Böhran nə zaman bitəcək?
İnformasiya texnologiyaları, telekommunikasiya və istehlakçı texnologiyalar üzrə qlobal bazar araşdırmaları və məsləhət xidmətləri təqdim edən nüfuzlu ABŞ şirkəti “IDC” xəbərdarlıq edib ki, yaddaş çipi çatışmazlığı ən azı 2027-ci ilə qədər davam edəcək. “Intel” CEO-su Lip-Bu Tan ən yaxşı halda bu çatışmazlığın 2028-ci ildə bitəcəyini deyib.
Texnologiya sənayesi üzrə bazar araşdırmaları və konsaltinq xidmətləri göstərən Tayvan mənşəli qlobal şirkətlərdən olan “TrendForce” yeni fabriklərin 2026-cı ilin sonundan etibarən istehsala başlayacağını proqnozlaşdırsa da, bunun bazara əhəmiyyətli təsirinin 2027–2028-ci illərdən öncə mümkün olmayacağını qeyd edib. Çünki böhranı uzadan əsas amil çip fabrikasiyasının infrastrukturunun qurulmasının zaman tələb etməsidir. Bu o deməkdir ki, bu gün qəbul edilən investisiya qərarları ancaq 2028–2030-cu illərdə nəticəsini verəcək.
Dünya bu DRAM qıtlığını həll etmək üçün milyardlarla dollar investisiya edir. ABŞ-ın CHIPS Aktı, Cənubi Koreyanın 10 milyard dollarlıq dövlət kreditləri, Yaponiyanın 7 milyard dollarlıq çip layihələri kimi təşəbbüslərin hamısı gələcəyə hesablanmış addımlardır. Lakin bu addımların meyvəsi 2–3 ildən tez yetişməyəcək.
“Goldman Sachs”-ın hesablamalarına görə, əvvəlki böhranda 169 sənaye sahəsi müxtəlif dərəcədə zərər görmüşdü. Bu dəfə isə yarımkeçirici böhranı yalnız istehlakçı elektronikası ilə məhdudlaşmır.
Kimlər və necə hiss edəcək?
Analitiklər hesab edir ki, qlobal yaddaş çip böhranı 2026-cı ildə sənayenin ən kritik probleminə çevrilib. Bu böhranın istehlakçıya təsiri aşağıdakı üç formada baş verəcək:
• Qiymət artımı: Smartfonlar, notbuklar, TV-lər, routerlər demək olar bütün kateqoriyalarda qiymət artımı artıq başlayıb və 2026–2027-ci illərdə daha da dərinləşəcək.
“IDC"-nin bu il üçün proqnozlarına görə, qlobal smartfon bazarının orta satış qiyməti 14% artaraq rekord 523 dollara çatacaq. Lakin bu orta rəqəm arxasında çox daha kəskin fərqlər gizlənir.
Apple və Samsung kimi premium seqmenti təmsil edən şirkətlər TSMC ilə 12–24 aylıq uzunmüddətli çip müqavilələri bağlayıb. Bu müqavilələr onlara çip ehtiyatını əvvəlcədən təmin etdiyinə görə böhran dövründə qiymət artımlarından bu və ya digər şəkildə qoruyacaq.
• Texniki parametrlərin aşağı salınması: Eyni pula daha az RAM, daha aşağı yaddaş tutumu təklif olunacaq.
Nümunə olaraq TrendForce 2026-cı il hesabatında bildirib ki, “Android brendlərinin orta-aşağı seqmentində yaddaş avadanlıqları ümumi xərclərin 15–20%-ni təşkil edir. Artan yaddaş xərci onları ya qiymət artırmağa, ya da spesifikasiyaları aşağı salmağa məcbur edəcək. 2026-cı ildə baza smartfonların yenidən 4 GB RAM-la satışa
çıxarılması gözlənilir. “iPhone”-un yeni flagman modelinin isə RAM-ı 12 GB-da saxlanılacaq və daha əvvəllər bildirildiyi kimi 16 GB-a çıxarılmayacaq.
• Təkilf paketi siyasətinin dəyişməsi: Bİldiyimiz kimi bir sıra internet provayderləri bəzi tarif paketlərinə "Ödənişsiz modem" daxil edirlər. Ehtimal olunur ki, bu model getdikcə dəyişəcək və öz yerini “icarə əsaslı modem” təklifinə verəcək. Bu B2B sahəsində xidmətlər təklif edən şirkətlərə xüsusilə təsir edəcək. Məsələn, avtopark izləmə xidməti göstərən şirkətlər “GPS Tracker”-ləri şirkətlərə satmaq əvəzinə icarəyə verəcək və kumulyativ gəlirlərin artırılmasına fokuslanacaqlar.
Hər üç ssenari bu və ya digər şəkildə istehlakçının texnologiyaya çıxış üçün ödədiyi faktiki məbləğin artmasına gətirib çıxaracaq.
Məsələn, bir evi internetə qoşmaq üçün provayderlər infrastrukturdakı server, switch və ruterlərdə 7.000-dən çox çipdən istifadə edir.
Bu rəqəm nə deməkdir?
Bir internet provayderin hər 1000 abunəçiyə təqdim etdiyi modemi düşünün. Əvvəllər bu modemin daxilindəki yaddaş komponenti ümumi məhsul dəyərinin 3%-ni təşkil edirdi. İndi isə 20%-dən çoxunu təşkil edir. Yəni bir modem istehsalında yaddaş xərci altı dəfədən çox artıb. Dünya ruter bazarını izləyən “Counterpoint Research” şirkətinin analitikləri açıq şəkildə xəbərdarlıq edib ki, "Yaddaş qiymətlərinin 600% artımı Wi-Fi routerlərin qiymətini kəskin artıracaq.”
Başqa sözlə desək, internet provayderlərin baza xərci kifayət qədər artıb. Bu isə o deməkdir ki, şirkətlər zərər etməmək üçün xidmət modellərinə və qiymət siyasətlərinə dəyişiklik etmək məcburiyyətində qalacaqlar.
Azərbaycanla bağlı hər hansı mənbədə səhih informasiya olmadığı üçün bizim bazarda nə baş verəcəyini demək çox çətindir. Yerli şirkətlər bu sahədə istehsal və xammal tədarükçüsü olmadığı üçün hər 3 ssenarinin (Qiymət artımı, Texniki parametrlərin aşağı salınması, Tarif paketi siyasətinin dəyişməsi) bizdən yan keçməyəcəyini deməyə ciddi əsas verir. Başqa sözlə internet paketlərində artım ehtimalı yüksəkdir.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları