Layihə rəhbərləri 3-cü qrant müsabiqəsindən nə gözləyir?

22-10-2015 / 12:57

Məlumat verdiyimiz kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu 3-cü qrant müsabiqəsini elan edib.

Artıq  budəfəki qrant müsabiqəsinin qaydaları, müsabiqə ilə bağlı yeniliklər də açıqlanıb.

Belə ki, 3-cü qrant müsabiqəsinin elanında qeyd olunduğu kimi, müsabiqədə kiçik həcmli qrant maliyyələşməsi nəzərdə tutulur. Fondun vəsaitinin istifadəsi qaydalarına uyğun olaraq kiçik həcmli qrantların həcmi 10.000 AZN-dən 100.000 AZN-dək müəyyən edilib.

Xeberler.az  müsabiqənin gedişi, müsabiqəyə bu il  təqdim ediləcək layihələrlə maraqlanıb.

3-cü qrant müsabiqəsində kimlər iştrak edəcək?  Layihə  rəhbərlərinin  budəfəki müsabiqədən gözləntiləri nələrdir? Onlar layihələrini təqdim etmək üçün Fondla rahat əlaqə saxlaya bilirlərmi?

Xeberler.az  3-cü qrant müsabiqəsində layihələlərin iştirakı ilə bağlı İT sektorunda  sorğu keçirib.

Alkredit layihəsinin rəhbəri Elşad Yusifli  elə bu layihəsi ilə müsabiqəyə  müraciət etməyi düşünür:

“Alkredit komandası bu günə qədər inkişaf etdirdiyi layihəni daha böyütmək, xidmət əhatəsini genişləndirməyə çalışır. Xüsusən, rayonlarda Alkredit-in fəaliyyətini təmin etməyi hədəfləmişik. Bunun üçün yeni investisiya tələb edilir”.

Elşad Yusifli qeyd edib ki, nazir Əli Abbasov     stataplarla görüşlərində qeyd etmişdi ki, bu il qrant məbləği artırılacaq:
"Artıq bir investordan təklif almışıq, danışıqlarımız davam edir. Bankların  kredit müraciətlərini Alkredit-lə  ölkə  üzrə onlayn etmək üçün biraz daha investisiyaya ehtiyac var. Ona görə İKT Fondun müsabiqəsində iştirak etməyi nəzərdə tuturuq. Müsabiqədən böyük məbləğə ( 30 min AZN)  iddialıyıq”.

Xərcim.az - iKeebon layihəsinin rəhbəri startapçı Orxan Əhmədov Xərcim.az ilə ötən qrant müsabiqəsində 10 min AZN qrant aldığını xatırladıb. O, 3-cü qrant müsabiqəsində iştirak etməyi düşünmür:

“Layihəmiz 2-ci qrant müsabiqəsində iştirak edib, 10 min AZN qrant almışdı və biz layihəni hazırlayıb bitirmişik, daha doğrusu, qrant çərçivəsində nəzərdə tutulmuş işləri bitirib, layihəni genişləndirməyə davam edirik. Hazırda əsas bu layihəyə fokuslandığımızdan 3-cü qrant müsabiqəsində hər hansı bir layihə ilə müraciət etməyi planlamırıq”.

Orxan Əhmədov vurğulayıb ki, bütün diqqətlərini  Xərcim.az –ın fəaliyyətinə yönləndiriblər və  maliyyələşmə üçün başqa investisiya mənbələri axtarırlar.

Startap bazarından yaxından tanıdığımız  BethClip və  Braille Pad layihəsinin rəhbəri Rəşid Əliyev bildirib ki, o, müsabiqəyə Braille Pad layihəsi ilə qatılmağı düşünür:

“Düzdür, hələ qeydiyyatdan keçməmişik. Hazırda layihənin sənədlərini hazırlayırıq. Həftə sonuna qədər layihəmizi Fonda göndərəcəyik”.

Rəşid Əliyev qeyd edib ki, müsabiqədən gözləntiləri 30 min AZN-dir.

Startapçı onu da bildirib ki, Dövlət Fondu çox operativ  çalışır və bütün suallarına vaxtında  cavab verir. 

Tanınmış startapçılardan Namət Məmmədzadə Xeberler.az-a bildirib ki, o, müsabiqədə  RobiGuide lahiyəsi ilə  iştirak etməyə hazırlaşır: 


“Ümid edirəm ki,  builkiiştirakım mənə qrant  qazandıracaq və  layihəmizin  bitməsi üçün böyük köməklik göstərəcək. 

Müsabiqədən gözləntilərim isə əsasən lahiyənin biznes planı və xərcləri əsasında yazılmış məbləğə görə lahiyəni artıq bitirib bazara çıxartmaqdır. Yəni, bu  layihənin ehtiyaclarını qarşılayacaq vəsiat əldə etməyi düşünürük”.

 

Veb mütəxəssis Kamran Ata  deyir ki, müsabiqədə layihə ilə iştirak edəcək. Hazırda layihəyə tam ad seçməyiblər. Bu istiqamətdə çalışırlar:

“Layihəmiz üzərində çalışırıq.  Ölkədə belə bir layihənin olmadığı aydındır. Yaxın zamanda layihəmizi açıqlayacağıq”.

Kamran Ata  hamı kimi müsabiqədə qalib olmaq istəyir.  Mütəxəssis 2-ci qrant müsabiqəsindən narazılığını da bildirib :

“Ümidvaram  ki, budəfəki qrant müsabiqəsində  layiq olan layihələr qalib gələr. Ötən qrant müsabiqələrinin nəticələrindən demək olar ki, razı qalmadım. Belə ki, bəzi layihələr  qrantları aldılar, müəyyən yerə kimi gəldilər və sonra layihəni dayandırdılar. Demək ki, ya həmin layihə uğursuz olub və qrant komissiyası düzgün dəyərləndirməyib, ya da layihə icraçılarının məqsədi ancaq qranta sahib olmaq olub”.

Kamran Ata onu da qeyd edib ki, Fond layihə rəhbərləri ilə əlaqələri effektiv qura bilmir. Onun sözlərinə görə, Fondun rəsmi saytından qeydiyyatdan keçəndə bəzi problemlərlə qarşılaşırlar:

""Sayta daxil olmaq üçün şifərəni bərpa etmək funksiyasından faydalanmaq istəsəm də, uğursuz oldu. Quruma zəng edib problemi bildirmişəm, qeyd etdilər ki, cavab verəcəklər. Amma hələ səs yoxdur".

Fatal Fight döyüş oyununun yaradıcısı Toğrul Səmədov isə müsabiqəyə bu oyun tətbiqi ilə  müraciət etməyi düşünür.


Toğrul Səmədov  müsabiqə ilə bağlı gözləntilərini Xeberler.az-la bölüşüb.

“Layihəmiz üçün tələb olunan büdcə çoxdur.
Layihənin daha da  genişiləndirilməsi üçün  böyük miqdarda vəsait tələb olunur.
Bizim iddiamız 100 min AZN-dir. Əks təqdirdə , 10-12 min AZN təklif olunsa,  imtina etməli olacağıq”.


Bir çox İT layihələrin müəllifi  Ziya Əskərov isə  Feedly.Today  layihəsi  ilə müsabiqədə iştirak edəcək.

“Layihəmizi inkişaf etdirmək üçün vəsaitə ehtiyac var. Fondun qrant müsabəqəsində şansımızı dəyərləndirəcəyik. Hələ qeydiyyatdan keçməmişik, hazırlaşırıq. Bu həftə  müraciət etməyi düşünürük”.

Fondun 1-ci qrant müsabiqəsində  Mednot layihəsi ilə qalib olan İlqar  Tağıyev isə budəfəki qrant müsabiqəsində iştirak etməyi düşünmür:
“Hazırda Mednot layihəsi üzərində çalışırıq. Bütün diqqətimizi bu layihəyə yönəltmişik. Müsabiqədə iştirak etməyəcəyik”.





Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə