Azərbaycanda gənclərin düşündüyü fikir və ideyaların bir yerə toplanması məqsədi ilə gənclər üçün yeni "Onlayn fikir bankı" adlı layihəyə start verilib.
"ICTnews"un məlumatına görə, Gənclər və İdman Nazirliyinin icra etdiyi sözügedən layihənin məqsədlərindən biri də gənclər üçün yeni imkanların yaradılmasıdır. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, gənclər "www.fikirbanki.az" saytına daxil olmaqla burada yeni fikir və ideyalarını açıq istifadə üçün yerləşdirə biləcəklər. Bu təkliflərdən bütün cəmiyyət, o cümlədən dövlət, beynəlxalq və özəl təşkilatlar faydalana biləcəklər.
"Onlayn fikir bankı"nda 12 bölmə fəaliyyət göstərir.
Onlar "Sosial Xidmətlər", "İqtisadiyyat", "Təhsil", "Əyləncə", "Media", "Rabitə və Telekommunikasiya", "Tibb və Sağlamlıq", "Ətraf Mühit", "Nəqliyyat", "Milli-Mədəni İrs", "Turizm" və "Mədəniyyət" bölmələridir.
Veb-saytda əlavə olaraq "Ayın qalibi" adlı xüsusi bölmə də yaradılıb ki, burada qalib olan gənclər Gənclər və İdman Nazirliyinin və tərəfdaş təşkilatların diplomları və qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar. "Onlayn fikir bankı" layihəsi gənclərin müzakirələr aparmaları üçün əlverişli platforma rolunu oynayacaq və cəmiyyətdə gənclərin mövqelərinin möhkəmlənməsinə şərait yaradacaqdır.
Qeyd etmək lazımdır ki, "Onlayn fikir bankı" layihəsi 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi çərçivəsində "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"na müvafiq olaraq həyata keçirilir.