Qrant alan startaplar inkişaf edə bilirmi? -Araşdırma

03-05-2017 / 14:25

Məlum olduğu kimi, Azərbaycanda startaplara, innovativ layihələrə dəstək verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu fəaliyyət göstərir.

Belə ki, fond hər il İT layihələr üçün qrant müsabiqəsi elan edir. Bu günə qədər fond 4 müsabiqə elan edib.

Beləliklə, indiyədək İT-nin İnkişafına Dövlət Fondu tərəfindən 90 layihəyə vəsait 10-20 min ətrafında qrantlar ayrılıb.

Bu vəsaitlər əsasən layihələrin ilkin inkişafında dəstək məqsədi daşıyır və gələcəkdə layihələrin investisiya əldə etmələri üçün daha uğurlu start vəziyyətinin formalaşmasına kömək edir.

Xeberler.az olaraq daim layihələrin fəaliyyəti ilə bağlı maraqlanır, oxuculara məlumatlar təqdim edirik.

Bəzən belə iddialarla qarşılaşırıq ki, fondun ayırdığı maliyyə startapların növbəti inkişafına təkan vermək üçün yetərli deyil. Qeyd edilir ki, layihələr bu vəsaitlə işlərinin çox az hissəsini həyata keçirə bilir.

Xeberler.az olaraq bunları nəzərə alaraq fonddan qrant almış startapların hazırdakı fəaliyyəti, investisiya əldə etməsi və mövcud problemləri ilə bağlı ətraflı söhbət edir, silsilə yazılar təqdim edirik.

Bundan öncə “Qrant alan startaplar-Kim harada, nə edir?”, “Qrant alan startaplar hazırda nə edir?-Araşdırma” , “Qrant alan startaplar fəaliyyət göstərirmi?-Araşdırma” adı ilə məqalələr dərc etmişik. 

Görəsən, İT-nin İnkişafına Dövlət Fondunun ayırdığı maliyyə onların sonrakı mərhələ inkişafına yardım edə bilibmi?. Bu dəstək onlara hansı yeni imkanlar açıb?

Bu dəfə də qrant almış növbəti startaplar haqda məlumatları təqdim edirik:

Opera startapı 2-ci qrant müsabiqəsində qalib olan layihələrdəndir.

Kiber Ltd şirkətinə məxsus olan layihəyə 10 min AZN  vəsait ayrılıb.

Opera-nın məqsədi Azərbaycanda fəaliyyət göstərən kiçik və orta müəssisələr üçün istehsal və ticarətin dövriyyəsinin uçotunu həyata keçirən proqram məhsulunun yaradılmasından ibarət olub.

Layihənin hazırki fəaliyyəti ilə bağlı Opera-nın təsisçisi Ədalət Paşayev ilə söhbət etdik.

Layihə rəhbəri Xeberler.az-a bildirib ki, hazırda məhsulun satışı həyata keçirilir:

“Məhsulu hazırlayıb, başa çatdırmışıq. İndiki mərhələdə müəssisələrlə danışıqlar davam edir. Artıq 3 müəssisədə məhsul müzakirə edilir. İlin sonuna qədər bu müəssisələrdə məhsul istifadə edilməyə başlayacaq. İlkin mərhələdə məhsulu yerli bazar üçün nəzərdə tutmuşuq”.

Ədalət Paşayev qeyd edib ki, fonddan əldə etdikləri vəsait ilə  layihənin ilkin mərhələsini  hazırlaya biliblər. Bununla yanaşı,  layihə komandası əlavə olaraq özləri də bu işə yatırım edib. Ona görə də, layihə artıq satış üçün hazır vəziyyətə gətirilib.

Onun sözlərinə görə, hazırda yeni bir layihə üzərində işləyirlər və bu layihəni də davam edən qrant müsabiqəsinə təqdim etmək niyyətindirlər.

Öyrənirik ki, Opera-nın növbəti inkişaf mərhələsi üçün gənclər bu işə cəlb edilib.

"Bakı şəhərinin CİS əsaslı elektron xəritəsinin veb və mobil xidmətlərinin yaradılması" layihəsi də 2-ci qrant müsabiqəsində qalib olub.

Integris MMC şirkətinə məxsus layihəyə də 10 min AZN vəsait ayrılıb.

Layihənin əsas məqsədi Bakı şəhərinin CİS (Coğrafi İnformasiya Sistemi ) əsaslı elektron xəritəsinin və məkana bağlı məlumat bazasının hazırlanması, hazırlanmış xəritənin əhalinin rahat və maneəsiz faydalanması üçün internet resursları üzərindən həm veb tətbiq, həm də mobil tətbiq şəklində kütləvi istifadəsinin təmin edilməsindən ibarətdir.

Startapın təsisiçisi  İsmət Baxışov Xeberler.az-a bildirib ki, layihəni hazırlayıb, təqdim ediblər:

“Fonda müraciət etməzdən öncə də özümüzdə bu iş üçün materiallar var idi. Əsas məqsədimiz veb və mobil tətbiqlər üzərindən Bakı şəhərinin CİS əsaslı xəritəsini təqdim etmək idi. Xəritəmiz də hazır idi. Sadəcə bunu veb üzərindən təqdim etmək istəyirdik”.

Onun sözlərinə görə, fondun ayırdığı vəsait layihənin büdcəsindən az olduğu üçün nəzərdə tutulan işləri başa çatdıra bilməyiblər:

“30 min AZN vəsait gözləyirdik. Lakin layihəmizə 10 min AZN ayrıldı. Ona görə də mobil tətbiqləri tam hazırlayıb, təqdim edə bilmədik. Hazırda layihənin veb sahəsi ilə bağlı işlər davam edir”.

İsmət  Baxışov qeyd edib ki, layihəyə o qədər də maraq yoxdur. Ona görə də əlavə yerlərdən yatırım və digər formada dəstək ala bilməyiblər.

Layihə rəhbəri deyib ki, fonddan aldıqları maliyyə ilkin mərhələdə onlara kömək edib, ona görə də yenidən qrant müsabiqəsinə müraciət etməyi planlaşdırırlar.

Azərbaycanda Virtual server VPS/VDS – Serverlərin icarəsi xidməti  startapı da 2-ci qrant müsabiqəsində qalib olub, 10 min AZN alanlar sırasındadır.

VPS/VDS (Virtual Private Server/ Virtual Dedicatd Server) fiziki server əsasında bir neçə virtual maşının quraşdırılmasına imkan verən texnologiya əsasında serverlərin icarəsi xidmətinin təşkilini nəzərdə tutur.

Layihə rəhbəri Vüsal Cəfərov bildirib, fonddan ayrılan məbləğ layihənin büdcəsindən olduqca aşağı olub. Ona görə də planlaşdırılan işləri tam başa çatdıra bilməyiblər.

Öyrənirik ki, VPS/VDS  bazarda rentabelli ola bilməyib və fəaliyyətini dayandırıb:

“Fonddan ayrılan vəsait ilə layihənin ilkin mərhələsini başa çatdırdıq və təqdimatını da etdik. Sonralar bazarda layihəyə maraq olmadı. Məlum olduğu kimi, iqtisadi böhran da oldu. Bu kimi səbəblərə görə layihəni davam etdirə bilmədik və fəaliyyətini dayandırdıq”.

Vüsal Cəfərov deyib ki, yaxşı olardı ki, fond layihələrə ayırdığı məbləğin miqdarını artırsın.

Layihə rəhbəri növbəti il qrant müsabiqəsinə başqa bir layihə ilə yenidən müraciət etmək niyyətindədir.

Azərbaycanda startapların milli bazasını hazırlamağı qarşısına məqsəd qoyan startup.az layihəsi 4-cü qrant müsabiqəsində qalib olanlar sırasınadır.

Layihəyə 15 min AZN vəsait ayrılıb.

Startapların milli bazasınının hazırlanması ilə bağlı layihənin rəhbəri isə Fərid Kazımovdur.

Xeberler.az olaraq layihə komandası ilə görülən işlər barədə ətraflı söhbət etdik.

Layihə rəhbərliyindən bildirilib ki, əldə edilən qrant vəsaiti platformanın texniki hazırlanması, kontentin hazırlanması və ingilis dilinə tərcüməsinə yönəlib.

Qeyd edilib ki, layihənin ilkin addımlarının atılması üçün vəsait kifayət edib.

Öyrənirik ki, qrant hesabına artıq bir neçə ildir fəaliyyət göstərən Startap Azərbaycan təşəbbüsünün rəsmi internet səhifəsi olan Startup.az-ın tamamilə yenilənməsi və Milli Startap Portalının yaradılması prosesi həyata keçirilib:

“Problemlərə gəlincə deməliyik ki, yerli startapların öz məlumatlarını bölüşməkdə real tənbəlliyi müşahidə edilir. Belə ki, hər bir layihə özü haqqında məlumatı daha geniş yaymaqda maraqlı olmalıdır, investorları maraqlandırmalıdır. Amma reallıqda yerli startaplar məlumatları bölüşməkdə passivlik göstərir. Amma ümid edirik ki, startup.az bazara çıxanda yerli startaplar daha aktiv olacaq”.

Məlumata görə, hələlik yeganə uğur startup.az platformasnının Azərbaycanın startap ekosisteminə inteqrasiya olunması prosesinin başlamasıdır. 

Layihənin gələcək inkişafı, daha böyük investisiyalar almaq məsələsinə gəlincə isə qeyd edilib ki, Azərbaycan reallığını nəzərə alaraq startup.az platforması ilkin mərhələdə özünü maliyyələşdirə bilmə səviyyəsinə çatmalıdır:

“Bunun üçün artıq biznes-model müəyyən olunub. Növbəti mərhələlərdə platforma bazasında müxtəlif xidmətlərin, o cümlədən akselerasiya proqramı reallaşdırıla bilər. Əlbəttə, layihəyə investisiya da tələb oluncaq. Amma onun məbləği o qədər də böyük deyil”.

Öyrənirik ki,  layihənin beta versiyası hazırdır və yaxın 2-3 gün ərzində artıq startup.az domenində yerləşdirilərək, ictimaiyyətə açıq elan ediləcək. 

Startup.az-dan bildirilib ki, hazırki mərhələdə addam-addım irəliləmək və nəzərdə tutulmuş biznes modelləri nəzərdən keçirmək əsas məqsədlərdən biridir.

Layihə komandası platformanın ilkin inkişafına dəstək üçün təkliflər məsələsinə də toxunub:

“Planlar çoxdur və onlar addım-addım reallaşacaq. Startap ekosisteminə əsas mesajımız odur ki, startup.az platforması Azərbaycanda innovasiyalar sahəsində fəaliyyət göstərən hər bir şəxsin və qurumun dəstəyi üçün yaradılıb. Platforma hamının inkişafına xidmət edəcək”.

Events.az isə 3-cü qrant müsabiqəsində qalib gələn startaplardandır.

Ölkədə istənilən tematik anlama və kateqoriyaya aid olan bütün tədbirlər haqqında məlumatın vahid mərkəzdə toplanması funksiyasını daşıyan layihəyə 10 min AZN vəsait ayrılıb.

Qeyd edək ki, Events.az həm də  tədbirlərin əlavə edilməsi, təşkili və s. üzrə xidmətlər, e-bilet sisteminin qurulması, MobilApp hazırlanmasını nəzərdə tutub.

Layihə rəhbəri Samir Həbibli startapın hazırki fəaliyyəti ilə bağlı Xeberler.az-a ətraflı məlumat verib.

Onun sözlərinə görə, fondun ayırdığı vəsait layihənin ilkin mərhələ inkşafına çox kömək edib:

“İlkin vəsait hər bir layihə üçün əlbəttə ki, çox önəmlidir. Söhbət sırf ilkin inkişafdan gedirsə, bəli, bu vəsait layihəmiz üçün çox uğurlu oldu”.

Layihə rəhbəri qeyd edib ki, komanda olaraq qarşıya qoyduqları işin əsas hissəsini həyata keçiriblər:

“Əslində, qrant qazanmaq özü bir uğurdur, amma bu uğuru əldə saxlamağı və layihəni inkişaf etdirməyi hər kəsi bacara bilmir.  Komanda olaraq qarşımıza qoyduğumuz məqsədlərin 70-80 faizinə  çatmışıq. Bəlkə də bunu uğur hesab etmək olar”.

Samir Həbibli vurğulayıb ki, fond biznesə yeni başlayanlar üçün dəstək rolunu oynayır:

“Vəsaitlərin bizə köməyi əvəzsizdir. Təsəvvür edin, 20 yaşınız var və birdən böyük miqdarda pul ilə biznesinizə kömək olurlar. Bu, həm biznes həyatınızda,  həm də şəxsi olaraq hazırki və gələcək həyatınız üçün çox böyük uğurdur. Layihə üçün gələcəkdə böyük investiya almaq üçün isə referans olaraq fondu göstərmək də təbii ki, üstünlükdür”.

Onun sözlərinə görə, Events.az portalı hazırda sürətlə fəaliyyətinə davam edir:

“Layihənin məzmun meneceri ilə birlikdə çalışırıq ki, hər bir tədbir  saytımızda olsun və buna nail olduğumuza inanıram. Daimi izləyici kütləmiz və çox sayda profilli, yəni sırf tədbir ilə maraqlanan giriş sayımız var. Lakin biznes baxımından bazara böyük oyunçular daxil oldu. Bilet satışı və bəzi məsələlərdə onlardan geri qaldığımızı da inkar edə bilmərəm".

Samir Həbibli onu da qeyd edib ki, hazırda 2 yeni qlobal layihə üzərində işləyir və bu layihələrlə qrant müsabiqəsinə yenidən müraciət etmək niyyətindədir.

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə