Əşyaların İnterneti və rəqəmsal dünya

10-04-2020 / 19:18

Bəşəriyyətin artıq pandemiyaya çevrilmiş koronavirus infeksiyasına qarşı mübarizəsi ilə bərabər dünyada digər bir proses də tam sürəti ilə gedir. Bu rəqəmsallaşma prosesidir. Dünyanın qədəm qoyduğu dördüncü sənaye inqilabı (Sənaye 4.0) şəraitində rəqəmsal texnologiyalar artıq həyatımızın vacib hissəsinə çevrilir. Sənaye 4.0 robotlaşma, 5G texnologiyası, iri həcmli məlumatların sürətli emalı və bulud sistemlərdə saxlanılması, kiber təhlükəsizlik, süni intellekt, blokçeyn texnologiyası, ağıllı şəhərlər, internetin hamını və hər şeyi əhatə etməsi və “Əşyaların İnterneti”nin (IoT- Internet of Things) formalaşmasıdır. Hazırda dünyada yayılmaqda olan “Əşyaların İnterneti” sistemi Sənaye 4.0 konseptinin ayrılmaz hissəsidir. Bəs “Əşyaların İnterneti” nədir və bu necə çalışır? “Əşyaların İnterneti”nin formalaşması üçün nə lazımdır və cəmiyyətlər bunu necə tətbiq edə bilərlər?

Hələ 1926-cı ilə serb əsilli Amerikan alimi Nikola Tesla “Collier’s” jurnalına müsahibəsində bildirib ki, gələcəkdə sismsiz rabitə ideal şəkildə tətbiq ediləndə bütün dünya “böyük beyin”ə çevriləcək. İnsanlar televiziya və telefon ilə bir-birilərini minlərlə kilometr məsafədən sanki üz-üzə olduqları kimi mükəmməl görəcək və eşidəcək, buna imkan verən vasitələr isə cibimizə rahat yerləşəcək. 1990-cı ildə Massaçusets Texnologiya İnstitutunun məzunu, internetdə şəbəkə cihazları arasında bağlantıya imkan verən TCP/IP kommunikasiya protokolunun yaradıcılarından biri olan Con Romki dünyada ilk dəfə “Əşyaların İnterneti”ni yaradıb. O şəbəkəyə öz tosterini qoşub. 1993-cü ildə isə ABŞ hökuməti insanlara GPS sistemindən istifadə icazəsini verib.

“Əşyaların interneti” bir termin olaraq ilk dəfə 1999-cu ildə Britaniyalı texnologiya pioneri olan Kevin Eşton tərəfindən istifadə olunub. O ilk dəfə bu ifadəni “Procter&Gamble” şirkətindəki təqdimatında istifadə edib. Elə həmin il onun iştirakı ilə Massaçusets Texnologiya İnstitutunda Avtomatik İdentifikasiya Mərkəzi (Auto-ID Center) təsis edilib ki, bu mərkəz də radiotezlik identifikasiyası və sensor texnologiyaları ilə məşğul olub və bunun sayəsində “Əşyaların İnterneti” konsepsiyası geniş yayılıb.

“Əşyaların İnterneti” sensorlarla və birlikdə işləmək üçün simli və ya simsiz internet bağlantısı ilə təmin olunmuş gündəlik cihazların nəhəng sistemidir. Yəni, “Əşyaların İnterneti” internetə qoşulu olan və məlumatları emal edib buna görə hərəkət edə bilən cihazlar deməkdir. Bu sistemdə internetə çıxışı olan bütün obyektlər bir-biri ilə bağlılığa sahibdir və məlumatları bir-birinə internet üzərindən ötürmək bacarığı ilə təmin olunublar. “Əşyaların İnterneti”nə istənilən bir cihaz aid edilə bilər. Bura mobil telefonlar, kofe düzəltmə maşınları, paltar yuyan maşınlar, qulaqcıqlar, lampalardan tutmuş bir-birinə informasiyanı ötürən bizim fikirləşə biləcəyimiz hər şey daxildir. İnternetə çıxışı ola bilən istənilən cihazı “Əşyaların İnterneti” sisteminin bir hissəsi hesab etmək olar. Həmçinin, bu sistem cihazların iri həcmli məlumatlarla işləməsidir ki, bu da Big Data texnologiyasının tətbiqidir. Kevin Eşton “Əşyaların İnterneti” sistemini belə xarakterizə edir: “Əgər XX-ci əsrdə məlumatlar kompyuterə insanların əlavə cihazları istifadə etməsi vasitəsilə daxil edilirdisə, XXI-ci əsrdə biz qadcetləri görürük ki, onlar məlumatları özləri yığa və göndərə bilirlər. “Əşyaların İnterneti”nin də mahiyyət bundadır. Məlumatlar insan iştirakı olmadan cihazlar tərəfindən yığılır, təhlil edilir və göndərilir”.

Bir məsələni xüsusi qeyd etmək yerinə düşər ki, əgər internetin yarandığı XX-ci əsrin 60-cı illərindən bəri şəbəkədə bağlantı insanlar arasında idisə, yəni “İnsanların İnterneti” inkişaf edirdisə, 2008-2009-cu illərdə artıq internetə qoşulmuş cihazların sayı insanların sayını keçib. Yəni “İnsanların interneti” artıq “Əşyaların İnternetinə” keçid edib.

“Əşyaların İnterneti” dayanıqlı rəqəmsal infrastruktur olmadan çalışa bilməz

“Əşyaların İnterneti” sisteminin çalışması üçün ən vacib olanı internet bağlantısı və bu bağlantı xidmətlərini təmin etmək imkanını verən güclü və dayanıqlı rəqəmsal infrastrukturdur. Əgər rəqəmsal infrastruktur dayanıqlı və təhlükəsiz şəkildə şəbəkə üzərindən iri həcmli məlumatların ötürülməsi və emalına imkan vermirsə, bu zaman məlumatların ötürülməsi və ümumilikdə bağlantı xidmətlərində gecikmə, yüklənmə və qırılma olacaqdır. Bu da internetə qoşulmuş olan ayrı-ayrı cihazlar arasında kəsintisiz rabitəyə və ümumilikdə sistemin işləməsinə imkan verməyəcəkdir. Başqa sözlə desək, “Əşyaların İnterneti” sisteminin çalışması məhz güclü rəqəmsal inftarstrukturun mövcudluğundan və onun daim yenilənməsindən, yəni hər ötən il inkişaf edən texnologiyalarla ayaqlaşa bilməsindən asılıdır. Bu səbəbdən dünya miqyasında operatorlar rəqəmsal infrastruktur quruculuğuna böyük vəsaitlər yatırır, güclü bağlantı xidmətlərinin təmininə imkan verən innovativ həllər tətbiq edirlər. Böyük Britaniyanın telekom, media və texnologiya üzrə ixtisaslaşmış konsaltinq şirkəti olan “Analysys Mason”un məlumatına əsasən, 2014-cü ildən bəri operatorlar internet infrastrukturuna 300 milyard ABŞ dollarından çox sərmayə yatırıblar. Bu yatırımlar operatorlara yeni texnoloji həllər tətqbiq etmək imkanı verir.

İnfrastrukturun inkişafı, yeni texnoloji həllər internetə qoşulan cihazların sayında da artıma gətirib çıxardır. Araşdırmalar qarşıdakı illərdə bu artımın daha çox olacağını göstərir. Mobil Operatorların Assosiasiyası olan “GSMA” təşkilatının “The Mobile Economy 2019” hesabatına əsasən dünya üzrə 2018-2025-ci illər dövründə “Əşyaların İnterneti” bağlantılarının (cihazların) sayı üç dəfə artaraq 25 milyarda çatacaq. Bu dövrdə “Əşyaların interneti”ndən əldə olunan gəlir isə 4 dəfə artaraq 1.1 trilyon ABŞ dolları həcmində olacaq. Hesabata əsasən, mobil internet istifadəçilərinin sayı da artacaq və 2018-ci ildə olan 3.6 milyard nəfərdən 2025-ci ildə 5 milyarda çatacaq. 4G qoşulmalarının faizi 2018-ci ildə olan 43%-dən 2025-ci ildə 59%-ə qədər qalxacaq. 5G qoşulmaları isə 2025-ci ildə 1.5 milyard cihaz olaraq 15 % təşkil edəcək. 5G qoşulmaları 2024-cü ildə dünya əhalisinin 1/3-ni əhatə edəcək, 2025-ci ildə isə dünya ölkələrinin yarısı 5G şəbəkəsini istifadəyə vermiş olacaqlar.

5-ci nəsil şəbəkə ilə “Əşyaların İnterneti” arxitekturası

“Əşyaların İnterneti” sisteminin tam olaraq işləməsi iri həcmli məlumatların ən minimal gecikmə ilə ən sürətli şəkildə ötürülməsindən asılıdır. Çünki “Əşyaların İnterneti” arxitekturası əsasında formalaşan ağıllı ev, ağıllı şəhər, ağıllı məktəb, ferma və digər sistemlər üçün məlumat mübadiləsində yüksək sürət və ən minimal gecikmə tələb olunur. Bunun üçün isə yeni 5-ci nəsil (The Fifth Generation) şəbəkə dizayn edilmişdir.

5G olaraq adlandırılan bu şəbəkə “Əşyaların İnterneti”nin təməlini təşkil edir. 5G-yə qədər olan 1G səs ötürülməsi, 2G səs və mətn ötürülməsi, 3G səs, mətn və data ötürülməsini, 4G 3G şəbəkəsində olan hər şeyin daha sürətli olmasını təmin edirdisə, 5G daha üstün sürət, minimal gecikmə və iri həcmli məlumat ötürülməsinin kombinasiyasıdır. 5G şəbəkəsi saniyədə 10-20 qiqabitə qədər məlumat ötürülməsini özündə ehtiva edir ki, bu zaman 5G URLLC (Ultra Reliable Low Latency Communications – Ultra Etibarlı Az Gecikmə Şəbəkə Sistemi) sistemlərində gecikmə hətta 1 millisaniyəyə qədər azalır. Məlumat üçün bildirək ki, 4G şəbəkəsində məlumat ötürülməsində gecikmə təminən 20-30 millisaniyə təşkil edir. 5G şəbəkəsi vasitəsilə əldə edilən minimal gecikmə “Əşyaların İnterneti” ekosisteminə qoşulu olan, bu şəbəkəni dəstəkləyən ən müxtəlif cihazlar – pilotsuz avtomobillər, təyyarələr, yolarda olan işıqforlar, ağıllı ev, məktəb, ferma, müəssisə sistemlərində olan cihazların zamanında və qüsursuz çalışması üçün mühüm əhəmiyyət kəsb edir.

5G, Big Data kimi texnologiyalarla sıx bağlı olan “Əşyaların İnterneti” müasir dünyanı ciddi şəkildə dəyişmək imkanına sahibdir və Sənaye 4.0 şəraitində rəqəmsallaşmanın sürətlənməsi, rəqəmsal ekosistemin formalaşması üçün yeni təməl yaradır. Bu ekosistemin müxtəlif ölkələrdə çalışması isə həmin ölkələrin və operatorların müvafiq infrastrukturu yaratmasından, eləcə də insanların buna hazır olmasından asılı olacaq.

Əlimərdan Sultanov


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə