Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov müsahibə verib.
Son aylarda dünya mediasında süni intellektə yatırılan investisiyalar müzakirə olunarkən telekommunikasiya xidmətlərinin qiymətləri də getdikcə daha çox gündəmə gəlir. Bu iki mövzu arasında hansı əlaqə var ki, mütəxəssislər bunu ayrıca müzakirə mövzusuna çeviriblər?
Nəhəng texnologiya şirkətləri data mərkəzləri üçün rekord həcmdə çip alırlar. Bu isə telekommunikasiya avadanlığı istehsalında təchizat qıtlığı yaradır. Nəticədə zahirən süni intellektlə əlaqəsiz görünən məsələlər əslində bu investisiya dalğasının kölgəsində formalaşır. Telekommunikasiya istehlakçıları ilə operatorlar arasında gələcək qiymət uzlaşmasının əsasında da məhz bu amil dayanır.
Süni intellektə investisiyaların artması telekom sektoruna necə təsir göstərir?
Böyük texnologiya şirkətləri (Amazon, Google, Microsoft, Meta) süni intellekt infrastrukturuna investisiyanı 2025-ci ildən 2029-cu ilədək 334 milyard dollardan 900 milyard dollara çatdırmağı planlaşdırır. Bu vəsaitin böyük hissəsi qlobal yaddaş çipi (DRAM, NAND) istehsalını data mərkəzlərinə yönəldib.
Analitiklərin proqnozuna görə, 2026-cı ildə istehsal olunan yaddaş çiplərinin 70%-ə qədəri məhz data mərkəzləri tərəfindən istifadə ediləcək. Eyni komponentlərdən asılı olan telekom avadanlığı istehsalçıları da qıtlıqla üzləşiblər. Rəqəmlər də bunu təsdiqləyir. “DDR4” yaddaş çiplərinin qiymətləri son 1 il ərzində 700-800% artıb. Marşrutlaşdırıcıların (router) ümumi istehsal xərcində yaddaş komponentinin payı isə bir il əvvəl təxminən 3% olduğu halda, indi 20%-dən çoxdur. Genişzolaqlı avadanlıqlarda istifadə olunan yaddaş komponentlərinin qiymətləri son doqquz ayda təxminən 7 dəfə artıb.
Bu, yalnız istehlakçı avadanlığına (router, modem) aiddir, yoxsa operator səviyyəsində şəbəkə infrastrukturuna da təsir edir?
Hər ikisinə aiddir. “Ericsson” və “Nokia” kimi aparıcı şəbəkə avadanlığı istehsalçıları açıq şəkildə bildiriblər ki, komponent qıtlığı təchizat müddətlərini uzadıb və xərcləri artırıb. “Ericsson” yeni tenderlər üçün qiymətləri artırmağı, mövcud müqavilələri yenidən nəzərdən keçirməyi planlaşdırdığını rəsmi şəkildə açıqlayıb. Bu, yalnız istifadəçilərin aldığı marşrutlaşdırıcıya deyil, operatorların 5G və optik şəbəkə infrastrukturuna qoyduğu investisiyalara da təsir göstərir.
Xərclərin artması son istifadəçiyə necə təsir edir?
Çip istehsalçıları xərcləri avadanlıq istehsalçılarına (Ericsson, Nokia, Cisco və s.) ötürür, onlar da bunu telekom operatorlarına ötürürlər. Operatorlar isə öz növbəsində maliyyə dayanıqlılığını qorumaq və səhmdarların gözləntilərini ödəmək məcburiyyətindədirlər. Bunun nəticəsində xərclərin bir hissəsinin son istifadəçiyə ötürülməsi qaçılmaz olur.
Bu proses faktiki tarif dəyişikliklərində nə zaman özünü göstərəcək?
Artıq konkret nümunələr mövcuddur. Böyük Britaniyanın ən böyük telekommunikasiya qrupu olan “BT Group” bu ilin mart ayından, “Virgin”, “Hyperoptic”, “Vodafone”, “Three”, “Sky” və “TalkTalk” isə bu ilin aprelindən qiymət artımını həyata keçirməyə başlayıb. ABŞ-də “AT& T” və “Verizon” rəhbərləri əlavə xərclərin müştərilərə ötürüləcəyini açıq bəyan ediblər. Sabit genişzolaqlı provayderlərdə vəziyyət daha həssasdır. Çünki onların istifadə etdiyi marşrutlaşdırıcı, şlüz (gateway) və “set-top box” kimi avadanlıqlarda yaddaş komponentlərinin payı sürətlə bahalaşır. Burada 7 dəfədən çox artımdan söhbət gedir. Bəzi ölkələrdə qiymət korreksiyaları artıq başlayıb. Hələlik bu, qlobal miqyaslı tarif artımı dalğası deyil. Lakin hesab edirəm ki, gələn ilin sonunadək bu tendensiya qlobal miqyasda daha geniş vüsət alacaq.
Belə çıxır ki, Azərbaycanda da telekommunikasiya xidmətlərində qiymət
artımları olacaq...
Mən bir dəfə bunun qaçılmaz olduğunu demişəm. Süni intellekt infrastrukturuna qoyulan nəhəng investisiyalar yaddaş çiplərinə tələbi elə artırıb ki, bu, telekommunikasiya avadanlıqlarının maya dəyərini kəskin şəkildə yuxarı qaldırıb. Bu xərc artımı istehsal zəncirindən keçərək nəticədə operatorların əməliyyat xərclərinə çevrilir və operatorlar bunu tam və ya qismən abunəçilərə ötürməyə məcburdurlar. Odur ki, telekommunikasiya xidmətlərinin (həm mobil, həm fix) bahalaşması dünya miqyasında gedən prosesin tərkib hissəsidir.
Azərbaycanda nə zaman baş verəcəyini ehtimal edirsiniz?
Bunun icra müddəti telekommunikasiya xidməti göstərən provayderlərin faktiki ehtiyatlarına bağlıdır. Hazırda böyük provayderlər modemləri ödənişsiz təqdim edirlər. Düşünürəm ki, gələn ilin ilk 2 rübündə provayderlər yeni müştərilərə fərqli qiymət siyasəti ilə modem təklif edəcəklər. Ola bilər ki, modemlər icarə əsasında təqdim edilsin. Ehtimal edirəm ki, gələn ilin ortalarınadək ödənişsiz modem dövrü tamamilə sona çatmış olacaq.
Azərbaycanda internet qiymətlərinə dəyişikliklər orta hesabla 3 ildən bir həyata keçirilir. Sonuncu qiymət artımı 2024-cü ildə olub. Provayderlərin artan xərclərini hər müştəri başına düşən gəlirlə (ARPU) kompensasiya etmək üçün qiymət dəyişikliyi intervalını 2 ildən bir deyil, ən az ildə 1 dəfəyə endirəcəklərini ehtimal edirəm.
Bəs istehlakçıların maraqları necə təmin olunacaq?
Dünya təcrübəsinə istinad edərək deyə bilərəm ki, qiymət artımları illik inflyasiyaya indekslənmiş şəkildə həyata keçiriləcək və 120-180% aralığında sürət artımı ilə istehlakçı maraqları təmin olunacaq.
Eyni zamanda provayderlərin fəaliyyətinə indikindən daha ciddi nəzarət tətbiq edilməsi də şərtdir. Müxtəlif ölkələrdə müəyyən baza tələblər mövcuddur.
Hesab edirəm ki, əlaqəli təşkilatlar xidmətin keyfiyyəti və davamlılığı baxımından müəyyən mexanizmləri aktuallaşdıracaqlar.
Qlobalda baş verən bu dəyişikliklər yerli bazar konyukturasını da tamamilə dəyişəcək. İnfrastrukturlarını təkmilləşdirə bilməyən provayderlər bazardan çıxacaqlar.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları