Bu cihazlara hücum etmək çox asandır

01-05-2018 / 13:47

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarı keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər barədə məlumat verdi. Tədbirin Əşyaların İnterneti (Əİ) sahəsində aparılan araşdırmaların elmi-nəzəri nəticələrinin müzakirəsinə həsr olunduğunu bildirib.

Bu barədə Xeberler.az-a AMEA-dan məlumat verilib.

Sonra institutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov məruzəni təqdim edərək bildirib ki, məişət avadanlıqları, elektrik cihazları, nəqliyyat vasitələri, istehsal qurğuları, tibbi ləvazimatlar, mühafizə və nəzarət sistemlərinin İnternet  şəbəkəsinə qoşulması “Əşyaların İnterneti” termininin (Internet of Things – IoT)  yaranmasına gətirib çıxarıb.

Bu terminin 2005-ci ildə Beynəlxalq Telekommunikasiya İttifaqının analitiklər qrupunun İnternetin vəziyyətinə həsr olunmuş hesabatından sonra geniş istifadə olunmağa başlandığını söyləyən məruzəçi Əİ-yə dair ilk beynəlxalq elmi konfransın 2008-ci ildə keçirildiyini vurğulayıb. Onun sözlərinə görə, 2010-cu ildə şəbəkəyə qoşulmuş əşyaların sayı  tarixdə ilk dəfə dünya əhalisinin sayını ötərək hər adambaşı 1,84 ədəd təşkil etmişdir. Qeyd edib ki, Cisco şirkətinin əşyaların artımına dair proqnozuna əsasən, 2020-ci ilədək qoşulmuş əşyaların sayı 50 milyarda çatacaq.

“Son dövrlər ağıllı qurğuların meydana çıxması, telekomunikasiya imkanlarının artması, bulud, Big Data texnologiyalarının meydana gəlməsi Əİ-nin sürətli inkişafına səbəb olub”, – deyə bildirən məruzəçi Əİ-nin tətbiq sahələri barədə danışdı. O, Əİ-nin kənd təsərrüfatı, neft və qaz sektoru, şəhərlər və “ağıllı” evlər, ticarət mərkəzləri, eləcə də insanlar üzərində tətbiq olunduğunu bildiribş

M.Həşimov qeyd edib ki, Əİ milyardlarla obyektləri İnternet üzərindən əlaqələndirmək qabiliyyətinə malik olmalıdır.

“Bunun üçün isə çevik arxitektur səviyyələrinə ehtiyac duyulur”, – deyən məruzəçi Əİ-də hər bir səviyyənin öz funksiyaları və bu səviyyədə istifadə olunan cihazlar vasitəsilə müəyyən edildiyini diqqətə çatdırıb. O, sensorların illər üzrə qiyməti, temperatur və nəmişlik sensoru, tibbi sensor, sensor səviyyəsində istifadə olunan şəbəkə standartları və sensor səviyyəsinin problemlərindən söz açıb. 

Bildirib ki, sensorların enerji problemlərinin olması, fiziki cəhətdən təhlükəyə məruz qalması, elektron tullantıların artması və s. sensor səviyyəndə rast gəlinən əsas problemlərdəndir. Həmçinin qeyd edib ki, şəbəkə səviyyəsinin problemlərinə Əİ-də şəbəkə standartları ilə bağlı ümumi bir mexanizmin olmaması, şəbəkəyə kənardan müdaxilə etməklə qovşaqların sıradan çıxarılmasının mümkünlüyü, çoxsaylı sensorlardan alınan məlumatların şəbəkənin yüklənməsinə səbəb olmasını da aid etmək olar.

Sonra M.Həşimov Əİ-də mövcud olan çatışmazlıqlardan bəhs edib. Bildirib ki, buraya hazırda avadanlıqların nişanlanması və monitorinqi üçün heç bir beynəlxalq standartın mövcud olmaması, texnologiyanın inkişafı ilə gündəlik fəaliyyətlərdə insan müdaxiləsinin azalaraq Əİ-nin istifadəsi ilə avtomatlaşdırılması, həyatımızın getdikcə texnologiyanın nəzarəti altına alınması və digər amillər aiddir.

Daha sonra Əİ-nin təhlükəsizliyi məsələlərindən danışan məruzəçi Əİ cihazlarının 70 faizinə hücum etməyin çox asan olduğunu, buna görə də, İnternetə qoşulmuş cihazları hücumlara qarşı davamlı etmək üçün səmərəli bir mexanizmə ehtiyac yarandığını diqqətə çatdırıb.

 Xeberler.az 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə