Bakı, 17 iyun 2022 – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərkosmos Avropa Kosmik Agentliyinin (ESA) “Azo Space” inkubasiya mərkəzi ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Xeberler.az bildirir ki, bu əməkdaşlıq “Azo Space” inkubasiya mərkəzinin Yerin müşahidəsi və coğrafi informasiya xidmətlərinə dair həyata keçirdiyi proqramlarda ölkəmizin aktiv iştirak etməsinə imkan verəcək.
Əməkdaşlığın davamı olaraq Azərkosmos kosmik sahədə ixtisaslaşan, o cümlədən bu sahəyə marağı olan şəxsləri “Azo Space” mərkəzinin “Copernicus Masters” və “SpaceLeap” proqramlarında iştirak etməyə dəvət edir.
“Copernicus Masters” proqramı Yerin müşahidə olunması haqqında məlumatların istifadəsi və onlar əsasında innovativ müsabiqələrin keçirildiyi platformadır. Bu platforma 2011-ci ildən etibarən hər il müsabiqələr elan edir və Yerin müşahidəsi, o cümlədən iqlim dəyişikliyi sahəsinə dair kreativ həllər və ideyalar üçün yeni imkanlar yaradır. Proqramın ümumi mükafat fondu 500.000 avrodan çoxdur və qaliblərə müxtəlif mükafatlar qazanmaq şansı verilir.
“AzoSpace” mərkəzinin Yerin müşahidəsi sahəsinin inkişafı üçün həyata keçirdiyi digər bir təşəbbüs “SpaceLeap” proqramıdır. Bu proqram Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələri, o cümlədən Azərbaycan üçün nəzərdə tutulub. Proqram üzrə seçilən üç qalibin hər birinə 5000 avro dəyərində mükafat təqdim olunacaq. Tərəfdaş ölkələr arasında Azərbaycanın Yerin müşahidəsi və coğrafi informasiya xidmətləri üzrə təcrübəsini, fəaliyyətini nəzərə alaraq sizi bu proqramlarda aktiv iştirak etməyə və Azərbaycanı qalib etməyə səsləyirik!
Proqramlara qoşulmaq üçün qeydiyyat müddəti 11 iyul 2022-ci il tarixinədək davam edəcək.
Azərkosmos haqqında
Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos Azərbaycanda innovativ kosmik ekosistemin inkişafının aparıcı qüvvəsidir. Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan Azərkosmos 2010-cu ildə fəaliyyətə başlayıb. Hazırda iki telekommunikasiya peyki (Azerspace-1 və Azerspace-2) və bir Yer səthinin məsafədən müşahidəsi peyki (Azersky) vasitəsilə dünya üzrə tərəfdaşlarımıza yüksək keyfiyyətli peyk xidmətləri təqdim edirik. Peyklərimiz üzərindən geniş çeşiddə xidmətlər və həllər təqdim etməklə yanaşı, Azərbaycanda kosmik sənayenin inkişafının dəstəklənməsi və səmərəli həllərin yaradılması məqsədilə Azərkosmosun nəzdində fəaliyyət göstərən Tədqiqat və İnkişaf Mərkəzində müxtəlif layihələr həyata keçirilir. Bundan əlavə, beynəlxalq kosmik layihələr çərçivəsində xarici dövlətlərin kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə istifadə üzrə qarşılıqlı əməkdaşlıq əlaqələri qururuq. Ölkəmizdə kosmik sahənin inkişafına töhfə verəcək innovativ ideyaların və startapların aşkar olunması və inkişaf etdirilməsi məqsədilə ölkənin startap ekosisteminə dəstəyin verilməsi də fəaliyyətimizin prioritet istiqamətlərindən biridir. Daha ətraflı məlumatı veb-saytımızdan ala bilərsiniz.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri