Bu gün Four Seasons Hotelində Startup Azərbaycan tərəfindən “İnternet-biznes üçün investisiya mühiti və investisiya imkanları” mövzusunda Konfrans keçirilib.
Konfransın məqsədi ölkədə İnternet biznesinin, o cümlədən milli Startupların mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı peşəkarların və ekspertlərin iştirakı ilə müzakirələr aparmaq və çıxış yollarını göstərməkdən ibarət olub.
Konfrans AİF prezidenti Osman Gündüz, RİTN-nin şöbə müdiri Elçin Zeynalov və Bakcell şirkətinin rəsmisi Mark Zirkanın açılış nitqləri ilə başlayıb.
Konfrans “Milli Startuplar: mövcud vəziyyət və inkişaf perspektivləri” və “Startuplar üçün investisiya mühitinin inkişaf perspektivləri” mövzusunda 2 sessiyadan ibarət olub.
Konfransda Startup Azərbaycan Təşkilat Komitəsinin üzvü Şaiq Muradov StartUp Azərbaycan Layihəsinin təqdimatını edib və bu Layihə haqqında, Layihə çərçivəsində keçiriləcək tədbirlər haqqında geniş məlumatlar verib.
Konfransın 1-ci sessiyasında həmçinin Azərbaycan İnternetinin tanınmış nümayəndəsi Elnur Baimov “Startupların uğur göstəriciləri, uğurlu Startupa gedən yol”, TK üzvü Ülvi Aslanov
“Startuplar və beynəlxalq təcrübə”, Sahil İT şirkətinin rəhbəri Vahid Qasımov “İT mütəxəssislərin hazırlanması və Startuplar” mövzusunda təqdimatlar ediblər.
Golden Pay şirkətinin rəhbəri Fərid İsmayılzadənin moderatorluğu ilə keçən 2-ci sessiyada RİTN nümayəndəsi Elçin Zeynalov “İKT-nin inkişafı Dövlət Fondu haqqında”, marketoloq Məmməd Kərimov “Milli Startuplar və İnvestisiya”, İNFİPRO şirkətinin rəhbəri Eldar Abbasov “Startupların vençur maliyyələşməsi “ və Qafqaz Universitetinin Texnopark müdiri İsa Qasımov Universitet Texnoparkı ilə bağlı maraqlı təqdimatlar ediblər.
Təqdimatlar və mövzu ətrafında maraqlı müzakirələr və sual-cavablar olub. Müzakirələrdə İKT Mərkəzinin direktoru Fərid Kazımov, Microsoft şirkətinin nümayəndəsi Emin Axundov, TK üzvü Ayaz Quliyev, Startupçı Fərahim Əliyev, Qafqaz Universitetinin müəllimi Abzəddin Adamov, Bakcell şirkətinin nümayəndəsi Hikmət Tağıyev, Startupçı Rəşid Əliyev və digərləri çıxış ediblər. Çıxışlarda ölkədə milli Startupların inkişafı istiqamətində mövcud olan vəziyyət və problemlər sadalanıb, bu sahədə investisiya mühitinin, hüquqi bazanın, kadrların hazırlanmasının yaxşılaşdırılması təklifləri irəli sürüb. İKT-nin inkişafı üzrə Dövlət Fondundan bu istiqamətdə ciddi gözləntilərin olduğu bildirilib.
Elnur Baibov investisiyanın mühüm əhəmiyyət kəsb etməsini , son dövrlərdə ölkədə bu istiqamətdə müsbət dəyişikliklərin olduğu qeyd etməklə bərabər, Startupçıların da çox aktiv olmalarının, sistemli formada çalışmalarını və uğursuzluqlardan qorxmamaqlarının vacibliyini qeyd edib. O,Startupçılar üçün yorulmadan çalışmağın və uğursuzluqlardan da öyrənməyin vacib olmasını vurğulayıb.
Tədbirdə dövlət, özəl və təhsil sektorunun nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, ölkənin tanınmış İT mütəxəssisləri, uğurlu Startup təmsilçiləri və investorlar iştirak ediblər.
Startup Azərbaycan Layihəsinə Rabitə və İnformasiya Texnologiyaları nazirliyi dəstək verir.
Startup Azərbaycanın Baş sponsoru Bakcell şirkətidir.
Microsoft, İnfi Pro şirkətləri də Startup Azərbaycanın sponsorlarıdır.
StartUp Azərbaycan TK
492 -44 44
www.startup.az
@startupaze
fb.com/startupazerbaijan