II Beynəlxalq “Kibertəhlükəsizlik konfransı” öz işinə başlayıb

02-03-2020 / 13:12

Cari ilin 2-6 mart tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil olunan II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi”nin ilk tədbiri –“Kibertəhlükəsizlik konfransı” öz işinə başlayıb.

Xeberler.az bildirir ki. tədbir kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafı üzrə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən əlaqəli fəaliyyətin davamı olaraq, dövlət-özəl əməkdaşlığı çərçivəsində sahə üzrə
ümumilikdə 30-dan çox qurum, müəssisə və təşkilatın tərəfdaşlığı ilə keçirilir. Konfransı girişda çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da
kibertəhlükəsizliyin təmin olunmasına dövlət səviyyəsində xüsusi diqqət ayrılır. “Bu gün ölkəmizdə rəqəmli transformasiya sürətlə gedir. Bu sahə ölkə başçısının diqqət
mərkəzindədir. Qəbul olunmuş Milli strategiya, Strateji yol xəritəsi, müvafiq fərman və sərəncamların icrası bu istiqamətdə əhəmiyyətli nəticələr əldə olunmasını təmin edir. Fiber- optik, LTE şəbəkəsi genişlənir. “5G”-yə keçid üzrə hazırlıq işləri aparılır, sınaq keçirilir. Ölkədə bir çox kritik informasiya infrastrukturları fəaliyyət göstərir. Dövlət idarəetməsi, təhsil, səhiyyə, enerji, təhlükəsizlik, müdafiə, ədliyyə, kənd təsərrüfatı, bank-maliyyə və başqa sahələrdə ölkə əhəmiyyətli informasiya sistemləri istifadə olunur. Data mərkəzlər fəaliyyət göstərir, “Hökumət Buludu” yaradılır”, - deyə nazir müavini qeyd edib.

O vurğulayıb ki, ölkə əhalisinin 80 faizi internet istifadəçisidir. Bütün bunlar ölkəmizin kiberməkanının təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasını şərtləndirir. Bu istiqamətdə müvafiq addımlar atılır.

Nazir müavini Azərbaycanın 2008-ci ildə Avropa Şurasının “Kibercinayətkarlıq haqqında" Konvensiyasını imzaladığını diqqətə çatdırıb. “Kibertəhlükəsizliyə cavabdeh qurumlar, o cümlədən nazirliyin yanında Elektron Təhlükəsizlik Xidməti fəaliyyət göstərir. Beynəlxalq standartlar əsasında İnformasiya təhlükəsizliyi üzrə 18 milli standart hazırlanıb və qeydiyyata alınıb. Dövlət qurumlarında istifadə olunan proqram təminatlarının lisenziyalaşdırılması həyata keçirilir. Kibertəhlükəsizliklə bağlı müxtəlif konfranslar, seminarlar, təlimlər keçirilir. “Kibertəhlükəsizlik həftəsi” bunun bariz nümunəsidir”.

Elmir Vəlizadə kiberhücumların əsas hədəflərindən birinin də fərdi və digər konfidensial məlumatlar olduğunu vurğulayıb. “Son illərdə Avropa Birliyində, inkişaf etmiş digər ölkələrdə bu sahədə qanunvericilik bazasının inkişaf etdirilməsi istiqamətində ciddi addımlar atılıb. Ölkəmizdə də bu işlərə başlanılıb. Nazirlik, aidiyyəti qurumlarla birlikdə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində iş aparır. Fərdi məlumatların işlənməsi və mühafizəsi fəaliyyətinin sertifikatlaşdırılması, qanunun tələblərinin pozulduğu hallarda müvafiq qurumların və fərdi məlumat subyektlərinin məlumatlandırılması nəzərdə tutulur. Hesab edirik ki, bu addımlar ümumilikdə kibertəhlükəsizliyin təmin olunmasına öz töhfəsini verəcək”.

Nazir müavini bildirib ki, bu məsələlər aidiyyəti qurumlarla birlikdə hazırlanan “Azərbaycan Respublikasının 2020-2025-ci illər üçün informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə Milli Strategiyası”nın layihəsində öz əksini tapıb.

Daha sonra Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) MDB üzrə regional direktoru Nataliya Moçu tədbir iştirakçılarını salamlayaraq kibertəhlükəsizliyin təmin
olunmasının BTİ-nin fəaliyyətində əsas istiqamətlərdən olduğunu bildirib. Ölkəmizin BTİ Şurasının üzvü olduğunu vurğulayan qurum rəsmisi deyib ki, Azərbaycan təşkilatın fəal tərəfdaşlarındandır. N.Moçu BTİ-yə üzv-ölkələr arasında bu sahədə əməkdaşlığın vacibliyini qeyd edərək, birgə qüvvələrin səfərbər edilməsinin əhəmiyyətini önə çəkib. O, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Kibertəhlükəsizlik həftəsi”nin bu sahədə aparılacaq ekspert bilikləri və təcrübə mübadiləsinin dəyərli töhfələr verəcəyinə əminliyini ifadə edib.

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandr Frakassetti müasir dövrdə dünyada internetin getdikcə daha çox fəaliyyət sahələrinə nüfuz etdiyini söyləyib. O, bu gün rəqəmsal iqtisadiyyat, onlayn təhsil, virtual ünsiyyət kimi geniş imkanların yaratdığı üstünlüklərin əhəmiyyətini önə çəkib. BMT-nin rəsmisi informasiya-kommunikasiya texnologiyalarının həyat səviyyəsinin yaxşılaşmasında, xüsusən də davamlı inkişafın təmin olunmasında mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə müasir İKT tətbiqlərinin sayəsində kiberhücum təhlükələrinin də vüsət alması qaçılmazdır. O, hökumət rəhbərlərinin və müvafiq sahə üzrə fəaliyyət göstərən şirkətlərin kiberhücumların aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edən yüksəkixtisaslı kadr hazırlığı məsələlərinə ciddi önəm verdiklərini bildirib. A.Frakassetti inklüziv təhsilin yaratdığı imkanlara da toxunaraq, əlillərin, qadınların İKT sahəsində fəal iştirakının təmin edilməsindən, işsizlik kimi problemlərin həllində İKT-nin yaratdığı imkanlardan söz açıb. O, həmçinin təşkilat tərəfindən keçirilən tədbirlərdən danışarkən “İ2B-İdeyadan biznesə” layihəsinin əhəmiyyətini də vurğulayıb. Çıxışının sonunda Alessandro Frakassetti bir həftə ərzində keçiriləcək silsilə tədbirlərdə rəqəmsal uçurumun aradan qaldırılması, kiberhücumlardan müdafiə və s. sahələrdə həyata keçirilən işlərlə bağlı dəyərli məlumatların əldə ediləcəyinə, yerli və beynəlxalq mütəxəssislər arasında bilik və təcrübə mübadiləsinin səmərəli fayda verəcəyinə əminliyini bildirib.

Qeyd edək ki, kibertəhlükəsizlik sahəsində yerli və beynəlxalq ekspertlər ilə təcrübə mübadiləsinin aparılması, müvafiq sahədə siyasəti müəyyən edən qurumlar və fəaliyyət göstərən şirkətlər arasında əməkdaşlığın gücləndirilməsi, kibertəhlükəsizlik sahəsində əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması “Kibertəhlükəsizlik konfransı”nın əsas məqsədidir.

“Kibertəhlükəsizlik konfransı” sual-cavab sessiyaları, ikitərəfli və çoxtərəfli görüşlər və müzakirələr, özəl-dövlət, dövlət-dövlət, özəl-özəl və s. üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün əvəzolunmaz platforma rolunda çıxış edir. Tədbirdə günün müasir trendləri və çağırışları nəzərə alınaraq, sahə üzrə yerli və beynəlxalq şirkətlərin təmsilçilərinin yeni kibertəhlükəsizlik həlləri ilə bağlı təqdimatları və məruzələri dinlənilir. “Kritik infrastrukturun kibertəhlükəsizliyi”, “Sənaye və bank sistemlərinin pentesti”, “Ağıllı şəhərlərin kibertəhlükəsizliyi”, “Kiberstartaplara investisiya qoyuluşu”, “Müasir iş yerlərinin kibertəhlükəsizliyi”, “Kibersığorta”, “Elektron ticarətdə kibertəhlükəsizlik” və digər önəmli mövzular bu sırada yer alacaq.

“Kibertəlükəsizlik konfransı”nda dövlət qurumlarının, özəl təşkilatların, akademik və ali təhsil müəssisələrinin, beynəlxalq təşkilatların, mobil operatorların, bankların, İKT şirkətlərinin, internet xidmət provayderlərinin və operatorlarının, diplomatik korpusların, qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti və internet ictimaiyyətinin, ABŞ, Macarıstan, İsrail, Belarus, Rusiya, Hindistan və s. ölkələrin nümayəndələrindən ibarət ümumilikdə 250-dən çox səlahiyyətli şəxs və sahə üzrə mütəxəssis iştirak edir.

Konfransla paralel olaraq 15 yerli və beynəlxalq şirkətin kibertəhlükəsizlik üzrə həllərinin nümayiş etdirildiyi “Cyber Village” sərgisi keçirilir. “Kibertəlükəsizlik konfransı” və “Cyber Village” günün sonunadək davam edəcək.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə