Tələbələr imtahan cavabını dekanatlıqdan, yoxsa onlayn öyrənir?-Araşdırma

12-01-2018 / 15:25

Məlum olduğu kimi, hazırda ölkənin ali təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin payız semestri imtahanları davam edir.

Son dövrlər təhsil müəssisələrinin texnologiyaya marağı müşahidə edilir. Belə ki, Azərbaycanda bir neçə universitet texnologiya ilə bağlı infrastruktrunu yenidən formalaşdırıb, elektron xidmətlərinin sayını artırıb.

Bu yenilik imtahanlarda da özünü göstərir. Artıq təhsil müəssisələrində imtahanların gedişində də İT-nin imkanlarından istifadə edilir.

Müşahidələrimiz göstərir ki, bir neçə universitet imtahan proseslərini onlayn olaraq həyata keçirir. Bunun üçün xüsusi sistemlər də yaradılıb. Belə ki, artıq tələbələr ənənəvi qaydada dekanatlıqdan asılan vərəqlər və ya sinif rəhbərinə zəng edərək yox, elə birbaşa internet resursları üzərindən imtahan ləvazimatlarını əldə edə, imtahan cavablarını öyrənə bilir.

Buna baxmayaq sosial şəbəkələrdə tələbələrin imtahanlarda İKT-nin imkanlarından səmərəli istifadə edilməməsi ilə bağlı şikayətlərini oxuyuruq.

Xeberler.az olaraq məsələ ilə maraqlandıq ki, hazırda bu istiqamətdə vəziyyət necədir? Tələbələr universitetlərin imtahan üçün tətbiq etdiyi elektron imkanlardan necə faydalanır? Hansı universitet bu istiqamətdə daha yaxşı infrastruktr yaradıb?

Ali təhsil müəssisələrinin saytlarını da ziyarət etməklə mövzu barədə araşdırma aparmaq qərarına gəldik.

Öncə bu istiqamətdə tələbələrin rəylərini öyrəndik ki, imtahan cavablarını necə öyrənirlər?

Facebook-da tələbələri bir platformada toplayan 170 mindən çox izləyicisi olan “Azərbaycan Universitetləri” səhifəsində sorğu apardıq.

Sorğuda iştirak edənlərin 57 faizi qeyd edib ki, onlar imtahan cavablarını internet üzərindən öyrənir, 43 faiz isə hələ də cavabları dekanatlıqdan asılan vərəqlərdə və digər oflayn mənbələrdən öyrənir.

Maraqlıdır ki, sorğuya gələn rəylərdə əksər tələbə oxuduğu universitetin imtahanla bağlı İKT imkanlarından faydalanması ilə bağlı şikayət edir. Onlardan bəziləri qeyd edir ki, imtahanların cavabı sayta gec yüklənir, buna görə də onlar elə ənənəvi üsul ilə cavabları öyrənməli olur.

Bunu nəzərə alaraq müxtəlif universitetlərdə təhsil alan tələbələrlə ətraflı söhbət etdik ki, imtahan cavablarını onlayn öyrənə və nəticələrlə bağlı elektron formada apellyasiyaya müraciət edə bilirlərmi?

İlk olaraq Azərbaycan Texniki Universitetlə araşdırmamıza başladıq. Lakin universitetin rəsmi - aztu.edu.az  saytına dəfələrlə daxil olmağa çalışsaq da, resurs açılmadı.

Universitetin tələbəsindən öyrənirik ki, sayt dekabrın 30-dan bağlıdır, hələ də açılmayıb.

Onun sözlərinə görə, AZTU-da imtahanların bəziləri testlə olduğu üçün elə imtahan verən kimi nəticələr həmin an sistemdə görsənir.

Rəsmi sayta gəlincə isə universitet tələbəsi qeyd edib ki, resursda imtahan sualları, vaxtı və nəticələrini öyrənmək mümkün olur. Lakin imtahanların cavabı sayta çox gec yüklənir.

Qeyd edək ki, sırf imtanlar üçün ayrıca itm.aztu.az saytı da yaradılıb. 

Universitet tələbəsi saytın fəaliyyətindən danışıb:

“İtm.aztu.az yalnız universitetin tələbə və müəllimləri üçün nəzərdə tutulub. Belə ki, hər kəs xüsusi hesabı ilə sayta daxil olub, imtahanlar barədə bütün məlumatları əldə edə bilər. Bununla yanaşı, bəzən də imtahanın vaxtı saytda səhv yerləşdirilir.  Həmçinin, imtahan cavabları gec yüklənir. Heç imtahana giriş balını da öyrənə bilmirsən. Hazırda 3-cü imtahana hazırlaşırıq. Birinci imtahanın cavabı hələ bu gün açıqlayırlar. Sistem də yaxşı işləmir. Müəllimin düzgün bal verdiyini yoxlaya bilmirsən”.

Qərbi Kaspi Universitetinin tələbələri isə müəssisənin bu istiqamətdəki siyasətindən razıdır.

Universitetin tələbəsi Qəmər Babayeva saytımıza bildirib ki, imtahan cavablarını universitetin rəsmi- wcu.edu.az saytı üzərindən öyrənirlər. Belə ki, universitet hər tələbəyə sistemə daxil olmaq üçün xüsusi şifrə verib. Tələbələr bu parol ilə sayta daxil ola bilir.

Onu da öyrənirik ki, tələbə parolu itirdiyi təqdirdə imtahan cavablarını dekanatlıqdan öyrənməli olur.

Universitetin rəsmi Facebook səhifəsində də qeyd edilib ki, tələbələr imtahan nəticələri ilə tanış olmaq üçün universitetin saytından (wcu.edu.az) istifadə edə bilər.

Bunun üçün İmtahan nəticələri bölməsinə və ya bu linkə daxil olaraq xanaları Azərbaycan şrifti ilə dolduraraq şəxsi kabinetə daxil olmaq lazımdır.

Məlumatda  da qeyd edilib ki, tələb olunan şifrəni müvafiq dekanlıqdan əldə etmək mümkündür.

Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin tələbəsi Mehriban Səlimzadə bildirib ki, imtahanları test üsulu ilə verirlər. Ona  görə də elə həmin vaxt sistemdə cavabları görə bilirlər.

Onun sözlərinə görə, imtahanla bağlı bütün prosesləri təhsil müəssisəsinin rəsmi saytı- unec.edu.az-dan əldə edə bilirlər.

Qeyd edək ki, saytda “Elektron Universitet” bölməsi fəaliyyət göstərir. Burada imtahanların cədvəlləri, imtahan testləri barədə elanlar, məlumatlar yer alır.

Həmçinin tələbə və müəllimlərin “Şəxsi kabineti” barədə təlimatlar da qeyd edilib.

Onu da xüsusi olaraq vurğulayaq ki, universitetlər arasından UNEC elektron apellyasiya xidməti təklif etdiyi üçün seçilir. Belə ki, tələbələrin imtahan nəticələrindən rəyi üçün ayrıca erize.asue.edu.az resursu fəaliyyət göstərir. Sistemlə tələbələr elektron  formada apellyasiya müraciət edə bilər.

Azərbaycan Memarlıq və İnşaat Universiteti də bu istiqamətdə bir sıra addımlar atıb.

Öyrənirik ki, universitet tərəfindən yaradılan azmiu.eu resursu üzərindən tələbələr ballarına və aylıq nəticələrinə baxa bilir. Azmiu.otk.az ilə isə onlar sınaqları işləyə bilir.

Azmiu.imtahan.az ilə də tələbələr  imtahandan çıxdıqdan sonra etdiyi səhvlərə və düz cavablarına baxır.  Əgər tələbə nəticədən narazı olarsa, apellyasiyaya müraciət edə bilir.

Lakin universitet tələbələri sistemlərdən narazılığını bildirir.

Belə ki, onlaq qeyd edir ki, 2 gündür sınaq barədə İKT bölümü ilə əlaqə saxlamağa çalışsalar da, bu, mümkün deyil. Onlar bildirir ki, ötən gün sınaqlar sayta yerləşdirilib, amma tələbələr bu sınaqları əldə edə bilməyib. Sonra isə həmin sınaq sualları saytdan silinib.

Tələbələr də bu gün sınağın keçirilib-keçirilməyəcəyi barədə məlumat əldə edə bilmədiyi üçün narahatdır.

Bakı Ali Neft Məktəbində bakalavr və magistratura üçün imtahanlar fərqli formada keçirilir.

Belə ki, bu təhsil müəssisəsində imtahan cavabları 2 aydan sonra açıqlanır. Elə bizə də bu məsələ maraqlıdır. 

Bakı Ali Neft Məktəbində tətbiq edilən maraqlı imtahan prosesi ilə bağlı daha ətraflı müəssisənin tələbəsi  Hilal Tapdıqov ilə söhbət etdik.

Öyrənirik ki, universitet Şotlandiyanin Heriot-Watt Universiteti ilə əməkdaşlıq edir. Belə ki, ötən ildən başlayaraq bu təhsil müəssisəsində ikili diplom proqramı tətbiq edilir. Yəni, məzunlar həm Bakı Ali Neft Məktəbi, həm də Heriot-Watt Universitetinin diplomunu əldə edə bilir.

Qeyd edək ki, Hilal Tapdıqov da  hazırda 2017 məzunları arasından imtahan nəticələrinə görə seçilmiş 20 nəfər ilə birgə Şotlandiyanın Heriot-Watt Universiteti ilə ikili diplom proqramında oxuyur.

Onun sözlərinə görə, Bakı Ali Neft Məktəbində bakalavr və magistratura imtahanları Heriot-Watt(HW) Universitetinin professorları tərəfindən hazırlanıb və onların rəhbərliyi altında keçirilir:

“Bizdə sistem belədir ki, imtahanlar HW Universitetinin Malasiya, Dubay və Şotlandiya kampusları ilə eyni vaxtda keçirilir. İmtahandan sonra da cavab kağızlarımızın üstü möhürlənir və hamısı yoxlama üçün Şotlandiyaya göndərilir”.

Hilal Tapdıqov deyib ki, imtahan cavabları da təxminən 1-2 ay müddətində HW Universitetinin elektron portalına yüklənir. Hər bir tələbə də öz şifrəsi ilə məlumatlarına daxil olaraq nəticələri öyrənə bilir.

Universitet tələbəsi vurğulayıb ki, HW Universitetinin Malasiya, Dubay və Edinburq (Şotlandiya) kampusları və Bakı Ali Neft Məktəbinin cavab kağızlarının hamısı toplanır. Bu vərəqləri anonim səkildə yoxlanır. Həmçinin, yoxlanan kağızlara obyektivlik üçün ikinci dəfə HW mütəxəssisləri baxır. Ona görə də nəticələrin açıqlanması bu qədər vaxt alır.

Kooperasiya Universitetinin tələbələri bildirib ki, onlar imtahan barədə bütün məlumaları dekantlıqdan və qrup rəhbərindən öyrənir.

Bakı Mühəndislik Universitetində də tələbələr imtahan cavablarını elektron qaydada öyrənir. Belə ki, onlar Tələbə Məlumat Sistemi-nə daxil olaraq imtahanlar barədə məlumat əldə edə, cavabları öyrənə bilir.

Öyrənirik ki, sistemə daxil olmaq üçün hər bir tələbənin xüsusi kodu var.

ADA Universitetində imtahan cavabları onlayn formada my.ada.edu.az saytından yayımlanır.

Məlumatımıza görə, burada da elə vaxt olur ki cavablar sayta gec yükləndiyi üçün tələbələr nəticələrini oflayn öyrənməli olur.

Xəzər Universiteti də imtahan proseslərini elektronlaşdıran universitetlərdəndir.

Universitet tələbələri bildirib ki, imtahan cavabları sims.khazar.org saytı üzərindən açıqlanır.

Bakı Slavyan Universiteti, Bakı Dövlət Universitetləri isə hələ də ənənəvi qaydada- dekanatlıqdan kağızasmaqla imtahan nəticələrini elan edir. Bu universitetlərin imtahana dair elektron resursları nəzərə çarpmır.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri şikayət edir ki, heç dekanatlıq da vaxtında imtahan nəticələri ilə bağlı vərəqi asmır. Onlar çox çətinliklə nəticələri öyrənə bilir.

Azərbaycan Universitetində(AU) isə imtahan cavabları birbaşa tələbələrin elektron ünvanına göndərilir.

Öyrənirik ki, universitetin rəsmi sayt au.edu.az üzərindən hər bir tələbə üçün ayrıca mail ünvanı açılıb.

Dövlət İdarəçilik Akademiyasında da imtahan nəticələri AU-da olduğu kimi açıqlanır.

Dövlət Neft və Sənaye Universitetində də imtahan cavabları onlayn qaydada yayımlanır. Belə ki, imtahan üçün Neuron Technologies şirkətinin Unibook sistemindən istifadə edilir. Tələbələr sistemdən öz şifrəsi ilə imtahan cavablarını öyrənə bilir.

 Məltəm Talıbzadə

 

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.