ABAD regionların inkişafına təkan verəcək- Reportaj

30-09-2016 / 15:01

Məlumat verdiyimiz kimi, bir müddət öncə Masallıda “ASAN həyat”  kompleksinin  açılışı oldu.

 Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən kompleksə  media tur təşkil edilib. Jurnalistlərə  “ASAN Həyat” konsepsiyası barədə  ətraflı  məlumat verilib.

Qeyd edilib ki, “ASAN Həyat” konsepsiyası Masallı ASAN xidmət mərkəzi ilə yanaşı ictimai iaşə obyektlərinin istifadəyə verilməsini də nəzərdə tutur.

“ASAN Həyat” kompleksi vətəndaş rahatlığı üçün, həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.

Məlumata görə, Masallı regional ASAN xidmət mərkəzinin binasının tikintisinə 2015-ci ilin may ayında başlanılıb və  2016-cı il ilin avqust ayında tikinti başa çatıb.

ASAN həyat kompleksi 4 mərtəbəli inzibati binadan və 6 ictimai iaşə obyektləri üçün nəzərdə tutulan binalarından ibarətdir.

 -ASAN xidmət mərkəzi - 4480 kvadrat metr

-Kinoteatr (2 zal, böyük 150 nəfərlik, kiçik 50 nəfərlik) -1120 kvadrat metr

-İncəsənət məktəbi – 308 kavdrat metr

-Kafe – 286 kavdart metr

-Bank (ödənişlər üçün mərkəz) – 278 kvadrat metr

-ABAD mərkəzi - 278 kvadrat metr

-ASAN Brend dükanı və ASAN İntelektual gənclər mərkəzi – 286 kvadrat metr

Bununla yanaşı əlavə 3 texniki xarakterli yardımçı bina tikilib.

2.2 hektar ərazidə park, fontan və oturacaqlar, 80 avtomobil üçün avtodayanacaq və digər rayonlardan gələcək vətəndaşlar üçün avtobus dayanacağı yaradılıb. Kompleksin kənarından keçən çayda kiçik adada helikopter meydançası yaradılıb və vətəndaşların istirahəti üçün park salınıb.

Masallı ASAN xidmət mərkəzində 10 dövlət orqanı (Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Milli Arxiv İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və İqtisadiyyat Nazirliyi) tərəfindən 32 növ xidmət göstərilir.

Eyni zamanda mərkəzdə 112 növ funksional yardımçı xidmətlər(bank xidmətləri, sığorta xidmətləri, hüquqi yardım xidmətləri, tərcümə xidmətləri və s.) təşkil edilib.

 Mərkəzdə əməkdaşların sayı 170, könüllülərin sayı 80-dir.

 

Masallı ASAN xidmət mərkəzi Masallı rayonu (əhalisi 218479), Cəlilabad rayonu (əhalisi 213115), Lənkəran rayonu (əhalisi 220800), Astara rayonu (əhalisi 105197), Lerik rayonu (əhalisi 81860), Yardımlı rayonu (əhalisi 62800) ərazisində qeydiyyatda olan, ümumilikdə 839451 vətəndaşa xidmət göstərəcək.

Mərkəzdə yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənilməsi üçün  6 “ASAN ödəniş” terminalı quraşdırılıb.

ASAN xidmət mərkəzində video müşahidə, video növbə sistemləri, 2 lift, 2 eskalator, yanğın söndürmə sistemi, mərkəzləşdirilmiş havalandırma və istilik sistemi, çiller, generator, UPS quraşdırılıb.

Burada bir sıra yeni mərkəzlər istifadəyə verilib.

Heydər Əliyev İncəsənət Məktəbi

- Burada müxtəlif sərgi, tədbir, təqdimat və təlimlərin keçirilməsi nəzərdə tutulub. Məqsəd müasir Azərbaycan incəsənəti və onun geniş ictimaiyyət arasında təbliği üçün şərait yaratmaqdır;

 “ASAN Intellektual” gənclər mərkəzi

 

- Mərkəz cənub bölgəsində bütün növ intellektual oyunların inkişafına kömək etmək, həmçinin gənclərin asudə vaxtlarını səmərəli keçirməsi, dəyərləndirməsi, intellektual inkişaf, savad və dünyagörüşlərinin artırmaqda onlara kömək etmək məqsədi daşıyır. Mərkəz gənclərin cəmiyyət arasında fəal gənc olmaları üçün birbaşa dəsdək olacaq. Eyni zamanda gənclərin gələcəkdə karyera qurmaları üçün lazım olan bilik ve bacarqları aşılayacaq.

ABAD Mərkəzi

-ABAD – Ailə Biznesinə ASAN Dəstək Mərkəzi çərçivəsində kənd təsərrüfatı, əl işi və sənətkarlıq sahələrində ailə bizneslərinin, brendlərinin formalaşdırılmasına maddi və texniki dəstək verilməsi əsas məqsədlərdəndir. Bu layihənin icrası ilə Azərbaycanda təşəkkül tapmış və dünya səviyyəsində rəqabət apara biləcək ailə bizneslərinin əsası qoyulacaq.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov ətraflı məlumat verib.

 "ABAD resurslardan səmərəli istifadəyə, innovativ yeniliklərin və metodların tətbiqinə əsaslanır"

Onun sözlərinə görə, ABAD-ın fəaliyyəti resurslardan səmərəli istifadəyə, innovativ yeniliklərin və metodların tətbiqinə əsaslanır. Mərkəz beynəlxalq səviyyədə rəqabət qabiliyyətli məhsulların istehsalını təmin edən ailə bizneslərinin və digər sahibkarlıq fəaliyyəti növlərinin təşkilini təmin edir, məhsulların istehsalı, satışı və xarici bazarlara çıxarılmasında vasitəçi rolunu oynayır.

Bununla da mərkəz regional inkişaf proqramına təkanverici qüvvə olmaqla yanaşı, eyni zamanda əhalinin məşğulluq səviyyəsinin və rifah halının artırılmasında da əlaqələndirici və nəzarət funksiyalarının həyata keçirir.

Anar Hüseynov deyib ki, mərkəz biznes konsaltinq, marketinq, hüquqi yardım, satışın təşkili və bir sıra digər xidmətlər göstərir və öz fəaliyyətini fərdi brendləşmə, müştəriyə və təlabata yönümlülük, keyfiyyət, vahid yanaşma və innovasiya prinsipləri əsasında təşkil edir:

Öz ailə biznesinə başlamaq üçün yeni imkanlar

“Ailə biznesinin yaradılmasına maliyyələşdirmədən tutmuş biznes konsaltinq, dizayn və  hüquqi yardım xidmətləri , həmçinin məhsulun istehsalı və bazara çıxarılması, satışı kimi məsələlərdə texniki və maddi dəstək göstəriləcək. ABAD bütün bu prosesdə vasitəçi rolunu oynayacaq. Kiçik bir təsərrüfatı  və ya təsərrüfatı olan hər bir ailə ABAD Mərkəzinə müraciət edəcək və ABAD mərkəzində ekspertlər tərəfindən onların təsərrüfatı araşdırılıb, təhlil ediləcək. Bu mərhələdən sonra onlara  ailə bizneslərinə başlamalarına dəstək olunur. Dəstək həm maddi, həm də texniki olacaq. Məsələn, ola bilər ki, sizin meyvə bağlarınız var, amma bu  təsərrüfatdan əlavə məhsullar da istehsal etmək istəyirsiniz. Bunun üçün sizin avadanlığınız və maliyyəniz yoxdur. Bu zaman ABAD Mərkəzin sizə təqdim etdiyi imkanlardan faydalana biləcəksiniz”.

 "Ailələr müasir istehsal avadanlıqlara malik konteynerlərlə təmin olunur"

 Qurum rəsmisi deyib ki, bu prosesdə ilkin olaraq müxtəlif istehsal sahələrinə uyğun olaraq ailələr seçilir:

“Seçilmiş ailələr müasir istehsal avadanlıqlara malik konteynerlərlə təmin olunurlar. ABAD konteynerlərindən biri də kolbasa istehsalı konteyneridir Kolbasa istehsalında gigiyena qaydalarına riayət edilir. ABAD Mərkəzində jem və mürəbbə istehsalı, meyvə-tərəvəz konserləri istehsalı, və süd məhsullarının istehsalı üçün konteynerlər mövcuddur”.

"Milli brend məhsulları qlobal bazara çıxarlacaq"

Anar Hüseynov deyib ki, fərdi ailə biznesləri ABAD Mərkəzdən müasir texnoloji avadanlıqlar və mütəxəssis dəstəyi almaqla regionların sosial-iqtisadi inkişafında önəmli rol oynayacaq:

 Bununla ABAD 3 istiqamətdə müxtəlif mütxəlif brendlərin formalaşdırılmasını həyata keçiriləcək. Bu yerli məhsulların, nəinki yerli bazarda, ümumi xaricə çıxarılması da nəzərdə tutulub. Artıq bir neçə örnəklər də var”.

 Prezident 1 milyon manat ayırıb

 Onun sözlərinə görə, ABAD Mərkəz ilk dəfə olaraq Masallıda Prezidentə təqdim edilib, ona görə mərkəz burada açılıb. Daha sonra  digər regionlarda da belə mərkəzlərin yaradılması nəzərdə tutulub.

Qurum  rəsmisi deyib ki,  ilkin mərhələdə pilot olaraq sosial layihələrin həyata keçirilməsi  nəzərdə tutulub. Bunun üçün Prezident də fərmanda  1 milyon manat ayırıb. Əgər pilot layihə uğurlu olarsa, ikinci mərhələdə bu sahəyə investorların və digər maliyyə resurslarının da cəlb ediləcək.

"Gəlirlər 3 tərəf arasında bölünəcək"

Anar Hüseynov bu prosesdə  qazanılan gəlirlərin fazi məsələsinə də toxunub:

“Pilot mərhələdən sonra ABAD-ın fondu yaradılacaq, bu fonda cəb olunan maliyyə də yeni istehsal yerlərinin açılmasına yönləndiriləcək.  Bununla da ailələrə öz təsərrüfatlarını biznesə çevirmələrinə dəstək məqsədi ilə maddi-texniki dəstək göstəriləcək.  Bu işə  investorlar cəlb  ediləcək. ABAD-ın avadanlıqları vətəndaşlara təqdim ediləcək.

 Bu məhsullar hazırlandıqdan sonra onun brendləşdirilməsi, dizay və marketinqi,  maliyyə və hüquqi məsələlərlə bağlı  ABAD mütəxəssisləri tərəfindn onlara yardım ediləcək. Yəni, bu prosesdə investorlar , ABAD  və abadçı olacaq. Onlar prosesin əvvəlindən sonuna qədər iştirak edəcək. Sonda əldə olunan gəlir 3 tərəf arasında bölüşdürüləcək”.

"Ailələrə xüsusi təlimlər keçiriləcək"

Anar Hüseynov onu da bildirib ki, bu prosesə başlamadan öncə ailələrə xüsusi təlim də keçiriləcək:

“Seçilmiş ailələrə avadanlıqlardan istifadə və istehsal gigiyenası, sənədlərin hazırlanması, qablaşdırma və dizayn, məhsulların bazara çatdırılması üzrə təlimlər keçiriləcək. Onlara əvvəlcədən görülən işərlə bağlı məlumat veriləcək. Sonra işə başlayacaqlar".

ASAN – Brand Store (Brend Dükanı)

-Xüsusi dizayna sahib olacaq “ASAN xidmət” brendli geyimlər, aksessuarlar, suvenirlər  və s. kimi məhsulların satışının təşkilini təşkil edir.

Anar Hüseynovun sözlərinə  görə, bu layihədə də ilk dəfə Masallıda təqdim edilib.

"Yerli məhsullarımız xarici bazara çıxarılacaq"

Qurum rəsmi deyib ki, ASAN brendli məhsullar Azərbaycanda və Türkiyədə istehsal olunur:

“ Milli brendimiz olaraq iki ölkədə məhsullar istehsal olunur. Əsasən idman üslubunda olan geyimlərə önəm verilib. Əvvəllər həyata keçirdiyimiz layihələrdə insanların ASAN Xidmət adı ilən olan geyimlərə böyük maraqlarını hiss etdik. Sonra düşünüdük ki, artıq bunu bir brend halına gətirək. Artıq məhsulların satışına başlanır. Bu məhsullara maraq böyükdür. Bununla yanaşı,  dünyada hər bir brendin öz məhsullarını istehsal etmək təcrübəsi populyardır. Bu, ASAN xidmət-in təbliği baxımından da faydalıdır”.

İstirahət

-Vətəndaşların istirahəti üçün açıq zona hesab olunan geniş park və uşaq əyləncə meydançası, həmçinin qapalı istirahət zonaları (kinoteatr) nəzərdə tutulub. Kinoteatrda Azərbaycan filmləri ilə yanaşı, müxtəlif ölkələrdə istehsalı olan filmlərində nümayiş etdirilir.

 

Məltəm Talıbzadə

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə