşkilatlara) press-reliz yayımı xidmətindən əlavə müxtəlif servislər - relizlərin xarici dillərə (rus və ingilis) tərcuməsi,  peşəkar redaktəsini yaxud da təmamilə yenidən hazırlanmasını təklif  etməyi nəzərdə tutur.

Startapın komandasından Xeberler.az-a bildirilib ki, layihə artıq fəaliyyət göstərir və xidmətdən yararlanmaq istəyən hər bir startap, yaxud digər qurum onlayn olaraq müraciət edə bilər. Bununla yanaşı, Medianet.az İKT sahəsində fəaliyyət göstərən qurumların press-reliz hazırlamaq vərdişlərinin təkmilləşdirilməsi üçün mütəmadi olaraq pulsuz təlimlər keçirməkdədir.

Məlumata görə, artıq ilk təlim Yüksək Texnologiyalar Parkında keçirilib.

Yaxın zamanlarda da daha bir təlimin keçirilməsi nəzərdə tutulub. Məlumatlandırmanı artırmaq üçün təlimin Xeberler.az ilə birgə keçirilməsi planlaşdırılır.

Qeyd edilib ki, layihə artıq ilk müştərilərinə də xidmət göstərməkdədir. Lakin əsas marketinq strategiya b2b formatı nəzərə alaraq maarifləndirmə üzərində qurulub:

“Medianet.az əsas olaraq kiçik komandalara və peşəkar PR mütəxəssisi olmayan qurumlara ünvanlanıb. Platforma vasitəsilə hər bir startap özü haqqında bilikləri mətbuata təqdim edə bilər. Bu son dərəcə rahat bir servisdir və mətbuatla əlaqə qurmağa təcrübəsi olmayanlar üçün işlək alətdir”.

Qeyd edilib ki, İT-nin İnkişafına Dövlət Fondunun ayırdığı vəsait layihənin qurulmasına tam olaraq yardım edib:

“Layihənin texniki tərəfi nisbətən sadə olduğu üçün verilən qrant vəsaiti əsasında bazarda fəaliyyət üçün nəzərdə tutulan servis hazırlanıb. Layihənin gəlirindən əldə edilən gəlir ilk öncə sistemin təkmilləşdirilməsinə yönələcək”.

Onlayn proqramlaşdırma akademiyası (CodeAcademy) də 3-cü qrant müsabiqəsində qalib olan startaplar arasındadır.

Layihəyə 15 min AZN vəsait ayrılıb.

Qalib olan layihə, yəni, hazırki CodeAcademy-nin rəhbəri isə Samir Kərimovdur.

Layihə İKT sektorundakı ehtiyaca uyğun real proqramlaşdırma bacarıqlarını öyrətməyi hədəfləyib.

Qeyd edək ki, startapın hazırki fəaliyyəti, investisiya imkanları ilə bağlı rəsmi sorğumuza bu yazı dərc olunanadək cavab verilməyib.

Onu da bildirək ki, Code Academy  artıq müstəqil şirkət olaraq aktiv fəaliyyətə başlayıb.

 

AzeriTour Soft layihəsi də 2-ci qrant müsabiqəsində qalib olub. Layihəyə 10 min AZN ayrılıb.

Layihə rəhbəri Nəzər Eminov Xeberler.az-a bildirib ki, AzeriTour Soft Azərbaycanın turizm sahəsində yenilik etməyi nəzərdə tutub. Belə ki, onlar yeni proqram təminatı yaradaraq turizimlə bağlı bütün fəaliyyətləri bir sistem üzərindən həyata keçirməyi hədəfləyib:

Öyərənirik ki, İT-nin İnkişafına Dövlət Fondunun ayırdığı vəsait ilə onlar işlərini başa çatdıra bilməyiblər və layihə yarımçıq qalıb:

“Fonda müraciət edəndə layihəmizin büdcəsi 160 min AZN-dən çox idi. Bütün turizm xidmətlərini avtomatlaşdırmaq istəyirdik. Məsələn, müştəri həmin proqrama daxil olub, bələdçini, oteli, bileti seçə və digər bu kimi fəaliyyətləri sistem üzərindən edə bilər. Belə desək, artıq bu sahədə nağd ödəniş aradan qaldırılacaqdı. Amma nəticədə layihəmizə 10 min AZN ayrıldı. Bu vəsaitlə isə işi başa çatdırmaq mümkün olmadı. Elə sayt yaratdıq, bir neçə kompüter və digər avadanlıq aldıq, büdcə qurtardı”.

İnvestisiya dəstəyinə gəlincə isə layihə rəhbərinin sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi ilə görüşüb, layihələrini təqdim etsələr də onlara dəstək olmayıb.

Nəzər Eminov qeyd edib ki, fond ayırdığı vəsaitin miqdarını qaldırarsa, yenidən qrant müsabiqəsinə müraciət edə bilər:

“Hazırda nəzərdə tutduğumuz proqramı tam başa çatdıra bilməmişik. Yaxşı olardı ki, fond layihələrə maliyyə ayıranda onların büdcəsini nəzərə alıb, ona uyğun dəstək göstərsin. Təklif veriləndə daha yaxşı dəyərləndirilsin. Ya layihənin büdcəsinə uyğun vəsait ayrılsın, ya da, ümumiyyətlə, maliyyə ayrılmasın. Çünki belə kiçik məbləğlə nəzərdə tutulan işləri həyata keçirmək mümkün deyil”.

“Trafikin optimal idarə olunması” layihəsi də 2-ci qrant müsabiqəsində qrant alanlardandır.

Layihənin məqsədi rəqəmsal informasiya kommunikasiya şəbəkələrində paketlərin kommutasiya qovşaqları arasında translyasiyası prosesinin təkcə qısa marşrutların seçilmə kriterisinə görə deyil, həm də kanalların məşğulluq göstəricisinə görə seçilməsini təmin edən metodikanın işlənməsi ilə şəbəkələrin effektivlik göstəricilərinin yüksəldilməsidir.

İT-nin İnkişafına Dövlət Fondu tərəfindən bu startapa da 10 min AZN ayrılıb.

Layihə rəhbəri Fariz İmranov Xeberler.az-a bildirib ki, cihaz artıq laboratoriya məhsulu kimi hazırdır:

“Layihənin nəzərini hissəsini özümüz hazırlamışdıq ki, belə bir xidmət mümkündür. Sadəcə müəyyən avadanlıqlara ehtiyacımız  vardı. Onu da İT-nin İnkişafına Dövlət Fondundan aldığımız vəsaitlə həyata keçirə bildik. Layihəni tam başa  çatdırıb, fondda təqdimatını da etdik. Hazırda cihazı şirkət və qurumlara təqdim edirik, onlarla əməkdaşlıq etməyə çalışırıq. Artıq 2 şirkət  bu cihazdan istifadə etməyi planlaşdırır”.

Onun sözlərinə görə, cihazı sənaye məhsulu kimi təqdim etmək üçün əlavə vəsaitə ehtiyac var:

“Əksər şirkət məhsul tam hazır olmayanda tətbiq etməkdən çəkinir. Bizim də məhsul sənaye üçün tam hazır deyil. Bunun üçün də əlavə maliyyəyə ehtiyac var. Ona görə də fondun qrant müsabiqələrinə yenidən müraciət etmək niyyətindəyik”.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə