Startup Azərbaycan Təşkilat Komitəsi bildirir ki, 7 – 9 noyabr tarixlərdə Park İnn Hotelində Startup Günləri keçirilib.
Startup Günlərinin açılış mərasimində çıxış edən Azərbaycan İnternet Forumunun prezidenti , Startup Azərbaycan TK-nın üzvü Osman Gündüz əsas məqsədin ölkənin milli startup infrastrukturun inkişafına dəstək vermək, yeni startupların yaradılmasını stimullaşdırmaq , startuplar üçün informasiya-metodiki dəstək göstərmək, yeni yaradılan dövlət qurumları tərəfindən startuplar göstəriləcək dəstək haqqında məlumatlar çatdırmaq və startuplar arasında əlaqələrin gücləndirilməsindən ibarət olduğunu bildirib.
Açılış mərasimində Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çıxış edərək, dövlətin milli startupların inkişafına dəstək göstərilməsinin prioritet olduğunu qeyd edib və bu dəstəyin qarşıdakı illərdə daha da güclənəcəyini bildirib. Nazir müavini bu cür tədbirlərin startup infrastrukturunun formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Açılış mərasimində Yüksək Texnologiyalar parkının direktor müavini Cabbar Musayev çıxış edərək YT Park tərəfindən gələcəkdə yerli startuplar ciddi dəstək verilməsinin nəzərdə tutulduğunu və artıq bu istiqamətdə müəyyən işlərin görüldüyünü diqqətə çatdırıb. Bakcell şirkətinin rəsmisi Mark Zirka çıxış edərək İnternet biznes və milli startup sahəsinin inkişafında maraqlı olduqlarını qeyd edib, gələcəkdə də bu sahənin inkişafına dəstək verəcəklərini bildiriblər.
Daha sonra Startup Günləri çərçivəsində “Milli Startup infrastrukturun formalaşması və investisiya mənbələri” mövzusunda konfrans öz işinə başlayıb.
Konfransda RİTN yanında İT-nin İnkişafı Dövlət Fondunun İcraçı Direktoru Elçin Zeynalov, Yüksək Texnologiyalar Parkının şöbə müdiri Ülvi Aslanov, İnternet sahibkar Elnur Baimov və İnfipro şirkətinin nümayəndəsi Orxan Əliyev mövzu ətrafında təqdimatlar ediblər. Sonra Konfrans müzakirələr və sual-cavablarla işini davam etdirib. Xüsusilə İT-nin İnkişafı Dövlət Fondunun və Yüksək Texnologiyalar Parkının hansı prinsiplər və prioritetlər üzrə startuplara göstərəcəyi dəstək ətrafında müzakirələr aparılıb.
Noyabrın 7-si Startup Günləri çərçivəsində keçirilən konfransdan sonra gənc startupçılar öz biznes ideyalarını səsləndiriblər. Ümumilikdə 22 ideya səsləndirilib və onların yarışması keçirilib. Münsiflər heyəti və ekspertlər bunlardan 6 ən yaxşı ideyanı seçib.
İdeyaları seçilən startupçılar qalan iştirakçılar arasından özlərinə komanda formalaşdırıblar. Hər komandada 6 nəfər startupçı təmsil olunub. Komandalar formalaşdırdıqdan sonra komanda üzvlərinin yaxından tanışlığı məqsədilə networking keçirilib.
Seçilən ideyaları və onalrın sahiblərini təqdim edirik :
1. Nəzrin Nəcəfzadə - Crazy Smile
2. Xalidşah Sanaliyev - Saghlam Ol app
3. Məmmədzadə Namət - Guard
4. Günay Gözəlova - Lazımdır.az
5. Mətin Zakirov - Baku Parking
6. Abbas Abbasov - 3D Virtual Tour
Növbəti mərhələdə Komandalar ideyalar üzrə İnternet Layihələrin ilkin prototiplərinin hazırlanmasına başlayıb. Komandalar tanınmış ekspertlərin və mentorların köməyi ilə 3 gün ərzində seçilən ideyalar ətrafında Layihələrin ilkin versiyalarının hazırlanması üzərində işləyiblər.
Startup Günləri çərçivəsində gənc startupçılara kömək və metodiki informasiya dəstəyi də təşkil olunub. Yerli startup sahibkarların iştirakı ilə maraqlı görüşlər və təlimlər keçirilib. Görüş və Təlimlərdə ekspertlər Şaiq Muradov, Amid Quliyev, Fərid Kazımov, Elşad Yusifli , Çingiz Eyvazov və Coşqun Kərimov gənc startupçılara faydalı məlumatlar verib və beynəlxalq trendlər haqqında bilgilər çatdırıblar. Görüşlərdə həmçinin yeni fəaliyyətə başlamaq istəyən startupçıların investorlarla münasibətlərinin qurulması , komanda ilə işləmək üsulları və gələcək biznes fəaliyyətinin spesifik xüsusiyyətləri ilə bağlı diskussiya aparılıb.
Startup Günlərinin yekun günündə 6 komanda öz layihələrinin ilkin versiyalarının hazırlanmasını başa çatdırıblar, bununla bağlı hazırladıqları təqdimatları qısa zaman kəsiyində münsiflərə təqdim ediblər. Hər bir Layihənin təqdimatı münsiflərin sorğu-sualı ilə müşayiət olunub.
Layihələrin təqdimatından sonra münsiflər qiymətləndirmə prosesi aparıb. Qiymətləndirmə qabaqcadan hazırlanan metodika əsasında həyata keçirilib. Qiymətləndirmənin yekununda münsiflərin səsverməsi ilə qalib layihələr seçilib.
6 Layihə içərisindən 3 qalib layihə seçilib. :
I yer - Sanəliyev Xalidşah - “Sağlam ol “ app
Bu tətbiqetməni telefonunuza yükləyərək xəstəliyinizlə bağlı müvafiq həkim tapa biləcəksiniz.
II yer - Günay Gözəlova - Lazımdır.az
Lazımdır. az ilə siz internetdə kimə nə lazım olduğunu biləcək, sizə nə lazım olduğunu bildirəcək, həmçinin müxtəlif online mağazaların məhsullarını burada görə biləcəksiniz.
III yer - Abbas Abbasov - 3D Virtual Tour
3D Virtual Tour Azərbaycandakı otellərin, istirahət mərkəzlərinin 3D çəkilişini təşkil edib saytda yerləşdirməyi və müştərilərlə otel arasında əlaqə yaratmağı planlaşdırır.
Startup Günlərinin yekununda qaliblərin və aktiv iştirakçılarının mükafatlandırılması mərasimi keçirilib.
Qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların, həmçinin Cybernet və Multibon şirkətlərinin qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunub.
Startup Günlərinə Rabitə və İnformasiya Texnologiyaları nazirliyi yanında İT-in inkişafı Dövlət Fondu , Yüksək Texnologiyalar Parkı və İnfiPro şirkəti dəstək verib.
Startup Günlərinin Baş sponsoru Bakcell şirkətidir.
Startup Günlərinin Fotoları:
Startup Azəbaycan/Startup Günləri_Komandaların təqdimatlar
Startup Azəbaycan/Startup Günləri_Ekspertlər/Mentorların dəstəyi
Startup Azəbaycan/Startup Günləri_Startup Komandaları
Startup Azəbaycan/Startup Günləri_Ekspertlərlə Görüş
Startup Azəbaycan/Startup Günləri_Qalib Ideyalar və Komandalar
Startup Azəbaycan/Startup Günləri_Ideyaların Yarışması
Startup Azəbaycan/Startup Günləri_Açılış və Konfrans
Geniş məlumat : www.startupdays.startup.az