Qrant alan startaplar -Kim harada, nə edir?

16-03-2017 / 12:05

Məlum olduğu kimi, Azərbaycanda startaplara, innovativ layihələrə dəstək verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu fəaliyyət göstərir.

Belə ki, Fond hər il İT layihələr üçün qrant müsabiqəsi elan edir. Bu günə qədər Fond 4 müsabiqə elan edib.

Fondun elan etdiyi 1-ci qrant müsabiqəsində qalib olan 25, 2-ci qrant yarışmasında 23, 3-də 13, 4-cü qrantda isə 29 layihəyə vəsait ayrılıb.

Qeyd edək ki, Fondun layihələrin hər birinə ayırdığı maliyyə əsasən 10 -20  min AZN ətrafında olub.

Bu vəsaitlər əsasən layihələrin ilkin inkişafında dəstək məqsədi daşıyır və gələcəkdə layihələrin investisiya əldə etmələri üçün daha uğurlu start vəziyyətinin formalaşmasına kömək edir.

Xeberler.az olaraq daim layihələrin fəaliyyəti ilə bağlı maraqlanır, oxuculara məlumatlar təqdim edirik.

Yaxın vaxtlarda Fondun növbəti qrant müsabiqəsini elan edəcəyi gözlənilir.

Bəzən belə iddialarla qarşılaşırıq ki, Fondun ayırdığı maliyyə startapların növbəti inkişafına təkan vermək üçün yetərli deyil. Qeyd edilir ki, layihələr bu vəsaitlə işlərinin çox az hissəsini həyata keçirə bilir.

Xeberler.az olaraq bunları nəzərə alaraq Fonddan qrant almış startapların hazırdakı fəaliyyəti, investisiya əldə etməsi və mövcud problemləri ilə bağlı ətraflı söhbət edir, silsilə yazılar təqdim edirik.

Ötən dəfə “Qrant alan startaplar hazırda nə edir” adlı məqalədə bir neçə layihə barədə məlumatlar təqdim etmişik.

Görəsən, İT-nin İnkişafına Dövlət Fondunun ayırdığı maliyyə onların sonrakı mərhələ inkişafına yardım edə bilibmi?. Bu dəstək onlara hansı yeni imkanlar açıb?

Bu dəfə də qrant almış növbəti startaplar haqda məlumatları təqdim edirik:

SocialTrends layihəsi də 1-ci qrant müsabiqəsində qalib olanlardandır.

Belə ki, bu layihə fondun qrant müsabiqəsində 15 min AZN vəsait əldə edib.

Layihə rəhbəri Elşad Yusifli Xeberler.az-a bildirib ki, SocialTrends yaradılanda əhatə dairəsi daha geniş nəzərdə tutulub.

Onun sözlərinə görə, layihəni həyata keçirmək üçün böyük məbləğə ehtiyac olub.

“İkin mərhələdə Azərbaycanda məşhur sosial platformaların -Facebok, Twitter, Vkontakte, Odnoklassniki, Instagram-ın monitorinqini nəzərdə tutmuşdum. Daha sonra qlobalda populyar olan digər platformaları da buraya daxil etməyi düşünürdüm. Belə həcmli iş üçün datanın toplanması, saxlanılması  böyük platforma və xərc tələb edir”.

Elşad Yusifli bildirib ki, Fondun ilkin qrant müsabiqələrində layihələrə ayrılacaq məbləğ 100 min AZN ətrafında qeyd edilirdi.

Öyrənirik ki, bu platformanın yaradılması üçün nəzərdə tutduğu məbləğin yalnız 15 min AZN-i ayrıldığı üçün layihəni tam həcmdə etmək mümkün olmayıb:

“Belə bir geniş platforma üçün 15 min AZN yetərli deyildi. Daha sonra biz bununla bağlı fond rəsmiləri ilə görüşlər keçirdik. Qərara aldıq ki, yalnız bir sosial şəbəkənin monitorinqini edək və layihəni tamamlamaq üçün əlavə investisiya axtaraq.”

Elşad Yusifli bildirib  ki, daha sonra ölkə iqtisadiyyatında dəyişən ümumi situasiyaya görə layihələrini davam etdirə bilməyiblər:

“Layihənin nəzərdə tutduğumuz kimi geniş fəaliyyət üçün əlavə investisiyaya ehtiyac var idi. Ölkədəki vəziyyətlə əlaqədar həm özümüz investisiya ayıra bilmədik həm də investor cəlb edə bilmədik. Bir sosial medianın monitorinqi hazırda işlək vəziyətdədir, Fondda isə real zamanlı işləyişin təqdimatını etmişik”.

Elşad Yusifli hesab edir ki, qrant müsabiqələrində ayrılan məbləğlə işə başlayıb, layihənin müəyyən hissəsini hazırlamaq mümkün olsa da, bazara hazır məhsul təqdim etmək üçün bu vəsait kifayət deyil.

İT mütəxəssis bildirib ki, Fond qrant verilən layihələrin sayını azaldıb, məbləğini artırsa, daha effektiv olar:

“Layihələrin qiymətləndirilmə prosesində isə sırf bu işlə məşğul olan texnoparkların rəyləri nəzərə alınsa, düşünürəm daha yaxşı nəticələr əldə etmək olar”.

Shopera.az isə 2-ci qrant müsabiqəsində qalib olanlar arasındadır. Belə ki,  Fond layihəyə 10 min AZN ayırıb.

Layihənin məqsədi müştərilər üçün alış-verişi asanlaşdırmaq, Azərbaycanda e-ticarətinin kişafına təkan vermək və nağdsız alış-veriş əməliyyatların daha çox yerinə yetirilməsinə dəstək olmaqdır.

Layihənin rəhbəri isə elektron ticarət sektorundan tanıdığımız mütəxəssis Rəşad Camaldır.

Təəssüflər olsun ki, layihə ilə bağlı  bu yazı hazırlanan ərəfəyədək rəsmi sorğumuza cavab verilməyib.

 

SoSmartWhatto layihəsi də 2-ci qrant müsabiqəsində qalib olanlar arasındadır. Belə ki, Fond hər 2 layihəyə 10 min AZN ayırıb.

Onu da bildirək ki, bu layihələr Azərbaycan İqtisad Universitetində İnnovativ Biznes-İnkubator (İBİ) Mərkəzinə məxsusdur.

SoSmart layihəsninin ideya müəllifi isə Mərkəzin rəhbəri Mircavid Həsənovdur.

Layihə rəhbəri SoSmartı-n hazırki fəaliyyəti barədə ətraflı məlumat verib.

Öyrənirik ki, Fondun ayırdığı vəsait ilə SoSmart layihəsi demək olar ki, tam  hazırlanıb:

“Bildiyiniz kimi, SoSmart-ın əsas xüsusiyyəti onun təhsil sistemi və digər qurumlara tətbiq olunmasından ibarətdir. Məsələn, tələbə və şagirdlər təhsil müəssisələrində olduqda dərs cədvəlinə uyğun olaraq telefonları avtomatik səssiz və ya titrəmə rejiminə keçir. Bunun üçün istifadəçinin öncədən dərs cədvəlini mobil telefonuna yükləməsi lazımdır. Həmçinin, bu tətbiqdən digər dövlət  qurumları da istifadə edə bilər.Layihəni demək olar ki, başa çatdırmışıq. Etiraf edim ki, layihə adi istifadəçilər yox, əsasən dövlət sektoru üçün nəzərdə tutulub. Artıq SoSmart-ın mobil tətbiqindən istifadə edilir”.

Mərkəz rəhbəri qeyd edib ki, hazırda layihənin satış mərhələsi davam edir:

“Qeyd etdiyim kimi, layihə əsasən dövlət sektorunu nəzərdə tutduğu üçün diqqəti buna yönəltmişik. Bir neçə dövlət qurumuna layihəni təqdim etmişik. Universitetimizin rektoru da bu işdə bizə dəstək olur. Həmçinin, artıq bir neçə dövlət qurumu layihəmizlə maraqlanıb”.

Onun sözlərinə görə, layihə bir neçə xarici, həmçinin Silikon Vadisi mütəxəssisinə də təqdim edilib. Onlar layihə ilə yaxından maraqlanıb.

Whatto layihəsinin ideyası isə universitetin magistratura tələbəsi olmuş Zülfüqar İsmayılzadəyə məxsusdur.

Qeyd edək ki, Whatto layihəsi isə istifadəçinin qarderobunu bir yerə toplayan və gündəlik geyimini təyin edən mobil tətbiqdir. Proqram istifadəçiyə həftənin günləri, iş görüşləri, tədbirlər və hava şəraitinə uyğun geyim formasını təqdim etməyi nəzərdə tutur.  Bunun üçün istifadəçi öncədən qarderobunda olan geyimlərinin fotosunu çəkib proqrama daxil etməlidir. Mobil tətbiq geyimlərin rəngini və görünüşüni də nəzərə alacaq.

Süni intellektə malik Whatto tətbiqi istifadəçiyə alış-verişi də asanlaşdırmaq məqsədi ilə yaradılıb. Whatto-nun məqsədi insanların hər gün səliqəli, gözəl görünməsinə yardım etməkdir.

Öyrənirik ki, Whatto süni intellektlə olan texnologiya ilə işlməyi nəzərdə tutduğu üçün Fondun ayırdığı məbləğ  layihənin tam başa çatmasına kifayət etməyib.

Mircavid Həsənovun sözlərinə görə, əldə etdikləri qrant vəsaitlə layihənin ilkin versiyasını hazırlayıblar.

Layihənin növbəti inkişafı üçün hazırda investor axtarışındadırlar.

Onun sözlərinə görə,  yenidən Fondun qrant müsabiqəsinə müraciət etmək niyyətindərlər.

Mərkəz rəhbəri də o fikirdədir ki, Fond layihələrə ayrılan məbləği artırsa, daha yaxşı olar.

Onun sözlərinə görə, əgər Fond az sayda layihəyə daha çox vəsait ayırarsa, layihələr də o qədər uğurlu olub, sona qədər davam edə bilərlər.

MobChannel 3-cü qrant müsabiqəsində qalib olaraq 12 min AZN qazanıb.

Layihə istifadəçiyə  ona maraqlı olan kanala uyğun kateqoriyaları seçib və xüsusi hazırlanmış kanal lentində məlumatları izləməyə imkan  verir. Belə ki,  MobChannel platformasında məlumatlar müxtəlif kanallar vasitəsi ilə istifadəçilərə yayımlanır.

Layihənin rəhbəri isə startap sahəsində bir neçə layihəsi ilə seçilən Vaqif Abbasovdur.

Layihənin hazırki  fəaliyyəti  barədə ətraflı məlumat verən Vaqif Abbasov nəzərdə tutulan ilkin işlərin başa çatdığını deyib.

Onun sözlərin görə, layihə ilə heç bir problem yaranmayıb, ilkin texniki işlər bitib, hazırda marketinq strategiyası və digər işlər barədə planlar hazırlanır.

Vaqif Abbasov qeyd edib ki, Fondan əldə etdikləri vəsait investisya almaq üçün kömək edib. Belə ki, layihənin ilkin MVP-si alınan qrant hesabına meydana gəlib:

“Hazırda bir neçə ölkədə istifadə edilməsi üçün investisiya axtarışındayıq. Sözügedən layihə üçün Fonda təkrar müraciət fikrimiz hələki yoxdur”.

O təklif edib ki, Fondun ayırdığı qrant məbləğləri artırılsa, daha səmərəli olar. 

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə