Azərbaycanda informasiya və rabitə sektorunda artım tempi davam edir. Görülən tədbirlər və həyata keçirilən islahatlar nəticəsində sahənin iqtisadi göstəricilərində müsbət dinamika qeydə alınıb.
Xeberler.az bildirir ki, cari ilin yanvar-aprel aylarında ölkə üzrə ən yüksək artım məhz informasiya və rabitə sahəsində müşahidə olunub. Aprelin sonuna olan məlumata əsasən, informasiya və rabitə sektorunun ÜDM-də payı 2,1 faizə, qeyri-neft/qaz ÜDM-də payı isə 3 faizə yüksəlib.
Hesabat dövründə sektor üzrə ümumi gəlir 1 milyard 271 milyon 200 min manata çatıb. Gəlirlər real ifadədə 9 faiz və ya 127 milyon manat artıb.
Məlumata görə, son illərdə sektorun ümumi gəlirlərində informasiya xidmətlərinin payı artmaqda davam edir. Xüsusilə proqram təminatının hazırlanması və bu sahədə məsləhət xidmətlərindən əldə olunan gəlirlərdə 30,8 faiz artım qeydə alınıb. Bu isə sektorun daha yüksək dəyər yaradan xidmətlərə keçid etdiyini göstərir.
İnformasiya və rabitə sektoruna yatırılan investisiyalarda da ciddi artım müşahidə olunub. Hesabat dövründə sektora yönəldilən investisiyaların həcmi 76,7 faiz və ya 80 milyon 300 min manat artaraq 185 milyon manata çatıb.
Nəqliyyat və anbar təsərrüfatı sahəsində də artım qeydə alınıb. Bu sektor ölkə iqtisadiyyatında artım tempinə görə ikinci ən böyük sahə hesab olunur.
Azərbaycanda yol-nəqliyyat infrastrukturunun gücləndirilməsi, şəhər mobilliyi layihələri və tranzit yükdaşımalarının artması nəticəsində nəqliyyat və anbar təsərrüfatı sektorunda cari ilin ilk 4 ayında yüksəliş müşahidə edilib.
Belə ki, sektorda yaradılan əlavə dəyərin həcmi 2 milyard 893 milyon 200 min manat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,5 faiz və ya 240 milyon 900 min manat çoxdur.
Nəticədə nəqliyyat və anbar təsərrüfatı sektorunun ÜDM-də payı 7,3 faizə, qeyri-neft/qaz ÜDM-də payı isə 10,4 faizə yüksəlib.
Eyni zamanda, hesabat dövründə sektorun gəlirləri real ifadədə 4,6 faiz artaraq 4 milyard 748 milyon 600 min manat olub.
Qeyd olunur ki, əldə edilən nəticələr ölkədə yol-nəqliyyat infrastrukturunun modernləşdirilməsi, şəhər mobilliyinin inkişafı və sektora yönəldilən investisiyaların real effekt verdiyini göstərir. Bununla yanaşı, Azərbaycanın regionda rəqabətqabiliyyətli logistika mərkəzi kimi mövqeyinin gücləndiyi və tranzit potensialını daha effektiv reallaşdırdığı vurğulanır.
