“Elektron Hökumət” portalında ən çox hansı xidmətlərdən istifadə edilib?

05-08-2015 / 21:10

İyul ayı ərzində "Elektron Hökumət" portalındakı xidmətlərindən ən çox istifadə olunmuş 5 qurumun adı açıqlanıb.

Xeberler.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə istinadən məlumat verir ki, cari ilin iyul ayı ərzində "Elektron Hökumət" portalındakı elektron xidmətlərindən ən çox istifadə olunmuş 5 qurum aşağıdakılardır:

1. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

2. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

4. Dövlət Sosial Müdafiə Fondu

5. "Elektron Hökumət” portalının elektron arayışlar xidməti

"Elektron Hökumət” portalı tərəfindən təqdim olunan statistikaya əsasən, iyul ayı ərzində ən çox Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xidmətlərindən istifadə olunub. Belə ki, qurumun elektron xidmətlərindən 854 357 dəfə istifadə edilib. Qeyd edək ki, TQDK-nın ən çox istifadə olunan xidmətləri qəbul imtahanlarına buraxılış vəqərələrinin verilməsi və namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi ilə bağlı olan xidmətlərdir.

Xidmətlərinin istifadə statistikasına görə ikinci olan qurum Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Nazirliyin ən çox müraciət edilən e-xidmətləri "Telefon nömrəsi üzrə axtarış”, "Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi”, "Mobil cihazların qeydiyyatdan keçirilməsi”, "Mobil cihazların IMEI qeydiyyatının yoxlanılması”, "Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” və s. xidmətlərdir. İyul ayında nazirliyin xidmətlərindən istifadə sayı 213 053-ə çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial xidmətlərin elektronlaşdırılması və vətəndaşlara real elektron xidmət təqdim edilməsinə göstərdiyi xüsusi diqqət sayəsində demək olar ki, portaldakı e-xidmətlərdən istifadə statistikasında mütəmadi olaraq ön yerlərdə olur. İyul ayının statistikasına əsasən ƏƏSMN-in xidmətlərindən 178 492 dəfə istifadə edilib. ƏƏSMN tərəfindən təqdim olunan "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" xidməti daha çox müraciət edilən xidmətlərdəndir.

Dövlət Sosial Müdafiə Fondunun 12 sosial xidməti "Elektron Hökumət” portalına inteqrasiya edilib. Bu xidmətlər vasitəsilə heç yerə getmədən, istənilən vaxt hesabınıza yatırılan dövlət sosial sığorta haqqı barədə məlumat əldə etmək, işlədiyiniz illər üzrə pensiya kapitalı barədə məlumat əldə etmək mümkündür. Bundan başqa, sosial tələbat yüksək olan "Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, "Sığortaolunanlara məlumatın verilməsi”, "Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, "Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, "Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” xidmətlərindən istifadə edə, həmçinin DSMF-nin e-xidmətlərindən faydalanaraq məcburi dövlət sosial sığorta vəsaitini portal üzərindən onlayn şəkildə ödəyə bilərsiniz. DSMF-nin sosial tələbat kifayət qədər yüksək olan bu və digər xidmətlərindən iyul ayı ərzində 94 172 dəfə istifadə edilib.

Məlum olduğu kimi, tez-tez vətəndaşlarımızdan müxtəlif qurumlar tərəfindən çoxlu sayda arayışlar və sənədlər tələb olunur. Bu arayışları isə əldə etmək və aidiyyəti quruma təqdim etmək insanlardan vaxt və enerji tələb edir. Eyni zamanda, bu proses müxtəlif neqativ hallara və sründürməçiliyə gətirib çıxarır. Portalda cəmi bir ildir yaradılan "Elektron arayışlar" xidməti vasitəsilə artıq vətəndaşlar 9 növ arayışları dövlət qurumuna getmədən "Elektron Hökumət" portalından asanlıqla əldə edə bilirlər. Qeyd edək ki, hazırda 25-ə yaxın bank və bir neçə kredit təşkilatları bu xidmətdən faydalanaraq kreditləşmə əməliyyatlarını həyata keçirirlər. Vətəndaşlar portal üzərindən e-arayışları formalaşdıraraq banklara və kredit təşkilatlarına təqdim edərək, vaxt itirmədən rahat və şəffaf şəkildə istəklərinə nail olurlar. Qeyd olunan üstünlüklərinə görə təkcə iyul ayı ərzində "Elektron Hökumət” portalının təqdim etdiyi elektron arayışlardan 43 186 dəfə istifadə olunub. Kifayət qədər böyük olan bu rəqəm elektron arayışlara sosial tələbatın yüksək olduğundan xəbər verir ki, bu da elektron arayışların çeşidinin artırılması və tətbiq sahələrinin genişləndirilməsi üçün lazımi tədbirlərin görülməsini zəruri edir.

Qeyd edək ki, "Elektron Hökumət" portalı 2012-ci ilin aprel ayından istifadəyə verilib və həmin vaxt portala cəmi 16 dövlət qurumu üzrə 50-yə yaxın elektron xidmət inteqrasiya olunmuşdu. Hazırda isə portal üzərindən xidmət göstərən qurumların sayı 45, təqdim edilən xidmətlərin sayı isə 409-dur. Portaldakı e-xidmətlərdən istifadə sayı da dinamik şəkildə artır. Belə ki, 1 avqust 2015-ci il tarixə portalın istifadəçilərinin sayı 2,3 milyon nəfərdən çox olub və onlar 14,1 milyon dəfədən çox e-xidmətlərdən istifadə ediblər.

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə