“Five two five”

27-12-2010 / 16:20

Orijinallığa inam…

Orijinallığına inandığım bir mətbuatı orijinal adla səsləndirmək mənə ayrıca bir həzz verir. Bəzən jurnalistikanın getdikcə geriləməsinə, mətbuatın sarılıq xəstəliyinə tutulmasına baxmayaraq, orijinallığı görmək və ona dəyər vermək də lazım gəlir. Azərbaycanda çap mediasının keyfiyyətlə bağlı problemləri, günü-gündən artan reket jurnalistikasının bir virus kimi yayılması günümüzün əsas prioritetlərindəndir. Bəziləri bunu təhsillə bağlasa da, digərləri bunu çap mediasında olan maddi problemlərlə izah edir. Əslində hər ikisinə ayrıca diqqət etmək lazımdır. Qəzet mədəniyyətinin olmadığı bir mühitdə qəzet almaq istəməyənlərin və ya qəzetə pul xərcləməyi mənasız iş kimi qiymətləndirənlərin sayında heç zaman azalma müşahidə edilə bilməz. Məhz bu anda orijinallığa daha diqqətlə yanaşmaq lazım gəlir.

Bizim orijinal “525”imiz...

Orijinallığına inandığım Kütləvi İnformasiya Vasitələri (KİV) içərisində hər zaman irəlini düşünən və sarılıq xəstəliyinə tutulmuş digər çap medialarından fərqli informasiya çatdıran “525-ci qəzet" biz gənclərdən heç vaxt dəstəyini əsirgəməyib. Gənc jurnalistlərə öz səhifələrində heç bir şərtsiz yer ayıran orijinal “Five two five” öz adını və öz üslubunu bu günə qədər müqəddəs şəkildə qorumağa nail olub. Ədəbiyyatımıza, gəncliyimizə, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmaq və onu müqəddəs sandıqda qorumaq da hər kəsin bacara biləcəyi bir iş deyil. Reytinq virusunun “aspirin” kimi istifadə edildiyi mətbuatda təmiz qalmaq və gəncliyə təmizliyin yollarını öyrətmək bu qəzetin hər zaman şərəfli missiyası olub.


Gəncliyimizi sevindirənlər…

Tələbə-jurnalistlərə doğru yolları göstərmək üçün bəzən gənclərə onların həyata baxdıqları fərqli pəncərədən baxmalı olursan. Doğrudan da, hər kəsin anladığı bir dil üslubu var. İlk günlər çətinliklərlə qarşılaşsan da, mühitə alışmaq elə də uzun vaxt tələb etmir. İlk dəfə “525”ə gedərkən bir tələbə kimi biz gənclərə göstərilən dəstək həqiqətən də insanı sevindirməyə bilməz. Adi işçisindən tutmuş bütün kollektivə qədər - hər kəsin səmimiliyi, işlərinə ciddi yanaşmaları və başlarının qarışıq olduğu anda belə tələbə-jurnalistlərə vaxt ayırmaları orijinallığı bir daha sübut edir.

Ədəbiyyatımıza diqqət…

Bugünkü mətbuatın yer ayırdığı və əsas diqqət yetirdiyi mövzular içərisində ədəbiyyata aid mövzular azlıq təşkil edir. Məhz bizim “525” bu missiyanı da uğurla həyata keçirir. Hər həftənin şənbə günü qəzetdə gənc ədiblərə və ədəbiyyat xadimlərinə yer ayırılır. Gözlədiyimiz yazılar və çap edilən materiallar jurnalistikanın və publisistikanın gücünü adutoriyaya göstərir. Epidemiya kimi günü-gündən mətbuatda yayılan sarılıq xəstəliyinə qarşı “525-ci qəzet" öz şərəfli ənənələri ilə mübarizə aparır. İnsanların unutduğu ədibləri və insanların xatırlamalı olduğu ədibləri “525-ci qəzet" öz səhifələrində işıqlandırır. Bax bu orijinallaq və bu ənənə onu digərlərindən fərqləndirir. İstər gənc jurnalistlər içində, istərsə də gənc ədiblər içində.

Baş redaktor və gənc jurnalist

“Five two five” sözünü ilk dəfə baş redaktorun dilindən eşitdiyim gün səmimi bir gülüş doğdu üzümdə. Hər zaman olduğu kimi tələbə-jurnalistlər “525-ci qəzet"in baş redaktoru, Yazıçılar Birliyin Gənclər üzrə katibi Rəşad Məcidin otağında yığışmış və dərsimizlə bağlı sualları ona ünvanlamağa hazırlaşmışdıq. İlk görüş zamanı gənclərə qarşı olan səmimi münasibəti, isti atmosferi hiss etməmək mümkün deyildi. Bu zaman ilk təklif məhz Rəşad Məciddən gəldi. O, qəzetdə yeni bir səhifənin çıxarılması ilə bağlı təklif irəli sürdü. Hər kəsə bir iş tapşırıldı. Sıra mənə gəldi və məni məsul katib elan etdi. Bu orijinallığı məhz ilk dəfə tələbə-jurnalistlərə qarşı “525-ci qəzet" etdi. Orijinallıq təkcə adda deyil. Orijinallıq qəzet səhifələrində də deyil. Orijinallıq bizim “525”in əməlindədir. Hər zaman bunu qoruyan və onu biz gənclərə şərəfli bir biçimdə təqdim edən “525”də.

Əfsələddin Ağalarov


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə