Süni intellekt ötən əsrin 40-cı illərindən etibarən tədricən inkişaf edərək böyük elmi potensial və texnoloji nailiyyətlər sayəsində müasir imkanlar səviyyəsinə yüksəlib. Hazırda bu sahədə yeni inkişaf mərhələsi başlayır ki, bu da bəşəriyyət qarşısında həm geniş imkanlar açır, həm də ciddi çağırışlar yaradır.
Xeberler.az bildirir ki, AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev süni intellektin yaranma tarixi və inkişaf mərhələləri, kiberorqanizmlərin (kiborqların) gələcəyi, əşyaların interneti texnologiyaları, eləcə də müasir texnoloji inkişafın yaratdığı qlobal təhlükələr barədə fikirlərini Azərtac-la bölüşüb. Alim “Süni super intellekt nədir?” və “Gələcəyin texnologiyaları” kimi aktual suallara da aydınlıq gətirib.
R.Əliquliyev bildirib ki, süni intellektin inkişafında ilkin mərhələ dar çərçivəli intellektlə (Narrow Intelligence) bağlıdır. Bu sistemlər konkret və məhdud məsələlərin həlli üçün nəzərdə tutulur. Növbəti mərhələ insanın müxtəlif sahələrdəki intellektual fəaliyyətini yerinə yetirmək imkanına malik olacaq süni ümumi intellektin formalaşmasıdır. Daha sonrakı mərhələdə isə insan intellektini üstələyən süni super intellektin meydana çıxması ehtimal edilir.
R.Əliquliyev vurğulayıb ki, süni ümumi və super intellektin inkişafı gələcəkdə insan cəmiyyəti ilə yeni texnoloji sistemlər arasında münasibətlərin necə qurulacağı məsələsini aktuallaşdırır. Süni intellekt artıq yalnız texnoloji yenilik deyil, həm də qlobal siyasət və təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyan amildir. Buna görə də onun fəaliyyətinin idarə olunması, etik prinsiplərinin və hüquqi çərçivəsinin müəyyənləşdirilməsi vacibdir.
Akademik qeyd edib ki, insanlarla birgə işləmək üçün nəzərdə tutulan robotların – kobotların (əməkdaşlıq robotlarının) tətbiq dairəsi də genişlənəcək. İnsan cəmiyyətinin etik normalarına və hüquqi mexanizmlərinə uyğun fəaliyyət göstərən belə robotlar, məsələn, tibb bacılarının bəzi funksiyalarını yerinə yetirə biləcəklər.
O diqqətə çatdırıb ki, dördüncü sənaye inqilabının texnologiyaları insan orqanizmi ilə daha sıx inteqrasiya olunur. Bu istiqamətdə texnoloji vasitələrin köməyi ilə funksiyasını itirmiş insan orqanlarının fəaliyyətinin bərpası imkanları da diqqət mərkəzindədir. Beləliklə, insan və texnologiya arasında qarşılıqlı əlaqə yeni mərhələyə qədəm qoyur.
R.Əliquliyevin sözlərinə görə, yaranan risklərin qarşısının alınması dünya alimlərinin və texnoloji şirkətlərin birgə fəaliyyətini zəruri edir. BMT səviyyəsində və aparıcı dövlətlərdə də bu məsələlərlə bağlı narahatlıqlar ifadə olunur, süni intellektin inkişafının tənzimlənməsi istiqamətində təşəbbüslər irəli sürülür. Süni intellektin tənzimlənməsi onun inkişafının dayandırılması deyil. Əsas məqsəd mümkün təhlükələri əvvəlcədən müəyyənləşdirmək və onların qarşısını alan alqoritmlər hazırlamaqdır. Hazırda alimlər cəmiyyətin təhlükəsiz inkişafını təmin etmək üçün etibarlı süni intellekt sistemləri, eləcə də bu texnologiyaların idarə olunmasına imkan verən yeni mexanizmlər üzərində çalışırlar.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları