“Asan İmza” Avropanın nüfuzlu müsabiqəsinin finalında

14-06-2016 / 12:02

Avropanın nüfuzlu Identity Innovation Award müsabiqəsində iştirak edən "Asan İmza" mobil elektron imza texnologiyası uğurla müsabiqənin finalına seçilib.

Sözügedən müsabiqə 15-16 iyun tarixlərində Niderlandın Haaqa şəhərində keçirilən "Trust in Digital Life" beynəlxalq konfransı çərçivəsində təşkil edilir.

Xeberler.az-ın məlumatına görə, müsabiqədə ən qabaqcıl rəqəmsal mobil identitet kateqoriyası üzrə birinci yer uğrunda ümumilikdə dörd iştirakçı olmaqla Meeco (Avstraliya), SkIDentity (Almaniya), KnowNow Information (Böyük Britaniya) və B.EST Solutions (Azərbaycan) şirkətləri mübarizə aparır.

İştirakçılar yarışmaya təqdim olunan texnoloji və ya biznes modelin innovativliyi, tətbiqinin uğurluluq dərəcəsi və ictimai həyata təsirləri, istifadə olunan texnoloji yanaşmanın təhlükəsizliyi və bütövlüyü, eləcə də son istifadəçi baxımından xidmətin əhəmiyyətliliyi kimi meyarlar əsasında qiymətləndirilir. Müsabiqənin münsiflər heyətində Deloitte, ABN Amro, NEC Laboratories, Trulioo kimi şirkətlərdə elektron identitet və kibertəhlükəsizlik sahələri üzrə çalışan peşəkarlar, eləcə də müxtəlif hökumətlərə və korporasiyalara rəqəmsal identitet məsələlərinə dair məsləhət xidmətləri verən ekspertlər yer alır.

"Qlobal rəqəmsal identitet sahəsində qabaqcıl yerlərdən birini tutmaq bizim üçün çox sevinclidir. Bu bizim təqdim etdiyimiz mobil imza texnologiyasının beynəlxalq peşəkar ictimaiyyət tərəfindən qəbul olunması deməkdir. İnnovasiyalar üzrə dünyada aparıcı ölkələr sırasında müsabiqənin finalına yüksəlməmiz bizim gənc heyətimizin böyük qələbəsini ifadə edir. Bu bir daha sübut edir ki, Azərbaycanın innovativ həlləri qlobal keyfiyyət standartlarına cavab verir və böyük ixrac potensialına malikdir. Azərbaycanın innovativ brendi olan "Asan İmza" bu gün beynəlxalq tədbirlərdə yüksək marağa səbəb olur", - deyə hazırda Haaqada səfərdə olan B.EST Solutions şirkətinin təsisçisi xanım Yana Krimpe qeyd etmişdir.

Identity Innovation Award müsabiqəsinin təsisçiləri IDNext, TDL təşkilatları və Avropa Elektron İdentitet və Təhlükəsizlik Assosiasiyasıdır (EEMA). IDNext informasiya texnologiyaları və biznes sahəsində bütün Avropadan peşəkarların cəmləşdiyi platformanı təmsil edir.

TDL assosiasiyasının fəaliyyətinin başlıca məqsədi vətəndaşlar və biznes sektoru üçün ən innovativ və etibarlı həlləri ehtiva edən etimad ekosisteminin yaradılmasından ibarətdir. EEMA Avrozonada vahid rəqəmsal bazar konsepsiyasının təşviqi məqsədilə öz üzvləri, dövlət təşkilatları və qanunverici orqanlar arasında fəaliyyəti koordinasiya edən nüfuzlu Avropa assosiasiyasıdır.

Müsabiqə Haaqa şəhər rəhbərliyi, Avropa Birliyinin Şəbəkə və İnformasiya Təhlükəsizliyi Agentliyi və Avropa Komissiyasının Kommunikasiya Şəbəkələri, Məzmun və Texnologiyalar üzrə Baş Direktoratı tərəfindən dəstəklənir.

 Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə