4-5 may tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən “GITEX AI Kazakhstan 2026” beynəlxalq texnologiya forumunda Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) üzv şirkətləri fəal iştirak ediblər.
Xeberler.az məlumat verir ki, forum çərçivəsində AKTA üzvləri innovativ həllərini təqdim edib, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirib və kibertəhlükəsizlik sahəsində müxtəlif təşəbbüslərlə çıxış ediblər.
Tədbirdə AKTA üzvlərindən “Upgrade Solutions” MMC, “İITD Distribution” MMC, “Megasec” MMC, “AzInTelecom” MMC, R.İ.S.K. Elmi İstehsalat Şirkəti, “Techpro” MMC, “Bakotech” MMC, “Avicom” MMC, “Crowdstrike” və “B&B Security” MMC şirkətləri stendlərlə təmsil olunublar.
Şirkətlər tərəfindən süni intellekt, informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya və kibermüdafiə sahələrində təqdimatlar keçirilib, innovativ məhsul və xidmətlər nümayiş etdirilib.
Forum müddətində AKTA üzvləri tərəfindən müxtəlif workshoplar, seminarlar və peşəkar müzakirələr təşkil olunub. Sessiyalarda kibertəhlükəsizlik çağırışları, süni intellekt texnologiyalarının tətbiqi, rəqəmsal infrastrukturun qorunması və regionda texnoloji inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
AKTA üzvlərinin beynəlxalq platformada fəal iştirakı Azərbaycanın kibertəhlükəsizlik ekosisteminin inkişafı, yerli şirkətlərin beynəlxalq arenada tanıdılması və yeni tərəfdaşlıqların qurulması baxımından mühüm əhəmiyyət daşıyır.































