Azercell-in “yağlı” müştərilərini kim ələ keçirmək istəyir?

22-02-2017 / 16:01

Məlumdur ki, hazırda mobil operatorlar arasında da ciddi rəqabət var. Belə ki, Azərbaycanda fəaliyyət göstərən 3 mobil operator (Azercell, Nar, Bakcell) çalışır ki, bazarda daha çox seçilən və tərcih edilən olsun. Bunun üçün də müxtəlif yollarla müştəri dairələrini genişləndirməyə çalışır.

Bəziləri bunu xidmət keyfiyyətini artıraraq etsə də, bəziləri başqa yollara əl atır.

Son vaxtlar mobil operatorların xidməti ilə bağlı maraqlı məqam meydana çıxıb.

Azercell-in korporativ müştəriləri, hər aylıq daha çox ödəniş edən müştərilərinin bəziləri Xeberler.az-a bildirir ki, digər mobil operatorlardan onların SİM nömrələrinə zənglər gələrək, daha uyğun şərtlərlə həmin operatora keçmək təklif edilir.

Yəni, bu o deməkdir ki, Siz Azercell-in, necə deyərlər “yağlı” müştərisisiniz, aylıq mobil xidmətlərə görə şirkətə ən azı 50 AZN ödəniş edirsiniz. Digər mobil operator isə daha aşağı qiymət və güzəştli şərtlələrlə həmin nömrənizi “Mobil nömrə daşınması” xidməti ilə öz abunəçisi etməyi təklif edir. Yəni, mobil nömrəniz dəyişmir, sadəcə bu nömrə artıq digər operatorun xidmətinə keçir.

Əldə etdiyimiz məlumata görə, digər operatorlar Azercell-in hər ay 30- 50 manat civarında ödəniş edən müştərisinə aylıq 12 saat danışıq, 5GB internet və 500 SMS üçün 15 manat təklif olunur.

Bu məqamda maraqlı bir sual yaranır ki, görəsən digər operator Azercell-in “yağlı” müştərilərinin nömrələrini necə əldə edə bilib? Ola bilərmi ki, abunəçisi olduğu şirkətdən həmin məlumatlar başqa bir mobil operatora sızdırılıb?

Elə bu suallarla bu gün keçirilən mətbuat konfransında Azecell-in prezidenti Vahid Mürsəliyevə müraciət etdik.

Şirkət rəhbəri məsələyə aydınlıq gətirib.

Onun sözlərinə görə, “Nömrə daşınması “ layihəsi çərçivəsində bu, mümkündür. Amma Vahid Mürsəliyev bu istiqamətdə bəzən sağlam rəqabətin olmadığını deyib:

“Təəsssüflər olsun ki, bazarda bəzən sağlam olmayan rəqabətlə üzləşirik. Digər operatorlar “Mobil Nömrə daşınması”  layihəsi çərçivəsində bunu həyata keçirə bilir. Təbii ki, müştəriyə zəng edib, elə təklif ilə çıxış etmək xoşagəlməz haldır. Amma bu da  bizim biznesə çox təsir etmir. Azercell xüsusən korporativ idarəetmədə o qədər şəffaf, ciddi, dürüst sistem tətbiq edib ki, belə xırda məsələlər şirkətin gəlirlərinə təsir etmir”.

Abunəçi məlumatlarının təhlükəsizliyinə gəlincə isə şirkət rəhbəri Azercell-də bu sistemin ciddi qorunduğunu vurğulayıb. O, qeyd edib ki, mobil rabitəyə daha çox ödəniş edən abunəçiləri müəyyən etməyin daha asan yolları var:

“Bunun bir neçə və rahat yolu var. Məlumunuz olduğu kimi, şəbəkələr arası arabağlantı anlayışı mövcuddur. Belə ki, həmin operatorlar arabağlantı dəqiqələrinə baxır və müəyyən edə bilir ki, hansı nömrə xeyli sayda zəng edib və zəng alıb. Bununla da o  nömrənin sahibinin mobil rabitəyə aylıq ortalama nə qədər xərclədiyini hesablaya bilir”.

Vahid Mürsəliyev qeyd edib ki, Azercell-in abunəçi bazasına nəinki kənardan, hətta daxildən də müdaxilə mümkün deyil:

“Hesab etmirəm ki, onların bizim abunəçi bazasına daxil olma imkanı var. Azercell-də abunəçi bazası o qədər məxfi qorunur ki, ona nəinki kənardan, hətta içərdən də bir çox əməkdaşların daxil olması, görməsi çətindir. Azercell şirkəti əsasən korporativ seqmentə şərtsiz liderlik edir. Və əlbəttə ki, bəzən liderə hücumlar olub, olur və olacaq da. Biz bunlara tam hazırıq”.

Vahid Mürsəliyev əlavə edib ki, Azercell-in ayda 200-ə yaxın abunəçisi nömrələrini Nar və Bakcell-ə  keçirir. Lakin bu abunəçilərin bir çoxu bir müddət sonra yenidən nömrələrini mobil operatora geri daşıyır. 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə