“Azadlıq”ın saytına nə olmuşdu?

16-10-2010 / 17:15

Oktyabrın 13-dən 16-dək “Azadlıq” qəzetinin internet saytı yenilənmədi. Səbəb sayta olan haker hücumu idi.

Belə ki, oktyabrın 12-dən 13-ə keçən gecə sayt çox güclü hücuma məruz qalıb və sıradan çıxıb. Server xidməti dərhal nəticələri aradan qaldırmağa başlayıb. Saytın məlumat bazası server xidmətində saxlandığından ən son yenilənmə tarixi ilə sayt bərpa olunub. Lakin bərpadan sonra aydın olub ki, haker hücumu avtomatik təkrarlanma rejimindədir və server dəyişmədikcə, sayt təkrar dağılacaq.
Bundan sonra sayt daha güclü müdafiə sistemi olan başqa bir serverə köçürülüb. Köçürmə əməliyyatı ilə əlaqədar saytın tam işə düşməsi ən azı 24 saat vaxt tələb edirdi və bu müddət Bakı vaxtı ilə oktyabrın 14-ü səhər saatlarından başlayaraq bitirdi. Məhz bu müddətdən etibarən sayt əvlləcə “info”, daha sonra isə “az” domenləri üzərindən açılmağa başladı. Bununla belə saytın idarəetmə panelinə girişi bərpa etmək mümkün olmadı. Bu problem yalnız oktyabrın 15-i gecə saatlarında həllini tapdı.
Bütün bunlar problemin texniki tərəfləridir. Amma problem heş də texniki səbəblərdən yaranmır. Problemin yaranmasına səbəb Azərbaycan hakimiyyətinin “Azadlıq” qəzetinə münasibətidir. Qəzetə qarşı siyasi motivli basqılar onun saytına münasibətdə də özünü bu şəkildə göstərir. Bununla artıq neçənci dəfədir ki, qəzetin saytı haker hücumu ilə sıradan çıxarılır. Sonuncu belə hal iyul ayında, müxalifətin icazəsiz etiraz aksiyalarının keçirildiyi günlərdə baş vermişdi. Onda saytın işində bir günlük məcburi fasilə yaranmışdı.
Ondan sonra da “Azadlıq”ın saytı daimi haker hücumu altında olub. Hücumuların nəticəsi kimi sayta giriş çox tez-tez, qısa fasilələrlə (bir neçə saniyəlik) dayanıb. Server xidmətimizin təhlükəsizlik sistemində gördüyü gücləndirmə işləri bu hücumların saytı tamam sıradan çıxarmasının qarşısını alıb.
“Azadlıq” qəzeti bir müddət əvvəl sayta haker hücumlarının hansı İP-lərdən təşkil edildiyini belə, dərc etmişdi və dövlət qurumlarına bununla bağlı müraciət ünvanlamışdı. Lakin təbii ki, bunun heç bir nəticəsi olmadı. Azərbaycanda belə təxribatların xüsusi xidmət orqanlarından qaynaqlandığı haqda geniş yayılmış şübhələr var. Azərbaycan hakimiyyətini tənqid edən saytların sıradan çıxarılması, ya da ölkə üzərindən onlara girişin əngəllənməsi də bu şübhələri gücləndirir.


mənbə: “Azadlıq” qəzeti

 


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.