Səhiyyə Nazirliyi vətəndaşların sağlamlıq məlumatlarının beynəlxalq standartlara uyğun şəkildə toplanmasını və fasiləsiz mübadiləsini təmin edən “Tibbi Rəqəmsal Əkiz Sistemi”ni (TRƏS) təqdim edib.
Xeberler.az məlumat verir ki, real vaxt rejimində əhalinin sağlamlığının monitorinqinə, təkrar analizlərin aradan qaldırılmasına və sosial ədalətin təmininə xidmət edən, FHIR standartı əsasında qurulan bu mərkəzləşdirilmiş sistem 20-dən çox rəqəmsal həlli vahid platformada birləşdirib. Azərbaycan bu həlli tətbiq edərək Qafqaz və Mərkəzi Asiya regionunda rəqəmsal səhiyyə sahəsində lider mövqeyə yüksəlib.
Tədbirdə dövlət qurumlarını, səhiyyə müəssisələrini, beynəlxalq tərəfdaşları, tibb ictimaiyyətini və medianı təmsil edən nümayəndələr iştirak ediblər.
Təqdimat Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə “Vətəndaş sağlamlığına rəqəmsal qayğı: Tibbi Rəqəmsal Əkiz Sistemi”nin yaratdığı üstünlüklər barədə videoçarx təqdim edilib.
Açılış nitqi ilə çıxış edən səhiyyə naziri Teymur Musayev bildirib ki, rəqəmsal səhiyyə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında mühüm addımlar atılıb: “Ölkə başçısının Fərmanı ilə Birinci vitse-prezident Mehriban Əliyevanın sədri təyin olunduğu Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması bu sahənin inkişafına ən yüksək səviyyədə göstərilən dövlət dəstəyinin əyani təzahürüdür”.
Teymur Musayev vurğulayıb ki, “Tibbi Rəqəmsal Əkiz Sistemi” vətəndaşların sağlamlıq məlumatlarının vahid elektron reyestrlər vasitəsilə toplanmasını təmin edən mərkəzləşdirilmiş platformadır və süni intellekt vasitəsilə əhalinin sağlamlıq vəziyyətinin proqnozlaşdırılmasına, eləcə də böhranların idarəolunmasına imkan yaradır.
Nazir qeyd edib ki, rəqəmsal savadlılığın artırılması məqsədilə növbəti tədris ilindən başlayaraq “Tibbdə rəqəmsal texnologiyalar və süni intellekt” mövzusunda kursların təşkili nəzərdə tutulur.
Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional direktorunun xüsusi nümayəndəsi Robb Batler çıxış edərək Azərbaycanın səhiyyə sahəsində həyata keçirdiyi rəqəmsal transformasiya layihələrini yüksək qiymətləndirib və ölkəmizin səhiyyənin rəqəmsallaşdırılması üzrə Qafqaz və Mərkəzi Asiya regionunda aparıcı mövqedə olduğunu qeyd edib.
Səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov “Azərbaycan Respublikasının rəqəmsal səhiyyə ekosistemi” mövzusunda təqdimatla çıxış edərək ölkədə son illər həyata keçirilən rəqəmsallaşma təşəbbüsləri barədə ətraflı məlumat verib. Müşavir qeyd edib ki, “Tibbi Rəqəmsal Əkiz Sistemi” təkrar analizlərə və həkim ziyarətlərinə olan ehtiyacı aradan qaldırır, vətəndaşların xərclərinə qənaət etməklə səhiyyə və tibbi sığorta sisteminin üzərinə düşən yükü azaldır, real vaxt rejimində monitorinq aparmağa, immunizasiya və skrininq kimi profilaktik tədbirlər barədə proaktiv xatırlatmalar göndərməyə imkan verir.
Beynəlxalq ekspert Mehmet Zahid Ercan isə “Tibbi Rəqəmsal Əkiz Sistemi” mövzusunda təqdimatla çıxış edərək layihənin texnoloji xüsusiyyətlərini və innovativ imkanlarını iştirakçılara təqdim edib.
Qeyd edək ki, hazırda Vahid Səhiyyə İnformasiya Sisteminin “Hökumət buludu”na miqrasiyası tam başa çatdırılıb. Elektron xəstəlik vərəqəsi sistemi ölkə üzrə tam tətbiq olunub və kağız daşıyıcıların istifadəsi ləğv edilib. Bundan əlavə, elektron epikrizlərin vahid reyestri yaradılıb və sosial ödənişlər, eləcə də sığorta proseslərində elektron epikrizlərdən istifadəyə başlanılıb.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları